Ümummilli liderimiz Heydər Əliyevin unudulmaz xatirəsinə
Qayıdar
Doğuldu baharda bir bahar kimi,
Əgər bahardırsa, gedər, qayıdar.
Gül açdı yolları laləzar kimi,
Bu yol Haqq evinə yetər, qayıdar!
Onun işığına sığınıb Vətən,
Bir böyük tarixdir başından ötən.
Torpağın altına düşən qızıl dən,
Torpağın üstündə bitər, qayıdar.
Od oldu qəlbinin çırpıntıları,
Ağlı, zəkasıydı dünyanın varı.
Buxara dönsə də çeşmə suları,
Qayıdar, yağışdan betər qayıdar.
Həmişə yaşayır, həmişə sağdır,
Ürəkdə məhəbbət, könüldə şahdır.
Torpağı, məzarı bir qibləgahdır,
Burdan dərd qayıdar, kədər qayıdar.
Ölüm Haqq yolundan düşər didərgin,
Bir od parçasıydı O, sanki Şərqin.
Ruhu üstümüzdə dolanır hər gün.
Haqqın dərgahından ötər, qayıdar.
Olub dərdimiz də, əzabımız da,
Olub günahımız, savabımız da.
Onun ki, ruhu var öz qapımızda,
Dərd gələr qapıya qədər, qayıdar!
Gün kimi gəlmişdi, Günə döndü də,
Gün oldu bizimçün, yerə endi də.
Heydər bir günəşdir, elə indi də,
Baxma Gün qürubda itər, qayıdar.
Kim kimdir bilərdi O, bircə anda,
Kölgələr birləşər Günəş batanda.
Kölgələr qaralıb, Haqqa çatanda,
Günəş kölgələri ütər, qayıdar.
Qaytardı bir böyük elin adını,
Sabirlər yetirən dilin adını.
Məhəbbətlə çəkək gəlin adını,
Ruhu Haqq dərgahın öpər, qayıdar.
O, gündür, bu gündən qabaq olsa da,
O, haqdır, bu dünya nahaq olsa da.
Torağa qarışıb torpaq olsa da,
Dönər bir Günəşə, Heydər qayıdar!
Dahi bu dünyaya gələr, O getməz,
Bir canı itsə də, nişanı itməz.
Dahilərin yolu məzarda bitməz,
Çəkər O məzara çəpər, qayıdar.
Millət bir gün düşər haqqın izinə,
Peşiman olanlar döyər dizinə.
Millət nə vaxt dönüb gəlsə özünə,
Bax… Heydər o vaxta qədər qayıdar.
Bir ümman içində kiçik bir ada,
Gör necə tanındıq ancaq dünyada.
İşıqlı gecələr versə də bada,
İşıq bu zülməti örtər, qayıdar.
Günəş də səmtindən çıxmaz qırağa,
Onun nuru dönər yanar çırağa.
Kamil bağban olsa, solan bir bağa,
O bağa yenə bar, bəhər qayıdar.
Bir ömür dolanıb başa yetsə də,
Ömrün izi qalar, yolu bitsə də.
Bir dağın sinəsi uçub getsə də,
İtməz, ləl qayıdar, gövhər qayıdar.
Kəsilər həsrəti intizarının,
Bahar Haqq yoluna ömür barının.
Dönər düz yoluyla yadigarının,
Getməz heç vaxt boşa, hədər qayıdar.
Bizə loğman oldu dərd illərində,
Açıldı qıfılı lal dillərin də.
Dönər milyonların könüllərində
Mərd rəhbər atası, rəhbər qayıdar!
05 may 2005-ci il