Azərbaycan-Ermənistan sərhədində azğınlaşmış Ermənistan Silahlı Qüvvələri tərəfindən 12–14 sentyabr 2022-ci il tarixlərində törədilən təxribatın qarşısının alınması zaman gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Qədim Xəlilovun dünyaya göz açdığı İsmayıllı rayonu Hacıhətəmli kəndində anım günü qeyd olunub.
Anım mərasimində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun əksər idarə və müəssisələrinin nümayəndələri, kənd sakinləri, şəhidin ailə üzvləri, şəhid ailələri iştirak ediblər. Bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.
Mərasimdə çıxış edənlər Qədimin hərbi xidmətəqədərki çalışqanlıq və vətənpərvərliyini xatırladaraq, döyüşdə göstərdiyi qəhrəmanlıqlardan söz açıb valideynlərinə, yaxınlarına dərin hüznlə başsağlığı veriblər. Çıxışların hamısında şəhidlərin heç zaman unudulmayacağı qeyd olunub.
Hacıhətəmli kənd tam orta məktəbinin şagirdləri vətənpərvərlik ruhlu şeirlər səsələndiriblər.
Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə şəhid Qədim Xəlilov ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.