Ünlü quşlardan biri olduğundan
Qorunur bir çox quş, qartal izlənir.
Ovçunun gözündən yayınanadək,
Ceyranla yanaşı maral izlənir.
Olan olub zülmə bizim tərəfdən,
Güc-qüvvə sarıdan, dözüm tərəfdən.
Xırdalığım olan özüm tərəfdən,
Dəvə boyda olan məlal izlənir.
Od içində alışanı, yananın,
Olmur heç də yıxılanın amanı.
Yersiz sorğu-sual edir insanı,
Bilmir cavabla bir sual izlənir.
Yeri öyrənilir zülmün, nəvanın,
Sınıq olub-olmaması aynanın.
Ritminə uyğun olaraq dünyanın,
Hala göz qoyulur, əhval izlənir.
Salmaq olmur yadı, yamanı başa,
Ki, səbəb olmasın nisgilə, yaşa.
Etibar olunur dosta, sirdaşa,
Düşməndən el-oba, mahal izlənir.
Tamam Nur Tağlabiyanlı