“Ayıb deyilmi?”. Bu ifadəni yanlışına rast gələndən sonra nağıllarda deyildiyi kimi, ayağıma dəmir çarıq, əlimə əsa alıb axtarışa çıxdım. Fikrim aydın olsun deyə söhbətimə əvvəldən başlayım. Vaxt vardı ki, bu kəlmə xüsusilə böyüklərimizin dilindən qətiyyətlə, həm də yıxılanın amanı kimi səslənirdi. Sözün əhatə dairəsi o qədər böyük olmasa belə, hökmü kəskin idi. Davranışı, geyimi, münasibətləri, böyük-kiçik yerini, kişilər üçün təmkini, qadınlar üçün evdarlığı və s. əhatə edən bu kəlmənin içərisində fəxr etdiyimiz mənəvi dünyamız, milli-mənəvi dəyərlərimiz, adət-ənənəmiz hökmranlıq edərdi. İndi müşahidə etdiklərimi söyləyəcəm və yəqin ki, çoxlarınız mənimlə həmfikir olacaqsınız.
Qayıdaq “ayıb deyilmi?” ifadəsinə. Bu sözün qeyri-qanuni yasaqları yəqin ki, həssas insanların çoxuna məlumdur. Kiminsə qeyri-etik hərəkətlərini, çərçivəyə sığmayan davranışını görüb, söz demək istəyəndə ağzının üstündən elə vururlar ki, danışmağına peşman olursan.
Bazarda alış-veriş edərkən satıcının diqqətimin yayınmasından istifadə edərək torbaya çürük meyvəni qoymasına irad tutanda «ayıb deyilmi?» söyləyib fikrimi yanıltdı. Həm də bu mötəbər sözün hökmü məni razı saldı. Demək ayıbın nə olmasını bilənlər var. Evə gələrkən isə… Gördüklərim satıcıya inandığım üçün özümü danlamağa səbəb oldu. Demək söz yenə də yad libasda, təhrif olunmuş formada təqdim olunubmuş.
Yəqin ki, bu fikirlərimi oxuyanlardan mənə irad tuta bilənlər olacaq. Lakin hər şey göz qabağındadır. Yalnız retuz (corab) və kiçik kofta geyinib şəhərə çıxan kifayət qədər kök qadınlar, qarnının çox hissəsi çöldə qalan gənc qızlar, böyük-kiçik tanımayan yeniyetmələr, cırıq şalvarı mədəniyyət sayanlar ailəni oyuncağa çevirənlər bu sözün varlığından yəqin ki, bixəbərdirlər. Mətbəxindən yemək qoxusu gəlməyən evlərin sayı gündən-günə artmaqda davam edir. Süfrələri ev sahibəsinin bişirdiyi löyün-löyün yeməklər deyil, kənardan sifariş edilmiş yeməklərin karton və plasmas qutularındakı «nemətlər»i bəzəyir. Qəribə burasıdır ki, bu yeməkləri sifariş edənlərin əksəriyyəti işləməyən evdar qadınlardır.
Təcili Tibbi Yardımda işləyən tibb bacısının danışdığı bir əhvalat heyrətimə səbəb oldu. Azyaşlı uşağın xəstələnməsi barədə çağırış gəldi. Ünvana yollandıq. Kifayət qədər dəbdəbəli bir ev idi. Evin xanımı uşağı xəstələndiyi üçün təşviş keçirirdi. Həkimin «nə yeyib?» sualına o, tantuni – deyə cavab verdi.
Həkim onun üzünə baxıb:
– Ev yeməyi yemir bu uşaq? – deyə soruşdu.
– Yox, onun yediyi yalnız elə yeməklərdir.
– Belə olmaz – deyən həkim başını bulayıb sözünə davam etdi.
– Yaxşı bir şorba bişirib uşağa yedirt. Həm də qoy tərləsin. Zoğal mürəbbəsi əlavə olunmuş çay pis olmaz.
Qadın onun üzünə baxaraq:
– Elə bu gün, indi? – deyə soruşdu.
– Əlbəttə, elə indi, bu dəqiqə edin, – dedi.
Qadın fəxr edirmiş kimi:
– Bizim evdə elə ərzaqlar olmur, biz yeməyi sifariş edirik, – deyib, qürurla çox uzun boyalı dırnaqlarına baxdı.
– Evdə heç kartof-soğan, bir ovuc düyü də yoxdur?
Qadın yenə eyni ahənglə:
– Dedim axı, biz yeməyi sifariş edirik, evdə bişirmirik.
Belə. İndi deyin, ayıb sözü qapısı, pəncərəsi onun üzünə bağlanmış bu mənzilə necə daxil olsun? Zorluqla yeriyən yaşlı bir adama kömək etmək əvəzinə, onu yamsılayıb gülüş yaradan uşağa necə başa salasan ki, ayıbdır. Gündən-günə artan boşanmalara səbəb kimi gətirilən fikirlərə, iradlara hansı dildə ayıbı başa salasan? Geyimin bir tək ona deyil, həm də cəmiyyətə dəxli olduğunu qadına, qıza, az qala makiyaj edən oğlana necə anladasan?..
Ayıb deyilmi? – sözünə bəraət verib onu cəmiyyətə qaytarmağın vaxtı yetişməyibmi?! Vallah, belə getsə, biz biz olmaqdan tamamilə uzaqlaşacağıq.
Rəfiqə Sadıqova,
“Gəncənin səsi” qəzetinin baş redaktoru