Aşağı siniflərdə oxuyanda məktəblilərin yay tətilinə buraxılmasını, babamgilə getməyi səbirsizliklə gözləyirdim. Əvvəlki illərdə olduğu kimi, bu yay tətilini də babamgildə keçirmək arzusundaydım. Nəhayət, gözlədiyim gün gəlib çatdı. Ailəliklə babamgilə gəldik.
Babam üçün çox darıxmışdım. Onu görcək çox sevindim. Həyəcanla boynunu qucaqladım. Eyni qaydada nənəmlə də görüşdüm. Nədənsə, kəndə gələrkən zamanın durmasını, heç irəliləməməsini istəyirdim.
Nənəm ağacın altında süfrə açmışdı. Ətraf olduqca gözəl idi. İnsanı məst edə biləcək xəfif-xəfif əsən küləkdən yarpaqların xışıltısı eşidilirdi. Azca aralıdan axan arx suyunda qazlar üzür, bağçada açan rəngbərəng çiçəklərin üzərində çiçəklərin özü qədər əlvan kəpənəklər uçuşurdu.
Nahardan sonra babamın emalatxanasına getdik. Babam gəmi mühəndisi idi. Atam da o peşəni seçmişdi. Emalatxanadakı biri-birindən gözəl, balaca gəmilər göz oxşayırdı. Hər gəminin də öz adı vardı. Təkcə bir gəmi adsız idi. Ona ad qoyulmamışdı. Babamdan: Nədən bu gəminin adı yoxdur? – deyə soruşdum.
Babam gülümsünüb: Can bala, ona da bir ad qoyarıq, – dedi.
Babama burada olarkən vaxtımın, zamanımın çox xoş keçdiyini bildirəndə o, sevincək halda:
Əla! Bu gəminin adı qoy elə “Zaman” olsun, ağıllı balam. Düzdür, bu gəmi olduqca balacadır, amma dünyada ən böyük gəmi elə zamanın gəmisidir. Biz hamımız o gəminin sərnişinləriyik. O gəmi bir istiqamətə üzür, sərnişinlərini isə iki limana – sağdan cənnətə, soldan cəhənnəmə çatdırır. Zamana yetərincə dəyər versək, çox güman ki, sağdakı limanın sərnişinləri sırasında olarıq.