Kələzeyvə kəndi Sulut kənd İƏD üzrə nümayəndəliyin ərazisində yerləşən qədim tarixə malik olan kəndlərdən biri kimi tanınır. Kələ sözü fars dilində böyük yaşayış məntəqəsi mənasını verir. Zeyvə sözü isə ərəb dilindəki “zaviyə” sözündən olub hücrə, ibadətgah, guşə mənasını bildirir.
Zeyvə adlı məntəqələr adətən İslam dininin tüğyan etdiyi vaxtlarda ömürlərini ibadətlə keçirən ruhanilər üçün salınmış yaşayış məntəqələridir. Buradakı qədim qəbristanlıq e.ə VI əsrə aid olduğu ehtimal olunan məqbərə kəndin qədim tarixə malik olduğunu sübut edir. Hətta ətraf kəndlərdə rəhmətə getmiş şəxslərin burada dəfn edilməsi bir daha onu göstərir ki, Zeyvə ətrafda olan kəndlərdən daha böyük yaşayış məntəqəsi olmuşdur.
Kənd əhalisi əsasən heyvandarlıq və bağ- bağat işləri ilə məşğuldurlar. Kənd ərazisində bir neçə bulaq vardır ki, bu bulaqların suyu, xüsusən də yay aylarında sərinliyi ilə seçilir. Kəndin dörd bir yanı dağlardan və meşələrdən ibarətdir. Zeyvənin üst hissəsində bu dağların qoynunda gözəl mənzərəsi olan şəlalə göz yaşı kimi şəffaflıqla axaraq kəndin içərisindən keçən Zeyvə çayına tökülərək Sulut çayına qovuşur.
Kənd əhalisi hər zaman qonaqpərvərliyi ilə yanaşı, qəhrəmanlıqları ilə də seçilmişlər. Bunun nəticəsi olaraq kəndin Böyük Vətən müharibəsi iştirakçıları, Qarabağ müharibəsi iştirakçıları və bu döyüşlərdə vətən üçün canlarından keçən şəhidləri vardır.
İsmayıl Faxtiyev