İsmayıllıda 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Təhsil Sektorunun birgə təşkilatçılığı ilə şəhərin 6 nömrəli tam orta məktəbində keçirilən tədbirdə RİH başçısının müavini Sevil Əhmədova, rayon ziyalıları və təhsil işçiləri iştirak edib.

Tədbirdə öncə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda videoçarxa baxılıb.

Tədbiri giriş sözü ilə RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova açaraq bildirib ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Qeyd edib ki, Ümummilli liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. 2003-cü il yanvarın 2-də isə ulu öndər Heydər Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib.

Çıxış edənlər qeyd edib ki, artıq 22 ildir ki, ana dilimizlə bağlı bu əlamətdar gün rəğbət, ehtiram və vətəndaşlıq qüruru ilə qeyd edilir. Ana dili və əlifbası hər bir xalqın milli sərvəti, varlığının təsdiqi və kimliyidir. Azərbaycan xalqının başqa sərvətləri kimi, əlifbası və dili də zaman-zaman yadelli işğalçıların təzyiqinə məruz qalsa da, millətin öz taleyinə sahibliyi və dilimizin zənginliyi onun məhv olmasına imkan verməmişdir.

Qeyd olunub ki, Ümummilli liderin ideyalarını layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə böyük həssaslıqla yanaşır. Azərbaycan dilinin və əlifbasının qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün və gələcəyimizin ən zəruri məsələlərindəndir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbədən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir