Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkənin bütün regionlarında olduğu kimi, İsmayıllıda, o cümlədən rayonun qəsəbə və kəndlərində də abadlıq, quruculuq işləri davam etdirilir.
Rayonun küçə və qəsəbədaxili məhəllələri abadlaşdırılır, intensiv hərəkət yolları asfatlanır, küçələrə bardürlər düzülür, yolların kənarlarına həmişəyaşıl ağaclar, kollar əkilir, sakinlərin asudə vaxtlarının xoş, rahat keçirmələri üçün çoxmənzilli yaşayış binalarının həyətləri yenidən qurulur.
Son günlərdə İsmayıllı rayonunda görülən və Cülyan kəndinin mərkəzi küçəsindən istifadə edənlərin sevincinə səbəb olan iş həmin küçənin asfalt örtüyü ilə örtülməsidir.
44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi Teymur Osmanlının adını daşıyan küçənin asfaltlanması həm də şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsidir. Yolu bu küçədən düşənlərin hər biri ölməz şəhidimizin ruhuna dualar səsləndirir.
Qeyd edək ki, rayonun digər kəndlərində də yol infrastrukturunun yenidən qurulması işləri aparılır, təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.
“İsmayıllı xəbərləri”