Dahi şairimiz Səməd Vurğunun ormanlar içində tanıyıb, bildiyi, bir baxışda ona insanın vurulduğunu deyən, Günəşin o yerlərdə atına qalxıb göylərin yeddi qatına yüksəldiyindən bəhs edən, dərələrini göylər qədər dərin, baxdıqca insanın gözü qaraldığını, şair olmayanın bu yerdə şair olub xəyallara daldığı kimi, bizlərə və gələcək nəsillərə tanıtdığı İsmayıllı rayonunun Talıstan kəndinə yol alıb gedirdim. Özü də payi-piyada bu yolun axarına düşmüşdüm. Nə meşəsini gəzməyə, nə də göylərin yeddi qatında at çapmağa, nə də xəyallara dalaraq şair olmaqdan ötrü qapımdan çıxmamışdım, yola düzəlməmişdim. Əlimə bir dəftər, bir qələm alıb evdən çıxmşıdım ki, rəşadəti, hünəri, cəngavərliyi ilə fəxr mənbəyimiz olan, vicdanını səfərbər edib, səfərbərliyin qorxuda bilmədiyi, cəbhəyə, orduya sarı ürəyi, qəlbi atlanan, qəzəbi, nifrəti ilə düşmən dənizini qurudub, suyunu göylərə çəkən igidlərimizdən biri – Bədəlov Cavidan Zaur oğlunun şəhid ruhuna səs verəm; –

-Bədəlov Cavidan (cavidan – fars sözü olub əbədiyaşar, ölməz mənasındadır) Zaur oğlu 28 mart 1996-cı ildə yuxarıda adını çəkdiyim kənddə doğulub, boya-başa çatıb. 2002-ci ildə Elşad Bayramov adına tam orta məktəbinin birinci sinfinə getmiş 2014-cü ildə XI sinfi bitirdikdən sonra sənədlərini Heydər Əliyev adına Hərbi Akademiyaya vermiş, fəal oxumaqla bütün sınaq və imtahanlardan layiqincə çıxmışdı. Anası Gülxıs Bədəlovanın dediyinə görə: bu yolun şərəf və qürur yolu olduğunu deyən balam ali generaldan adi əsgərə qədər torpağa, Vətənə borclu olduğunu deyib silaha sarılmışdı. Əzmkarlığı, qeyrəti ilə meydanlarda minlərlə bayraq dalğalandıran bu xalqın oğluyam deyib düşmənə sərt üz göstərməkdən ötəri düşmənlə üzbəüz idi – deyir övladım. Soruşanda ki, balanızın könlündən keçəni, ürəyə yatımlısı var idimi görən? Ana: –

Vətən sevdalıydı, Vətəndən, eldən savayı,

İnanmayıram hardasa gözaltısı var balamın.

Üstə durub, dayandığı torpaq isti saxlayardı,

Ona görə üşütməzdi ayağını qar balamın.

Nümunəvi kursant olduğuna görə Cavidanı kəşfiyyat bölüyünə seçib götürmüşdülər. O, Akademiyanı bitirdikdən sonra (düşmənin burnunu ovmaqdan ötəri idmanla da  məşğul olurdu – deyib ana hönkürdü) hərbi xidmətini Kəlbəcərdə davam etdirmiş, taqım komandiri kimi kəşfiyyatın bütün çətinliklərinə sinə gərərək, 44 günlük Vətən müharibəsi başlayanda münaribənin ən qızğın və qaynar nöqtəsində – Murov dağının, Kəlbəcərin alınmasında xüsusi qəhrəmanlıq göstərmişdi.

Pis xəbərə sevinməyə qulağı var yad, yalanın,

Eşidər qol-qanad açar fəryadım mən ananın.

Məqamı, yeri düşəndə şirindillim, mehribanım,

Necə deyim gülü solub, olub bağı xar balamın??? – deyərək, şəhidimizin anası qəhərlənir təkrar.

Ayağından yara almasına baxmayaraq yenə də, yenə də döyüşdən imtina etməmiş, düşməndən qisas almaq niyyətilə yanıb, tutuşmuşdu. Müharibə başa çatandan sonra Cavidan qardaş ölkəyə – Türkiyəyə “Komando” kursuna göndərilmiş, o, sözügedən kursda da öhdəsinə düşən tapşırıqları layiqincə yerinə yetirmişdi. Nailiyyətlərinin davamı olaraq neçə-neçə Fəxri fərmanlara layiq görülmüşdü…

Müharibədən sonra düşmən təxribatları yenə də davam etməkdə idi. Bu hal, bu vəziyyətlə də balam barışa bilməyirdi – deyir Gülxıs ana. Neçə dəfələrlə hərbi hissə komandirinə yaxınlaşıb tələb etmişdir ki, məni döyüşə göndərin, düşmənə layiq olduğu dərsin yenə də verilmə vaxtıdır – demişdi. Sonuncu dəfə sentyabr ayının 12-13-də 2022-ci ildə törədilən təxribatın qarşısını almaq məqsədilə komandir kimi döyüşə girmiş, Mübariz İbrahimov yolunu getməklə dörd düşmən postunu məhv etmiş, on beş güllə yarası alsa belə yıxılmamışdı. Xocalı soyqırımında iştirak edən snayperçi qatil  Suzanna və başqalarının məhvində hünər göstərmiş, Xocalı faciəsinin qisasını almışdır. Düşmənə tutarlı cavablardan sonra Cavidan şəhadətə qovuşub.

“N” saylı hərbi hissənin taqım komandiri, baş leytenant Bədəlov Cavidan Zaur oğlu Vətən, torpaq uğrunda elə bir qəhrəmanlıq göstəribdir ki, onu biz ancaq və ancaq filmlərdə görmüşük. Göyçə və Bala Göyçənin də alınmasında Cavidanın qəhrəmanlıqları, şücaəti tarix, zaman boyu onu yaşadacaq.

Şəhidimizin atası Zaur Bədəlov balasının yaralı olub düşmənin üstünə dirigözlü, ayaq üstə getdiyindən fəxrlə: – Balam qəhrəman şəhiddi – deyib, baş ucalığı ilə öyünür. Aldığı həmin posta da balamın adı verilib – deyir. Ölümündən sonra “Bayraq” ordeni, “Vətən uğrunda” medalıyla təltif olunub.

Ulularımızın qan mirası kimi tanınan bu gözəl məmləkətin, bu gözəl Vətənin bir parçası olan İsmayıllı rayonunun Talıstan kəndində idim. Geriyə dönənlərə ar olsun deyib irəliyə – səngərə ayaq basıb mərdanəlikləri ilə əbədiyaşar, ölməz, silinməz tarix yazan, əbədiliyə qovuşan Cavidanın ailəsində oldum. Məzarının ziyarətinə üz tutmuşdum. Kişilik rəmzi olan oğullarımızdan biri ölməz Cavidandan deyib, yazmağı (şair olmasam belə) özümə borc bilərəkdən evimdən çıxmışdım: –

-Başa qara geyindirib qərq etməsi olur yasa,

Baxmır dərd-qəm xahişimə, əməl etmir iltimasa.

Görürlər ki, yoxdu balam, gedib bitiblər hardasa,

Balamdan sonra tanımır bağçasını bar balamın. – deyən ananın, atanın az da olsa təskinliyi olmağa, Cavidan davamçısı olan qardaşın, qardaş nisgili olan bacının nisgilinə şərik çıxmağa.

Cavidan balamızın qəbirüstü (bər-bəzəkli, təmtəraqlı evdən heç də seçilmir) ziyarətimdən də onu deyə bilərəm ki,  gülü-çiçəyi solmaq bilməyən, tez-tez ab-havası ana tərəfindən dəyişdirilən bu şəhid məzarı şəhid anasına sanki belə deyirdi: –

Dərd eləmə məzarımı, məzarda,

Şəhid tapır aydınlığa yol, ana.

Baş ucaldan, üz ağardan əməllə,

Tarix yazıb, qoydum imza, qol, ana.

 

Deyirsən tər qalsın, solmamış olsun,

Gözündən kənarda qalmamış olsun.

Məzarım üstündə olmamış olsun,

Yoxdu elə çiçək, elə gül, ana…

 

Düşməni qanına bələmiş olub,

Başına od-alov ələmiş olub.

Sənə can sağlığı diləmiş olub,

Dedim salamat qal oba, el, ana!

Allah şəhidlərimizə rəhmət eləsin. Amin!

Tamam Nur Tağlabiyanlı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir