“O mənim sözümdür, mənim səsimdir” şeirlər kitabı Surə Ziyadqızının oxucularla sayca 7-ci görüşüdür.
Vətənə məhəbbət, doğma yurda bağlılıq, sevgidə paklıq, dostluqda sədaqət, təbiətə, insanlara sevgi, həyatda düzlük və mübarizlik, səmimi duyğuların poetik təsviri kitabda cəmlənmiş şeirlərin qaynaqlandığı mənbələrdir.
Yeni kitabını oxuculara təqdim edən müəllif yaradıcılığına davam etdikcə daha səylə çalışır, oxucularını nikbin ruhlu şeir, qəzəl və mənsur şeirlərlə sevindirir. Şeirlərdəki dil sadəliyi, fikir və ifadələrin səmimiliyi müəllifi oxuculara bir qədər də yaxınlaşdırır.
Çağdaş yazarlarımızın sırasında öz poetik üslubu ilə seçilən S.Ziyadqızının poeziyası öz həyati duyğusallığı və koloriti ilə zamanın həyat səhnəsini özündə əks etdirir.
Təbiət qapısın açıbdır mənə,
Yaşıl xalısını sərib çəmənə.
Quşlar nəğməsini oxudu yenə,
O mənim sözümdü, mənim səsimdi…
Kitabdakı şeirləri üç bölmədə oxucuya çatdıran müəllif ilk bölməyə, sevgi-məhəbbət, sonrakı bölməyə isə Vətən, xalq sevgisindən doğan şeirlərini daxil edib. Üçüncü bölmədəki şeirlər toy, şənlik sədalı olduğundan daha diqqətçəkəndir. Müəllif bu bölmədə şifahi xalq ədəbiyyatından bəhrələnərək yeni poetik nümunələr yaratmışdır. Çox güman ki, bu nümunələr toy-nişan mərasimlərində özünə vəsiqə qazanacaqdır:
Xınası yar əlində,
Qırmızısı belində.
Çiçəkləri telində,
Şirin sözlər dilində.
Ay qız, toyun mübarək,
Gəlin, toyun mübarək!
Biz də Surə Ziyadqızına yeni kitabın mübarək deyib, ona yeni yaradıcılıq uğurları diləyirik.
Nəsib Abid,
şair-publisist