Son aylarda işıq üzü görən və İsmayıllı ədəbi mühit ilə əlaqəsi olan yeni nəşrlərdən biri “Aşıq Pəri” məclisi üzvlərinin şeirləri çap olunmuş “Sevgi dünyası” adlı antalogiyadır. Antalogiyada İsmayıllıda yaşayıb-yaradan qələm sahiblərindən Gülxar Cəbiqızının və Zərifə Ağayusiflinin şeirlərinə də yer verilib.
Bu qələm sahiblərinin hər ikisi “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin üzvüdür. G.Cəbiqızı Lahıc qəsəbəsində, Z.Ağayusifli isə İsmayıllı şəhərində yaşayır.
Ürəyi yazıb-yaratmaq eşqi ilə döyünənlərin sevgi dünyası sərhəd bilmir. Hər müəllifin bir şeirini oxucularımıza təqdim edirik:
Burax
Ya dindir qəlbimi, ya da ki, unut,
Burax, həsrətinlə qalım baş-başa.
Başqa ünvana get, başqasını tut,
Özgə sevgilərlə ömrünü yaşa.
Qısqanclıq sevgiylə üz-üzə duran,
Səhəri geçikən gecə kimidir.
Qısqanclıq hər şeyi dağıdan, qıran,
Qısqanclıq kimsəsiz küçə kimidir.
İçində gizlənən nifrətin qədər,
Mənim sədaqətim, sevgim aşkarmış.
Demək sənli günlər hədərmiş, hədər,
Sənsiz bir ömür də qabaqda varmış.
Dandırma özümə öz sevgimi sən,
Dağılsın başımdan dumanım, çənim.
Burax, qoy asılım öz həsrətimdən,
Hissimə, duyğuma yük olma mənim.
Gülxar Cəbiqızı
Yaxam dərd əlindədir
Açmır məni toy-düyünlər,
Gülə-gülə çürüyürəm.
Kədərimi körpə kimi,
Əzizləyib, bürüyürəm.
Sağla verib, solla alan,
Qədər deyib yola salan,
Son anımda mənə qalan
Kəfənimlə yeriyirəm.
Gözümdəki yaş, sudumu,
Yanağım yaş, qurudumu?
Hara getsəm tabutumu
Öz arxamca sürüyürəm.
Körpələri yetim qoyan,
Kədəriylə ürək oyan,
Mən doymamış məndən doyan
Dünya qəmin kürüyürəm.
Zərifəyəm gözü toxam,
Adda varam, üzdə yoxam,
Dərd əlində qalıb yaxam,
Gilə-gilə əriyirəm.
Zərifə Ağayusifli