Aşıq yaradıcılığı Azərbaycan ədəbiyyatının əhəmiyyətli hissəsini təşkil edərək İlahinin bizə verdiyi  ən böyük nemət və sərvətdir. Bu ulu və müqəddəs sənət zamanından, məkanından və kimliyindən asılı olmayaraq qəlbimizə qürur, ruhumuza qida verir. Həyatda bu cür insanlar öz ömür yolunu şərəf və ləyaqəti ilə başa vurmaq üçün ciddi-cəhd göstərir, istedad, düşüncə və məslək sahibinə çevrilmək arzusunda olur.

Qədim zamanlardan bu yana saz-söz sənəti ilə məşğul olan aşıqlar el arasında ən hörmətli, nüfuzlu, mötəbər insanlar olmuşlar. Aşıq el sənətkarıdır. Onlar həm şair, həm bəstəkar, həm rəqqas, aktyor, həm də nağılçıdır. Xalqın sevilən təmsilçiləridir.

Tanınmış el aşıqlarımızdan biri də Azərbaycanda, eyni zamanda başqa dost ölkələrdə sayılıb-seçilən, hörmətlə tanınan, sənətinin kamil bilicisi, ustad aşıq Yanvarın (Allah rəhmət eləsin) şəyirdi olmuş Aşıq Elman Məlikməmməd oğlu Mehdiyevdir.

Elman Mehdiyev rayon tədbirlərində, el şənliklərində ürəkləri ruhlandırır, çalıb, oxuyur. Bilməyənlər üçün deyim ki, Elman Vətən yükünü daşımağa, boynunu vətən məsuliyyətinin altına almağa həmişə hazır olub. O, el üçün yaşayıb, el-obası üçün şama çevrilib. Orta Asiya, Dağıstan, Türkiyənin Kars şəhərində “Aşıq Şenlik” festivalı, Qazaxıstanın Nursultan şəhərində “Türkdilli xalqların folklor festivalı”, bir çox başqa yerlərdə uğurlu çıxışlar etmişdir. Elman Mehdiyevin haqqında “Talıstandan gələn səs” adlı sənədli film  çəkilmişdir. O, radio efirlərində, televiziya proqramlarında, bir vaxtlar Xalq şairi, rəhmətlik Zəlimxan Yaqubun təqdimatında “Dastanlardan gəlmişik” proqramının dəfələrlə qonağı olmuşdur. Mədəniyyət kanalında, Aşıqlar Birliyinin sədri, folklorşünas Məhərrəm Qasımlının təqdimatında “Saz və söz axşamı” proqramının demək olar ki, hər dəfə nəğməli qonağı olurdu. Elman həmişə deyirdi ki, hansı işi görürsən gör, ən yaxşısını etməyə çalış. Elman nə qədər sazı sevirsə, torpağı, meşələri, dağları, çayları, təbiətin bizə bəxş etdiyi füzunkar gözəllikləri də bir elə çox sevir. Elman demək olar  bütün xalq dastanlarımızı əzbər bilir…

Qəflətən necə oldusa bu yaxınlarda Elman xəstələndi. Komaya düşdü. Dünya başına fırlandı, hər şey onun üçün heçə endi.

Hamı, dost-tanış narahat, üzgün, özü isə çox gərgin idi… Xəstəxanada baş verənlər dost-tanışlarını, Elman sevələri ümidsiz etmişdi. Elman bir müddət İsmayıllı Mərkəzi Xəstəxanasında yatdı, müalicə aldı. Uzun müalicədən sonra həkimlərin səyi nəticəsində  bütün gərginliklər aradan qalxdı. Elman yavaş-yavaş özünə gəldi, sanki möcüzə nəticəsində danışa bilməyən, dili söz tutmyan, ayağı sözünə baxmayan Elmana yeni güc, qüvvə gəldi. Şükürlər olsun ki, Elman peşəkar həkimlərin Vidadi Rəhimov, Fuad Cəbrayılov, Nüşabə Salehova, Nərgiz Rəhimova, baş tibb bacısı Şəhla xanım Əsgərova sayəsində yenidən həyata qaytarıldı. Elman bu gün özünü  çox yaxşı hiss edir. Fürsətdən istifadə edərək onunla görüşdük, bir daha səhhəti ilə maraqlandıq, söhbət etdik, dedik, güldük. Söhbət əsnasında Aşıq Elman söylədi:

– Mən fədakar həkimlərin sayəsində ölümün pəncəsindən xilas olmuşam. Mənim sağalıb, həyata qayıtmağıma heç kəs inanmırdı, özüm də sanki bununla barışmışdım. Xəstəni işıqlı həyata qaytaran, zamanın sərt, amansız bəlalarından xilas edib ona günəş kimi, su və hava kimi həyat verən insanın – həkimin əməlləri müqəddəsdən də müqəddəsdir. Onu sizə bildirirəm ki, bəzən bəzi həkimlərin ünvanına xoşagəlməz sözlər deyilsə də, mən bunları qəbul etmirəm, bildirməyi özümə borc bilirəm ki, məni müalicə edən Nüşabə həkimə, baş tibb bacısı Şəhla xanıma, Nərgiz həkimə, xüsusilə Vidadi və Fuad həkimlərə minnətdarlıq və təşəkkürdən başqa bir şey verməmişəm. İnan ki, möcüzə əsasında bu həkimlərin gecə-gündüz üzərimdə işləmələri ilə sağ qaldım. Həyata qayıtdım, yenə də həkimlərə minnətdaram, təşəkkürlər edirəm. Dostlar da sağ olsunlar, mənə ürək-dirək çox verdilər. Tez-tez yoxladılar, kefimi soruşdular, baxın. bütün bunlar mənə güc-qüvvə verdi. Çalışdığım İsmayıllı rayon Mədəniyyət Mərkəzindən Həsrət, Araz, Tofiq müəllimin, xüsusilə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Sahibə Abdullayevanın, müğənni dostum Qalib Gülalıyevin mənə göstərdikləri qayğı və sayğıya görə çox-çox təşəkkürlər edirəm.

Açıq deyim ki, Mərkəzi Xəstəxanada müalicə alarkən “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin bir qrup üzvü məni ziyarət etdi. Məni yeni-yeni şeirlərlə “doyuzdurdular”, mənə birliyin 16 nömrəli vəsiqəsini təqdim etdilər. Baxın, bunlar mənə sanki yaşamağa ruh verdi.

Bu ağır vaxtlarda daha kimlər Sizə dayaq oldu,  sağlamlığınız üçün çalışdı?

– Yenə də dostlar, qohumlar, qardaşım, təşəkkür edirəm hər birinə.  Bir daha borc bilirəm ki, təbiətin elmi atası Hipokrat  “həkim –incəsənət işçisidir”– demişdir. Bu kəlamda böyük həqiqət var. Həkim gərək dava-dərmandan, bıçaqdan daha çox, həssaslığa, sözləri, hərəkətləri xəstədə özünə inam yarada bilsin. Həkim musiqi kimi, ana südü kimi, dağ günəşi kimi, sərin bulaq suyunun şırıltısı kimi, xəstənin ruhuna hakim kəsilsin. Məni müalicə edən həkim – Nüşabə xanım belələrindəndir. Ona görə onların möcüzəsi əsasında sağala bildim. Bir də , çox sevimli, istəkli, hörmətli millət vəkilimiz Novruzəli Aslanovun mənə şəxsi yaxınlığı ayağa qaldırdı. Bütün ismayıllılar, şəxsən öz adımdan sevimli millət vəkilimizə dərin təşəkkürümü çatdırıram.

– Bildiyimdən Siz Respublika xəstəxanasında və insult bərpa mərkəzində də müalicə almısınız, bu barədə nə deyərdiniz?

– Bəli, hər iki xəstəxanda müalicə almışam. Hər iki xəstəxananın rəhbərliyinə, həkim kollektivinə dərin təşəkkür edirəm. Qeyd etməyi borc bilirəm ki, ilkin müayinələrim düzgün aparılıb. Bunu İnsult Bərpa mərkəzinin həkimi Nuran həkim məni müayinə zamanı dəfələrlə təkrarlayıb. Odur ki, Nuran həkimə,  başçılıq etdiyi kolletivinə və İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Vidadi Rəhimov başda olmaqla bir daha təşəkkür edirəm.

– Dünyamız bir qədər narahatdır, müxtəlif xəstəliklər, dava –dalaşlar var, insanlıq bir qədər azalıb bu barədə nə söyləyərdiniz?

– İnsanın bədəni saf  dəniz təkidir. Nə xılt olsa vurub qırağa çıxardır. Amma bugünki xəstəlikləri  yenə həkimlər sağaldır. Müqəddəs adlarını, geydikləri ağ xalatları kimi ləkəsiz saxlayan həkimlər. İsmayıllı rayon Mərkəzi Xəstəxananın rəhbəri Vidadi Rəhimov başda olmaqla bütün həkimlər. İnsanlıq, qanacaq oxumaqla deyil, onun kursu da yoxdur. Gərək əxlaqla, şüurda, əməldə düz olasan. Düzlük olan yerdə dava-dalaş olmaz.

Çox çətin anlar yaşamış və görmüş bir insan kimi sonda nə demək istərdiniz?

– Allahıma şükürlər edirəm. Möcüzə əsasında, yuxarıda Allah, aşağıda həkimlər və sevdiklərim insanlar yaşatdı məni. Bu gün həyatda olmağım əsl möcüzədir. Yüzlərlə, minlərlə həyatın sınağından çıxmış misallar çəkərdim, amma ehtiyac duymuram. İnsan təbiətin övladıdır. İnsanda çox yüksək, nəcib, ali keyfiyyətlər olmalıdır. Fani dünyadır, dünya yerində qalandır, özümüzlə bu dünyadan köçəndə heç nə aparmayacayıq. İki xoş sözdən başqa…

Bir daha Sizə, məni sevənlərə, adlarını çəkdiyim insanlara minnətdarlığımı bildirirəm ki, məni yaşatdınız. Var olun, hər zaman!

Bütün ömrüm boyu Sizlərə borcluyam!

– Aşıq Elman, biz də Sizə təşəkkür edirik, möhkəm  sağlam ömür arzulayırıq! Tezliklə tədbir və şənliklərimizdə olasınız, İnşallah!

Hacıməmməd Məmmədov

        

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir