Elə yağış yağır ki…
Elə yağış yağır ki,
tut ucundan göyə qalx.
Bəlkə, zəng edim sənə?!
Sənlə söhbət etməyə
bəhanə tapmışam, bax.
Danışım bu yağışdan, ildırımdan, doludan…
Yaman göy guruldayır, qorxdum, qayıt yolundan.
İldırımın səsindən qısılıram divara,
Pəncərədən baxıram göydən yağan daşlara.
Sanki yağır o daşlar ürəyimin başına,
Bu yağış da bənzəyir qəlbimin göz yaşına.
Bilirsən neçə dəfə telefona baxmışam?!
Birdən sən zəng edərsən,
Kimsə duymasın deyə qulaqcığı taxmışam.
Neçə dəfə nömrəni yazıb, yenə silmişəm…
Bəlkə də, milyon dəfə səhifənə girmişəm.
Necə dözürsən axı, bəlkə, orda gün doğur?
Bir şəkil paylaşmışam, bax, necə yağış yağır!
Ehh, niyə axı girib yatağıma yatmışam?
Elə bir selə düşüb, lil içində batmışam.
Çıxım dəli yağışda bir az çimim, doğrusu,
Qorxma, xəstələnmərəm…
Onsuz da islanmışın yağışdan nə qorxusu…
Turac Hilal
Bəs eləmir
Bu dünyada arzulara çatmağa,
Ömür bəs eləmir, yaş bəs eləmir.
Pulun başındaymış hər şey, sən demə,
Ürək bəs eləmir, baş bəs eləmir.
Hər ürəyə düşmür haqqın işığı,
Yox daha, düzlüyün, haqqın aşiqi.
Qızıldan olsa da qabı, qaşığı,
Bölən elə bölür, aş bəs eləmir.
Payımız yox boşalandan, dolandan,
Gözümüz tox açılandan, solandan.
Dərs almırıq tarix boyu olandan,
Başımıza düşən daş bəs eləmir.
Ağrımız, acımız azalan deyil,
Çünki Haqdan gələn, yazılan deyil.
Şair, sözlə dünya düzələn deyil,
Min dəfə söyləsən: “Kaş…”, bəs eləmir.
Nazir Ziya Talıstanlı
Vaxtsız qonaq
Yollarımda duman qatı,
Mənzilim də çox uzaqdı…
Bu zamanın köhlən atı,
Sanki axsaq bir ulaqdı.
Hanı yazın çiçəkləri?
Ətir saçan ləçəkləri?
Mənə dəyən küləkləri,
Üzümə sərt şapalaqdı.
Payız üzü qışa gedir,
Ağlım çaşa-çaşa gedir,
Ayaqlarım boşa gedir,
Sanki dünya başayaqdı…
Çox yaxındır, göylər mənə,
Nə istəsə eylər mənə,
Bulud karvan əylər mənə
Ulduzlar da çılçıraqdı…
Uca dağlar qar gətirib,
Hüsnünə vüqar gətirib,
Duyğularım bar gətirib,
Meyvəsi varaq-varaqdı.
Bəxtim bürcdən bürcə düşdü,
Yerim küncdən küncə düşdü,
Süfrəmə bir xonça düşdü,
Baxıb gördüm boş tabaqdı.
Sərvətləri olsa taya,
Bu acgözlər çətin doya,
Eh, Cəbrayıl bu dünyaya,
Vaxtsız gəlmiş bir qonaqdı…
Cəbrayıl Hüseyn
Yaşayım bir az
Əyləşib könlümün bağçasında mən,
Bir çadır qurmuşam xəyallarımdan.
Elə bir çadır ki, söz, sənət dolu,
Ayılıb görürəm, sökülübdür dan.
Uşaqlıq xəyalı, gənclik xəyalı,
Dünyaya gəlişdən, gedişə qədər.
Sinəmdə çırpınan pıçıltıları,
Ürəyim başına gəlibdir nələr…
Bu ürək könlündən gör nələr keçib,
Həsrətin əlindən qocalıb ürək.
Bir ürək ulduzu yaradam bir gün,
Asam ürəyimin döşündən gərək.
Könlüm istəyəndən vaz da keçmişəm,
İndi gəl bunları sətir-sətir yaz.
Daha xətrinə də dəyə bilmirəm,
Onu qoruyum ki, yaşayım bir az!
Rüstəm Məbudoğlu
Üzülmə
Üzülmə, ayağına batsa tikan,
İnsanı imtahan edir Yaradan.
Dərdin min-min olsa səbr et, çünki,
Qaranlığlar içindən sökülür dan.
Dərdlərin əlindən, dost, olma üzgün,
Səbr elə düşəndə çətinə, dara.
Səbrinlə bağlan sən gözəl Allaha,
Səbirlə yetərsən xoş arzulara.
Böyükdür Allahın rəhmi dünyada,
Yetirər bəndəsin bir gün murada.
Kəsmə ümidini Allahdan heç vaxt,
Allahı duanla hər an sal yada.
Ümidsiz yaşama, ey gözəl insan,
Yaradan yoluna şəfəq də salar.
Səni bu dünyada sınayan Allah,
Dərd-qəmin əlindən alar, qurtarar.
Səbrdən gözəl şey dünyada nə var,
Səbirlə taparsan hər dərdə çara.
Dərd çəkib həyatda olma pərişan,
Dərdlərlə qəlbinə gəl vurma yara.
Səbr etsən, çəkdiyin sıxıntı bitər,
Səni sevən Allah hayına yetər.
Düşünmə dərdimlə çarəsizəm mən,
Çarəsiz günlərin yox olub itər.
Xuraman Baxış
Səndən də bezmişəm
Zövqümü oxşayan çiçək,
Daha səndən də bezmişəm.
Xəfif-xəfif əsən külək,
Daha səndən də bezmişəm.
Saçımı isladan yağış,
Get özgələrlə ol tanış.
Bir az da onlarla danış,
Daha səndən də bezmişəm.
Göydən yerə baxan günəş,
Ürəyimi sıxan günəş,
Hər gün nazla çıxan günəş,
Daha səndən də bezmişəm.
Az çəkmədim mən qəm gecə,
Dərdlərimə məlhəm gecə.
Mənə sirdaş, həmdəm gecə,
Daha səndən də bezmişəm.
Qaraya çevrilib ağım,
Şər, böhtandır solum, sağım.
Yalan eşidən qulağım,
Daha səndən də bezmişəm.
Dünyamız belədir bizim,
Günah, çirkab düzüm-düzüm.
Xəyanətlər görən gözüm,
Daha səndən də bezmişəm.
Belə saf olmazdın gərək,
Çıx köksümdən, məndən əl çək.
Hər sözə aldanan ürək,
Daha səndən də bezmişəm.
Çoxdur sözünün oğrusu.
Bir yandan da can ağrısı.
Kərimi, sözün doğrusu,
Daha səndən də bezmişəm.
Yaqub Kərimi
Nədi
Ayağım altını göz görməyəcək,
Nədi bu qaranlıq, bu zülmət nədi?
Yağışdan sonrakı yağmur nə olur?
Cızığından çıxan təbiət nədi?
Toxdan xəbərdardır, acı bilməyir,
Dadıb şirinliyi, acı bilməyir.
İşlədib günahı, suçu bilməyir,
Günaha qərq olmaq, qəbahət nədi?
Çatıb, çatmayana kəmdən hünərsiz,
Gileylənir dərddən, qəmdən hünərsiz.
Gəlib soruşur ki, məndən hünərsiz: –
Nə olur güc, hünər, dəyanət nədir?
Nədi bu əyinə dar gələn don, nə?
Başa dəyən qapaz beş, ya da on nə?
Onu, o birini küsdürən son nə?
Məni də bezdirən nəhayət nədi?
Eyləmək olmayır dərdi təməldən,
Düşəsi olmayır əldəki əldən.
Gəzməyə dəymirsə ilkdən, əzəldən,
Dünyanın sonuna səyahət nədi?
Öz yükünü özü çəkə, daşıya,
Bilə, qana düşünə ki, yaşaya.
Hər cahilə, hər nadana, naşıya
Demişəm cahillik, cəhalət nədi.
Zəbt edən olmayıb şeiriyyəti,
Talamıram şeir kimi sərvəti.
İşlətməsəm belə, mən cinayəti,
Bilirəm cəza nə, cinayət nədi.
Tamam Nur Tağlabiyanlı
22 iyul 2023-cü il
Rübailər
Qəfil ölümlər var, zamansız gəlir,
İnsana dərd gəlir, amansız gəlir.
Gəlir əlimizdən elə alır ki,
Bir daha qovuşmaq gümansız gəlir.
***
Ömrünü xəbərsiz yaşayır insan,
Hər günə ümidlə başlayır insan.
Gerçək olmayacaq xəyallarını,
Qəlbində məzara daşıyır insan.
Tahir Rəcəb
Elə bil
İlahi, ruhlara bir fərəh gətir,
Dünyanın sevinci bəs harda itib?
Elə bil kabusun əlləri gəzir,
Ömrün mənası da sonuna çatıb.
Bir ağ gün gətirsin bahar gəlişi,
Mənasız olmasın keçən ömür, gün,
Donmasın üzlərdə təbəssüm, gülüş,
Olmasın insanlar dərdlərdən üzgün.
İnsanlıq yoluna çal-çağır gətir,
Xeyir əməllərdən sıra düzülsün.
Şərin əllərindən nəyi var götür,
Növrağı biryolluq haqqdan pozulsun.
Günəşın nuruna boyansın aləm,
Dünyamız cənnətin bağına dönsün.
Getsin ürəklərdən bu qəm, bu ələm,
Mələklər uçuşub, yerlərə qonsun.
İlahi, ruhlara bir fərəh gətir,
Dünyanın sevinci bəs harda itib?
Elə bil kabusun əlləri gəzir,
Ömrün mənası da sonuna çatıb.
Mehriban İbrahimova
Ən böyük arzu
Hesaba sığmadı əzəldən yaşım,
Mənim çox qəribə bir keçmişim var.
Hər işdən bir qədər ağradı başım,
Hər gün yeni peşəm, yeni işim var.
Bir gün müəlliməm, bir gün şairəm,
Bir gün redaktoram, bir gün fotoqraf.
Məni tanısa da dostlar, dairəm,
Qoy bu gerçəyi də edim etiraf –
Hər gün bir peşədən çıxdı çörəyim,
Halalı haramdan ayıra bildim.
Evimi isitdi yanan ürəyim,
Alnımdan zəhmətin tərini sildim.
Min şükür, heç kimdən pis yaşamadım,
Tükənmir süfrəmin çörəyi, duzu.
Mərdlər sırasında çəkilsin adım,
Budur qəlbimdəki ən böyük arzu.
Şahməmməd Dağlaroğlu