Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın tərkibi 2021-ci ilin iyul ayında seçilmiş və multikultural prinsiplər əsasında formalaşmışdır. Belə ki, azsaylı xalqların nümayəndələri İvanovka kəndində yaşayan rus əsilli Olqa Jabina, ləzgi əsilli Arzu Mirzəyeva və başqaları üzv seçilmişlər. Üzvlərin hamısı rayonda nüfuzu və təcrübəsi olan insanlardı. İctimai Şura olaraq rayonun qəsəbə və kəndlərinin, İsmayıllı şəhərinin təmizliyi və abadlığı üçün təkliflərlə çıxış etmişik. Rayona turistlərin çox gəlməsi ilə əlaqədar müzakirələr aparılmışdır. Qədim Lahıc və Basqal qəsəbələrinin inkişafı və əvvəlki görkəminin saxlanması diqqət mərkəzində
olmuşdur. Bu işdə Lahıc qəsəbəsində yaşayan, İctimai Şuranın üzvü Nəzər Əliyevin və Təzəkənd kəndindən Eynulla Babayevin xidmətləri böyükdür. İctimai Şurada whatsapp qrupu yaradılıb və qrup
üzvləri bir-biri ilə daim əlaqədədir.
İctimai Şurada sahibsiz heyvanların saxlanması üçün sığınacaq tikintisi haqqında təklif irəli sürülmüşdür.
Beləliklə də, 2022-ci ildə məişət tullantıları poliqonunda sahibsiz heyvanlar üçün sığınacaq tikilmişdir
və hazırda istifadə olunur.
İctimai Şuranın üzvləri əhali arasında maariflənmə işini həyata keçirir, onların rəy və təkliflərini toplayaraq müvafiq orqanlara göndərir. İnsanların nədən narazı qaldıqlarına və təkliflərinə çox həssaslıqla
yanaşılır.
2008-ci ildən çıxan “İsmayıllı xəbərləri” qəzetinin təsisçisi və baş redaktoru, şair Şahməmməd
Dağlaroğlunun əməyinin qiymətləndirilməsi üçün İctimai Şura təkliflə çıxış edib. İşlədiyimiz dövrdə
vətəndaşlardan 8 müraciət daxil olub və 6-sı yerindəcə həll edilib, ikisi isə əlaqədar təşkilatlara göndərilib. Küçələrin abadlaşması və asfaltlanması üçün bələdiyyə sədri və baş memarla birlikdə şəhərə bir neçə dəfə baxış keçirmiş, rəy və təkliflərimizi təqdim etmişik.
İsmayıllı şəhərinin baş planı işlənilir. Bununla əlaqədar rayon icra hakimiyyətinin memarlıq şöbəsinin
müdiri Vüsal Abdullayevlə birlikdə ictimai şuranın üzvləri müzakirələr aparmış, İsmayıllının turizm
mərkəzinə çevrilməsi ilə əlaqədar şura üzvləri – Əlaləm Babayev, Ağaəhməd Əhmədov, Arzu
Məmmədova İsmayıllı şəhərini necə görmək istədikləri haqqında rəy və təkliflərini vermişlər. Sürücülərin yol hərəkəti qaydalarına əməl etməməsi səbəbindən şəhər bazarının, mərkəzi univermağın
ətrafında və Cavanşir küçəsində maşın və insanların hərəkətində çətinlik yaranır. Saat meydanı ləğv edilməli və həmin ərazidə maşınların park edilməsi üçün abadlıq işləri aparılmalı, intizamsız sürücülər
haqqında daha təsirli tədbirlər görülməlidir.
İctimai Şura tərəfindən ictimai rəyin öyrənilməsi, dövlət siyasətinin formalaşması və həyata keçirilməsi
üçün rəy və təkliflərimiz davam edir.
Vidadi MƏMMƏDOV,
İsmayıllı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri