Hesablamalara görə tütünün törətdiyi xəstəliklər nəticəsində hazırda dünyada hər il 6 milyondan artıq insan vəfat edir. XX əsrdə tütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoydu. İndiki tendensiyanın qalacağı halda 2030-cu ilədək ölənlərin sayının ildə 8 milyona çatması və ümumi olaraq XXI əsrdə tütündən 1 milyard insanın vəfat etməsi gözlənilir. Orta hesabla dünya əhalisinin 30%-i siqaret çəkənlərdir. Azərbaycanda da kişilərin təxminən yarısı siqaret çəkir. Siqaretçəkmə qadınlara nisbətən kişilər arasında daha çox yayılıb. Siqaretçəkməyə aludəçilik çox vaxt yeniyetmə və gənc yaşlarında baş verir. Nikotinə qarşı yaranmış daimi tələbat insanı əsəb gərginliyində saxlayır və bununla da stress hallarını daha da artırır. Ümumiyyətlə, insanların əksəriyyəti bilir ki, siqaret çəkmək zərərlidir, lakin az adamlar bunun təhlükələri barədə tam məlumatlıdır. Yanan siqaret 4 mindən çox müxtılif kimyəvi birləşmə, o cümlədən 40-dan çox kansorogen (xərçəng xəstəliyi yaradan) maddə istehsal edir.
Siqaret – Ağciyər xərçəngi başda olmaqla, nəfəs yollarının xroniki xəstəlikləri, ürək-damar xəstəlikləri, düz bağırsaq, böyrək, mədəaltı vəzi, öd kisəsi, qida borusu, qırtlaq, ağız boşluğu, udlaq və ümumdünya mədə xərçəngi xəstəliklərinin əmələ gəlmə riskini artırır. Müntəzəm şəkildə siqaret çəkən insanların təxminən 25%-i bu səbəbdən vaxtından tez həyatla vidalaşmalı olur. Siqaret çəkənin ürəyi, çəkməyənlərə nisbətən daha tez zəifləyir. Eyni zamanda ürək-damar xəstəlikərinin inkişaf ehtimalı yüksəlir. Uzun illər tütün çəkmək qan damarlarında daralmalara gətirib çıxarır və bu da onların zədələnməsi ilə nəticələnir. Vərəmin inkişafı üçün şərait yaradan vacib amillərdən biri tütünçəkmədir. Həm aktiv, həm də passiv tütünçəkmə nəinki vərəmin inkişafına şərait yaradır, o həm də vərəmli xəstələrin müalicəsini çətinləşdirir. Vərəmin təkrar əmələ gəlmə riskini artırır, eləcə də vərəm xəstəliyinin gedişatını ağırlaşdırır. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə dünyada uşaqların demək olar ki, yarısı tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alırlar. Bu onların hələ tam formalaşmayan orqanizminə dəhşətli dərəcə də mənfi təsir göstərir. Tütün tüstüsü ilə nəfəs alan uşaqlarda bir çox ciddi xəstəlikərin ağırlaşmasına gətirib çıxarır. Belə ki, ətrafa yayılan tütün tüstüsünün təsirinin təhlükəsiz səviyyəsi mövcud deyil, çünki, qapalı şəraitdə tüstünün təsirini təhlükəsiz səviyyəyə endirmək qeyri-mümkündür. Tütünçəkənin xarici görünüşü dəyişilir, siqaret çəkmə dişlərin və dırnaqların saralması, saçların tökülməsi, eləcə də qırışların əmələ gəlməsi ilə nəticələnir. Az siqaret çəkmək o demək deyil ki, sizin sağlamlığınıza zərər dəymir. Bəzən insanlar tütünü başqa üsullarla çəkirlər, məsələn qəlyan çəkməyə üstünlük verirlər. Geniş yayılmış və yanlış düşüncədir ki, qəlyan ən təhlükəsiz tütünçəkmə üsuludur. Adi siqaretə nisbətən qəlyan çəkdikdə, insan orqanizmi daha çox kansoragen maddə qəbul edir və onun qanında dəm qazı daha çox olur.
1988-ci ildə Ümümdünya Səhiyyə Təşkilatı Assambleyasının 42-ci sessiyasında 19 saylı Qətnamə ilə 31 may “Ümümdünya Tütünsüz Günü” elan edilmişdir. Gənc insanları manipulyasiya etməyə cəhd edən tütün istehsalçıları, müəyyən qrup əhali üçün öz məhsullarını daha cəlbedici etməyə çalışaraq, çox vaxt gözəl firma qablaşdırılması ilə onları “bəzəmək” üsullarına əl atırlar. 2020-ci il Ümümdünya Tütünsüz Gününə həsr olunmuş tədbirlər gənclərin sağlamlığını nəzarətdə saxlamağı və tütündən aslılıqdan imtina etməyə yönəlmişdir. Ağciyərlərin sağlamlığının qorunması istiqamətində tütün əleyhinə mübarizə Çərçivə Konvensiyasının həyata keçirilməsinin böyük töhvəsi olacaq. Ümümdünya Tütünsüz Günü çərçivəsində kampaniya ağciyərlərin insan sağlamlığı və rifahı üçün böyük əhəmiyyət kəsb edir və tütün tüstüsünün ağciyərlərin sağlamlığına çox böyük təhlükə törətməsi barədə ictimaiyyətin məlumatlandırılmasına yönəlmişdir. Tütündən istifadə bir əsr ərzində bir milyard insanın həyatına son qoya bilər. Əhali arasında tütündən istifadəni azaltmağın əhəmiyyətini dərk edərək müvafiq tədbirlər həyata keçirməklə bir çox insanların həyatını xilas etmək mümkündür. Qeyd etmək lazımdır ki, tütünçəkmənin insan sağlamlığı üçün təhlükəsinin miqyasını geniş əhali kütləsinə çatdırmaq işində kütləvi informasiya sistemləri daha böyük imkanlara malikdir. Ümümdünya Səhiyyə Təşkilatının və digər təşəbbüslərin geniş miqyasda həyata keçirilməsi bir çox insan həyatını qorumağa və əhalini sağlamlığı və rifahını yaxşılaşdırmağa imkan verəcək.
Sağlamlığınızı qorumaq üçün zərərli vərdişlərdən imtina edin.
Xanlar Qəmbərov,
İsmayıllı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru