Bir sıra yoluxucu xəstəliklərin qarşısının alınmasında profilaktik peyvəndlərin böyük rolu var. “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”Qanuna və Milli peyvənd təqviminə uyğun olaraq hal-hazırda ölkəmizdə 9 peyvənd materialı ilə 11 yoluxucu xəstəliyə qarşı immunlaşma tədbiri aparılır. Bunun da nəticəsində həmin xəstəliklərin qeydə alınması kəskin surətdə azalmışdır. Əhali arasında geniş səhiyyə maarifi işləri aparılmaqla uşaqların əksəriyyətinin peyvəndə gətirilməsi təmin olunsa da bu işə biganə yanaşan, əsaslı səbəb olmadan peyvənddən imtina edən valideynlər də var. Bundan başqa müvəqqəti tibbi əks-göstərişə görə qrafikə uyğun peyvənd olunmayanlar sonradan müraciət etmirlər. Bu isə xəstəliklərin yayılması təhlükəsini yaradır.
Qeyd olunanları nəzərə alaraq Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsünə qoşularaq 2023-cü ilin 24-29 aprel tarixlərində Respublikada “İmmunlaşdırma həftəsi” keçirilməsi haqqında əmr vermişdir. Həmin əmrlə peyvənd işi aparılan tibb müəssisələrinə tapşırılmışdır ki, hər hansı səbəbdən immunlaşdırmadan kənarda qalmış uşaqların həftə ərzində peyvəndlərə cəlb edilməsi təmin edilsin. Bununla əlaqədar səhiyyə müəssisələri hazırlıq işlərinə başlamışlar. Bu sahədə valideynlərin də üzərinə böyük məsuliyyət düşür.
Əgər sizin uşağınız Peyvənd təqviminə uyğun hər hansı peyvəndi almayıbsa, onda ərazi tibb müəssisəsinə müraciət etməklə onu vaksinasiya etdirin. Bununla da həm uşağınızı, həm də ətrafda yaşayanları yolxucu xəstəliklərdən qorumuş olarsınız.
PROFİLAKTİK PEYVƏND TƏQVİMİ
1-ci 12 saat ərzində | 2 ay | 3 ay | 4 ay | 6 ay | 12 ay | 18 ay | 6 yaş | |
HepB | + | |||||||
BCG | + | |||||||
OPV | + | + | + | + | ||||
GDT-HB-Hib | + | + | + | |||||
Pnevmakok | + | + | + | |||||
İPV | + | + | ||||||
QPM | + | + | ||||||
GDT | + | |||||||
DT | + |
E.Bağırov,
İsmayıllı rayon GEM-nin epidemiologiya şöbəsinin müdiri