Heydər Əliyev – bu ad hər bir azərbaycanlının nitqində xüsusi qürurla səslənir. Hər bir Azərbaycan vətəndaşının özgüvəninin, özünə inamının, gələcəyə ümid dolu baxışının arxasındakı güc qaynağıdır bu ad. Məhz ulu öndər H.Əliyevin uzaqgörən siyasətinin, müdrik və ədalətli idarəçiliyinin nəticəsidir ki, bu gün biz və gələcək nəsillər o böyük dahinin adını fəxrlə anacaq. Dahi şəxsiyyət H.Əliyev idarəetmədə ədalətli prinsiplərə əsaslanan bir siyasətçi dövlət xadimi idi. Onun ədaləti heç bir fərq qoyulmadan hər bir Azərbaycan vətəndaşına şamil edilən, xalqın hər nümayəndəsinin söykəndiyi sarsılmaz qala idi. Xoşbəxt vətəndaşlarıq ki, bu gün Prezidentimiz cənab İlham Əliyev həmin ənənənin davamçısı olaraq hər birimizin sülh və əminəmanlıq şəraitində yaşamasının qarantı kimi fəaliyyətini davam etdirir.
Azərbaycan çoxsaylı xalqların ortaq vətənidir. Azərbaycanlılar, ləzgilər, ruslar, hapıtlar, tatlar, talışlar, udinlər və bir çox xalqlar əsrlər boyu Azərbaycanın ayrılmaz parçası olmuşdur. Azərbaycan bizim hamımızın ortaq böyük evimizdir. Bu ev hamının milli və dini ayrıseçkilik görmədən, fərq qoyulmadan azad yaşadığı yerdir.
Kəndimiz İvanovka bir çox xalqların illər, hətta əsrlər boyu birgə yaşadığı kiçik guşələrindən biridir Azərbaycanın. Biz ləzgilər, ruslar, hapıtlar artıq bir neçə nəsillər boyudur ki, burda rahat firavan həyat sürürük. Məhz Ulu öndərin miras qoyduğu siyasi ənənənin yürüdülməsinin nəticəsidir ki, bu kənddə biz fərqli xalqların nümayəndələri qarşılıqlı hörmət və anlayışla yaşamımızı davam etdiririk. Artıq 2 əsrdən artıqdır ki, burda yaşayan xalqlar heç bir təcrid və ayrıseçkilik görmədən birbirləriylə səmimi münasibətlər çərçivəsində yaşayırlar. Ruslar, hapıtlar, ləzgilər heç bir məhdudiyyət görmədən iş yerlərində, məktəblərdə, digər sahələrdə öz fəaliyyətlərini davam etdirirlər. Azərbaycan cəmiyyətinin bir parçası olan bu xalqlar öz tarixi, ənənəsi, məişətiylə rəngarəng vətən çələnginə bir əlvanlıq qatırlar. Azərbaycanın sevinci hamımızın sevinci, kədəri hamımızın kədəridir. Sevincimizi paylaşdığımız kimi kədərimizi də birgə yaşayırıq. Vətənin çətin zamanlarında kimlik fərqi olmadan “Dəmir yumruğ”un bir parçası olmağı bacarırıq. 2020-ci ildə 2-ci Vətən müharibəsində kəndimizin gəncləri rus, ləzgi, hapıt, hər kəs Vətən müdafiəsinin ön sıralarında iştirak etdi. Bizi birləşdirən amal bir idi, çünki biz bir yerdə böyük vahid Azərbaycanıq, milliyətindən, dinindən asılı olmayaraq biz hamımız azərbaycanlıyıq və bununla fəxr edirik.
Təbii ki, kəndimizin sakinlərinin nümayiş etdikləri birlik və bərabərlik məktəbimizdə də öz əksini tapmışdır. Fərqli xalqların nümayəndələri olan şagirdlərimizin səmimi, dostca münasibətləri təhsil ocağımızda multikultural bir mühit yaratmışdır. Uşaqlar bizim aynamızdır deyə bir ifadə vardır, təbii olaraq şagirdlərimiz də böyüklərindən gördükləri qarşılıqlı səmimiyyəti məktəbdə də nümayiş etdirirlər. Müxtəlif əlamətdar günlərdə, bayram səhnələrində həvəslə iştirak edən şagirdlərimiz milli mənsubiyyətlərinə uyğun dünyagörüşlərini, adət-ənənələrini, məişətlərini əks etdirən çıxışlarıyla xalqlar arasındakı tolerantlığın ürəkaçan nümunəsini göstərirlər. Məktəbimizdə barış, əminamanlıq, səmimiyyət dolu mehriban bir mühit var. Bu mühitin yaradıcısı isə müxtəlif düşüncələri, tərzləri, fərqli inancları, ənənələri birləşdirən, onların qarşılıqlı hörmət və rəğbətlə, azad, firavan yaşayışının təminatçısı olan qüdrətli Azərbaycan dövlətidir.
Günay Ağayeva,
İvanovka kəndi