Azərbaycan Respublikası Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının “Qadınların məşğulluğunun artırılması, eləcə də onlar arasında kiçik sahibkarlığın inkişaf etdirilməsi, peşə hazırlığının güçləndirilməsi, maliyyə savadlılığının və informasiya texnologiyalarından istifadə bacarıqlarının artırılması istiqamətində tədbirlərin davam etdirilməsi” bəndini oxuyanda o an İsmayıllı rayonunun Sumağallı kəndində fəaliyyət göstərən “Arzu” Qadın İnkişaf qrupu yadıma düşdü. Və elə həmin gün yolumu o kəndə salıb qrupun rəhbəri Arzu Mirzəyeva və qrup üzvləri ilə görüşüb söhbətləşdim. Maraqlı, maraqlı olduğu qədər də bu gün üçün çox önəmli və öyrədici olan bir müsahibə alındı.

Müsahibəni AQUPDK İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva apardı.

Arzu xanım, gəlin ilk öncə sizi – Sumağallı kəndinin ilk ali təhsilli qızı olan, qızların təhsil almasına çox önəm verən Arzu müəlliməni tanıyaq.

– 1968-ci ildə elə bu kənddə müəllim ailəsində anadan olmuşam. Sumağallı kənd məktəbində orta təhsil almışam. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu riyaziyyat və fizika müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişəm. Həmin ildən bu günə qədər  Sumağallı kənd tam orta məktəbdə müəllim işləyirəm. Səmərəli pedaqoji fəaliyyətimə görə Təhsil Nazirliyinin və dəfələrlə İsmayıllı rayon Təhsil Şöbəsinin Fəxri fərmanlarına layiq görülmüşəm. İsmayıllı RİH tərəfindən hədiyyələr almışam. İsmayıllı RTŞ-nin Şərəf lövhəsindən şəklim asılıb. 2013-cü ildə Azərbaycan Müəllimlərinin Xlll qurultayında İsmayıllı təhsilinin nümayəndələrindən biri kimi iştirak etmişəm. Sumağallı kəndində təhsilin inkişafı üçün, xüsusilə qız uşaqlarının təhsil alması üçün əlimdən gələni eləmişəm. Sumağallının ilk ali təhsilli qızı olmaqla, pedaqoji fəaliyyətim zamanı kəndimizin qızlarının kütləvi şəkildə ali təhsil almasına müəllim kollektivimizlə birlikdə nail olmuşuq. Üç seçkidə Sumağallı kənd bələdiyyəsinə üzv seçilmişəm. 2021-ci ildə İsmayıllı RİH başçısı yanında İctimai Şuranın üzvü təyin olunmuşam.

Gəlin indi iş qadını Arzu Mirzəyevanı oxucumuza tanıdaq. O Arzu Mirzəyevanı ki, qadınları iqtisadi baxımdan sərbəst görmək istəyir və qadınlara balıq verməyi yox, balıq tutmağı öyrətməyi üstün bilir.

– İctimai fəaliyyətimin əsas istiqamətləri kənd qadınlarının ictimai-sosial həyatda iştirakına nail olmaq, işsiz qadınların müxtəlif dövlət və QHT-lərin, Beynəlxalq təşkilatların Azərbaycanda həyata keçirdiyi layihələrə cəlb edilməsi yolu ilə onların məşğulluğunu təmin etmək olub. Bu məqsədlə 2018-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin AZKİL layihəsi çərçivəsində pilot qadın qrupu olan “Arzu” Qadın İnkişaf Qrupunu yaratmışam. Həmin qrup 20 kənd qadınını birləşdirir. “Arzu” Qadın İnkişaf Qrupu yarandığı gündən 8 dövlət, QHT və Beynəlxalq layihədə iştirak etmiş, uğur qazanmışdır. 2020-ci ildə BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Proqramının Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçirdiyi Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsində 21 qadınımız iştirak etmiş, onlardan 13 nəfəri layihədə uğur qazanmışdır. Təsərrüfat fəaliyyətli qadınlar təlimləri uğurla başa vuraraq, heyvandarlıq, quşçuluq, arıçılıq təsərrüfatları üçün layihədən texniki dəstək alıb. Layihə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədarük və Təchizat idarəsinin rəhbərliyi, PAŞA HOLDİNQ-in maliyyə dəstəyi ilə həyata keçirilmişdir. 2020-2021-ci illərdə Avropa İttifaqının SLOU FOOD layihəsində qrup şəklində uğurla iştirak etdik. “Arzu” Qadın İnkişaf Qrupu xanımlarının istehsal etdiyi arıçılıq məhsulları və milli mətbəximizə aid qədim şirniyyatlardan bir neçəsi SLOU FOOD–un kataloquna daxil edilmişdir. Layihənin bütün dünyada yayımlanan Azərbaycan video çarxına “Arzu” qrupu xanımları haqqında süjet də daxil edilmişdir. Bundan əlavə, qrupumuzun dəstəyi ilə Sumağallı kəndi Beynəlxalq Turizm xəritəsinə daxil edilib. Layihə Azərbaycan Respublikası Turizm Agentliyi və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilmişdir. Ölkə üzrə qalib 50 benefisardan biri ARZU qrupu oldu (susur).

Deyəsən, yordum sizi, Arzu xanım?

– Qətiyyən, yorulmaq, ruhdan düşmək kimi sözlər mənim lüğətimdə yoxdur, mən yorulmağın nə olduğunu uşaqlıqdan bilməmişəm. Dərs, ev işi və  qrupdakı işimiz.. yenə özümə iş axtarıram.

Gülür, qəmzələr bu ləzgi gözəlinin gözəlliyinə başqa bir rəng qatır…

Onda söhbətimizə qaldığımız yerdən davam edək. Mənə çox maraqlıdı, əminəm ki, oxucum da söhbətin davamını səbirsizliklə gözləyir. Siz xanımlar bu balaca kənddən, bu balaca dünyadan haralara boylanmısız belə, maşallah olsun!

– Elədi, bir küncə qaxılıb oturmamışıq. 2021-2022-ci illərdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Proqramının Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirliyi ilə birgə həyata keçirdiyi Aqrar Sahədə Qadınların İqtisadi Gücünün Artırılması layihəsində yenə 21 nəfər qadınla iştirak etmişik. Layihə çərçivəsində heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq, bitkiçilik, aqroturizm, biznes təlimlərində iştirak edən xanımlardan 19 nəfərinin biznes planları layihə ekspert komissiyası tərəfindən yüksək qiymətləndirilmiş, həmin xanımlar təsərrüfatlarına uyğun texniki dəstək almışdır. Bu layihə çərçivəsində ”Arzu” Qadın İnkişaf Qrupu xanımlarının İsmayıllının qədim mətbəxinə aid bişirdikləri şirniyyat və desertlər haqqında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Proqramının maliyyə dəstəyi ilə Azərbaycan və ingilis dillərində kitab hazırlanmışdır. Kitabın həm elektron versiyası, həm də çap versiyası artıq hazırdır. Elektron versiyası Azərbaycan dilində FAO-nun Azərbaycan nümayəndəliyinin Facebook səhifəsində yerləşdirilmişdir. İngilis dilində versiyası isə BMT–nin saytında yerləşdiriləcək. Layihənin maliyyə dəstəyi Azərbaycan dövlətidir. Daha bir layihəmiz: 2020-2022-ci illərdə qrupun xanımları Amerika Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan dövləti ilə həyata keçirdiyi Özəl Sektorun inkişafı (USAİD) layihəsində iştirak etmişdir. Layihə uğurla başa çatmış, xanımlarımız USAİD-dən meyvə qurutma xəttinin avadanlıqlarını – İki ədəd qurutma şkafı, dilimləmə aparatı, paketləmə avadanlığı almışlar. Müəssisənin illik istehsal gücü 50 tondur. Burada bütün növ meyvələri və dərman bitkilərini yüksək keyfiyyətlə qurutmaq olur. Müəssisə 20 qadını işlə təmin etməklə yanaşı,  həm həyətinin meyvəsini elə qapıdaca sata bilən ailələrə əlavə gəlir gətirir, həm də alıcıya ekoloji baxımdan təmiz məhsul təklif edir. Müəssisə USAİD-in istehsal prosesi ilə bağlı təşkil etdiyi texnologiya təlimlərindən sonra artıq fəaliyyətə başlamışdır. Maliyyə dəstəyi ABŞ Beynəlxalq İnkişaf Agentliyidir.

Başqa layihələrdə var?

– Var təbii ki. İnnovasiya Mərkəzinin İsmayıllı RİH ilə birgə həyata keçirdiyi İnno Brend layihəsində qrupun bir üzvü iştirak etmiş və uğur qazanmışdır. Bu layihə turizmin inkişafı ilə bağlı layihə idi və turizm obyektlərinin reklamını hazırlayırdı. Azərbaycan Respublikası Milli Gənclər Təşkilatının (NAYORA), Gənclərin İnkişaf və Karyera Mərkəzinin Kanadanın Türkiyədəki səfirliyi ilə birlikdə həyata keçirdiyi gənc qadınların sosial inkişafı məşğulluğunun təmin edilməsi lahiyəsində də bizim 4 gənc xanım təlimlərdə iştirak etmiş, onlardan 3 nəfərinin biznes ideyası və biznes planları Kanada dövlətinin layihə ekspertləri tərəfindən yüksək qiymətləndirilmişdir. Bu xanımların hər biri 1000 Kanada dolları dəyərində biznes planlarına uyğun avadanlıqlar almış və  artıq fəaliyyətə başlamışdır. Layihə sosial layihə olduğu üçün onlar özlərindən əlavə, həssas qruplardan olan xanımları da işə cəlb edib. Layihə uğurla davam edir. 2022-ci ildə “Arzu” Qadın İnkişaf Qrupu daha bir uğura imza atdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Proqramının tərəfdaşlığı ilə ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan kooperativlərin yaradılması istiqamətində işlər görmüşdür. Qrupumuzun aqrar sahədə fəaliyyətləri nəzərə alınmaqla, pilot kooperativlər sırasına biz də daxil edilmişik.

Məncə. Siz artıq qeydiyyatdan keçmisiz?

– Bəli, bizi təbrik edə bilərsiniz –  “Arzu” Kənd Təsərrüfatı Məhsullarının istehsalı və istehlakı kooperativi artıq qeydiyyatdan keçib. Sonrakı mərhələlərdə kooperativin inkişafı Kənd Təsərrüfatı Nazirliyinin diqqət və nəzarətində olacaqdır. “Arzu” qrupunun iştirak etdiyi bütün layihələr kənddə qadınların ictimai – sosial həyata cəlb edilməsinə, onların işlə təmin edilməsinə, kiçik biznes fəaliyyətlərinə dəstək olmaqla, onların iqtisadi vəziyyətlərinin yaxşılaşdırılmasına xidmət edir. Nəinki üzvü olan xanımlar, eləcə də kəndin digər işsiz qadınları da layihələrə cəlb edilməklə qadın sahibkarlığının təməli qoyulmuşdur.

– Arzu xanım, kaş sizin kimi ziyalı, işi, həyatı sevən xanımlarımız çox olaydı. Qadınların işlə təmin olunması üçün hər vasitəyə əl atırsınız.

– Mən imkansız ailə, yardım istəyən insan sözlərini heç xoşlamıram. Allah sənə görən göz, düşünən beyin, sağlam bədən veribsə, sən niyə kiməsə möhtac olmalısan. Bu gördüyümüz işlərlərlə yanaşı, Azərxalça ASC–nin İsmayıllı filialında Sumağallı, Qalacıq, İstisu kəndlərindən olan xalçaçı qadınların işlə təmin olunmasında, onların Peşə Təhsili mərkəzində peşə kurslarına cəlb olunmasında fabrik rəhbərliyi ilə, mərkəzlə səmərəli əməkdaşlıq edirik. Bu gün də işsiz xanımların Məşğulluq Mərkəzində qeydiyyatdan keçməsi, onların işlə təmin olunması üçün dəstək olmağa çalışıram. Sumağallı qadınlarının avanqardı olan “Arzu” qrupu rayon səviyyəsində və respublika əhəmiyyətli tədbirlərdə İsmayıllını layiqincə təmsil edir.

Sağollaşmadan öncə son sual: Qrupa öz adınızı vermisiniz, yoxsa bu qrupla arzularınız reallaşıb?

– Necə istəyirsiz elə yozun…  (yenə o qəmzəli təbəssüm)… əslində ikisi də – həm adım, həm arzum… yekunda olub arzularımın əsəri –  “Arzu” Qadın İnkişaf Qrupu.

Sağollaşıb ayrılırıq. Və beləİş hər yerdə var.. Yetər ki, işləmək arzun və iş qurmaq bacarığın olsun. Belə bir istəyi və bacarığı olan “Arzu” qrupunun iş təcrübəsindən bəhrələnməyə dəyər, özü də tək rayon daxilində yox, Respublika səviyyəsində. Ünvanı bir daha yada salım: İsmayıllı rayonu Sumağallı kəndi.  Magistral yola yaxın kənddir, asfalt, rahat yolu var, turist kimi də gələ bilərsiniz, axı Arzu xanım və qrupu dağlar qoynunda yerləşən bu gözəl kəndi Respublikanın turist marşrutuna da daxil ediblər.

Buyurun, gəlin, yolunuz açıq olsun!

 

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir