Düz bir il bundan öncə parlaq yaz günlərinin birində – may ayının 8-də ustad sənətkarımız xalq şairi Musa Yaqubun anım günündə kənd məzarlığında xatirə kompleksinin açılışında iştirak etmək üçün Buynuz kəndində  şairin anadan olduğu  məkana üz tutduq. Kompleksin açılışında bir sıra dövlət qurumlarının rəsmiləri, kənd camaatı, ölkəmizin tanınmış yazarları və o cümlədən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllim iştiak edirdi.

Əvvəlcə şairin doğulduğu ev məkanına toplaşdıq. Burada böyük sənətkarın həmişəyaşar ruhuna dualar oxundu. Bu arada vaxt tapıb şair Əvəz Küskün və qiraət ustası  dostum Ramiz Zülfüqarlı ilə sənətkarın yazıb-yaratdığı bu eczakar məkanı bir daha seyr etdik. Musa müəllimlə burada keçirdiyimiz anları, şux zarafatlarını xatırladıq. Vaxt elə tez keçir ki, bir də gördük ki, hamımızın müqəddəs saydığımız dağdağan ağacının altında  şairin daş yazı masasının arxasındayıq. Buraya çatmaq üçün gərək ya dağın ətəyindən başlayıb üzü yuxarı qalxan daş yolla qalxasan, ya da ki, evin ikinci mərtəbəsinin geniş eyvanından birbaşa dağdağan ağacına kimi uzanan 35-40 metrlik asma körpünü keçməlisən. Daş masanın arxası çox da iri olmayan sal  qayaya söykənmişdir. Qayalığın üst tərəfindən ətrafı təzəcə yarpaq açıb yaşıllaşmış cürbəcür ağacların əhatəsində kiçik bir dağ yalmanı uzanır. Bu məkan başdan-başa yenicə açılmış dağ lalələri ilə bürünmüşdü. Ot basmış bir cığır  düz daş  yazı masasına kimi uzanırdı. Diqqətimizi çəkən bu idi ki, lalələr ayaq açıb elə bil bu cığırla birbaşa şairin ətrafında oturduğu yazı masasına kimi gəlib çıxırdı. Ancaq bu lalələrin fərqi qara xallarının böyüklüyü idi. Şairin yazdığı kimi:

Ümidsiz olanda dərəni, yalı,

Çən tutar, zirvənin yolu görünmür.

Gözümdə böyüyər lalənin xalı,

Nə qədər baxıram alı görünmür.

Bu da masa, bu dağdağan ağacı şairə  qonaq düşmüş neçə-neçə sənət dostunun şahidi olmuşdur.

Şair Sabir Rüstəmxanlı bu eczakar məkanı görüb poetik duyğularını belə ifadə etmişdir:

Adamlarla ağacların

Kökü birdir, burda iş var!

Bu dağdağan ağacında,

Sənə bir az bənzəyiş var!

Bu məkanda olarkən hər yandan sanki şairin səsini eşidir, yerişini görürdük. Artıq saat on ikini vururdu.  Müəyyən olunmuş qaydada buradan hamımız axın-axın kənd məzarlığına tərəf yollandıq. Şairin heykəl kompleksi və onu tamamlayan qarşısında ucaldılmış böyük qara  mərmər obeleks ağ örtüklə örtülmüşdü. Postament üzərində şairin ayaq üstə heykəli diqqət cəlb edirdi. Mərhum şair yaxınları ilə bir sırada dəfn olumuşdur. Anası dünyasını dəyişəndə ona həsr etdiyi gəraylı janrda qələmə aldığı elegiyasında yazırdı:

Canalıya çökdü duman,

Gəlməyinə yoxdur güman.

Bir olarıq sənə həyan,

Ölüm laylay, dirim laylay.

Şairin yaradıcılığı ilə yaxından bələd olan heykəltəraş sənətkar onu şeir  söylədiyi anında təsvir etmişdir. Ona diqqətlə baxdıqda  sanki şairin yazmış olduğu  “Bu dünyanın qara daşı göyərməz” şeirini başqa bir anlama, “bu dünyanın qara daşı göyərər” anlamına gəlirsən. Bütövlükdə götürüldükdə Musa Yaqubun yaratdığı sənət inciləri ilk oxunuşda oxucusunu ovsunlayır, onun diqqətini cəlb edir. Bu mənada  onun yuxarıda adı çəkilən şeirini xüsusi olaraq qeyd etmək olar.

Bu şeir bədiyyətdən daha çox ictimai, ictimaidən daha kamil bədii əsərdir. Burada ictimai-siyasi məna sətiraltı mənanın daha dərin qatlarında özünü göstərir. Ona görə də əsər mürəkkəbliyi qədər ziddiyyətli və o qədər də sadəliyi, aydınlığı ilə diqqəti cəlb edir.

Leyləklərin çöp yuvası boş qalıb,

Bahar gedib, payız gəlib, qış qalıb.

Şair leyləklərin çöp yuvasının boş qalmasından söhbət açsa da, burada təsvir olunmuş hadisə ötən əsrin yetmiş ikinci illərində Sovet dönəmində insanların sosial durumundan xəbər verir. (Bu şeir 1977-ci ildə qələmə alınmışdır). İkinci misrada isə  sənətkar keçdiyi həyat yoluna işıq salır;

Bahar gedib, payız gəlib, qış qalıb.

Şeiri yazarkən şairin qırx yaşı tamam olmuşdur. Ona görə də ömrünün bahar çağının – gənclik dövrünün keçib getdiyini, kamillik dövrünə qədəm  qoyduğunu və qarşıda ixtiyar çağının – qış fəslinin qalmasına işarə edir.

Qəm eyləmə könlümün bir dənəsi,

Bu dünyanın qara daşı göyərməz.

-deməklə şair oxucusunu əmin edir ki, qəm etməsin, hələ gözəl, mənalı günlərimiz qabaqdadır. Xəbis, insan taleyinə biganə olanları qara daş adlandırmaqla onların heç zaman  var ola bilməyəcəklərini, göyərib ərsəyə çata bilməyəcəklərini  dilə gətirir. Şeirin son bəndində hələlik bütün bunlara ürəyinə daş bağlayıb dözdüyünü ifadə edir.

Bu şeir əbədi mühitimizdə böyük əks-səda doğurmuş, geniş müzakirəyə səbəb olmuşdur. Elə buna görədir ki,  bu əsərə şairlərimiz onlarca nəzirə yazmışdır. Lakin onların böyük əksəriyyəti Musa Yaqubdan fərqli olaraq  qara daşın göyərdiyini və ya göyərəcəyini qələmə almışlar.

Qələm dostu xalq şairi Məmməd Araz ilk dəfə bu şeirə nəzirə yazmışdır. Böyük sənətkar  qara daşın göyərdiyini nəzərə çatdırmaqla bir paraleldə zamanın eyiblərinə qarşı çıxır.

Kim işığı ürəklərə doğraya,

Kim işığı ürəklərdən oğraya.

Kim yalanı calaq vurdu doğruya,

Hər şivindən oğrubaşı göyərdi.

Şair Şahmar Ələkbərzadə nəzirəsində qara daşın göyərdiyi ifadəsi ilə bizi baş-başa  buraxmaqla həyatda yaxşı ilə pisi, ədalətlə ədalətsizliyi bir-birindən düzgün ayırıb qiymətləndirməyin zəruriliyini diqqətə çatdırır.

Dağ başında arxa bilib qar  qarı,

Zirvələrə yaxın qoymaz baharı.

Sahmarlardan seçə bilsən Şahmarı,

Bu dünyanın qara daşı göyərər.

– deməklə fikrini tamamlayır.

Musa Yaqub yaradıcılığını ədəbiyyatşünaslığımızda hələ də tədqiqat yolunu gözləyir. Ümid edirəm ki, onun yaradıcılığı ətraflı tədqiq olunub ədəbi ictimaiyyətə çatdırılacaqdır. Haqqında yazdıqlarım isə sənətkarı yaxından tanıyan bir ədəbiyyat həvəskarının ədəbi qeydlərindən başqa bir şey deyildir.

Rayonumuzda 60-cı illərdən “Zəhmətkeş” qəzetinin nəzdində “Dağ çiçəkləri” ədəbi məclisi fəaliyyət göstərir. Doğru deyiblər ki, xalqımız şair xalqdır. Füsünkar təbiətə malik olan rayonumuzda da yazarlar çoxdur. Şair dostum Şahməmməd Dağlaroğlu bunu çox gözəl şəkildə əks etdirir:

Arxalıdır sıra dağlar,

Bir üzü gül, bir üzü qar.

Bir şairə bir şair var,

Hər ananın qucağında,

İsmayıllı torpağında.

Xalq şairi Musa Yaqub da belə bir mühitdə parladı və sonralar bu ədəbi mühitə dünyasını dəyişənə kimi istiqamət verdi. Bunun nəticəsidir ki, şairlərimiz bundan pərvazlanıb ədəbiyyat aləminə qədəm qoyublar.

Şair yaradıcılığında klassik irsdən geniş şəkildə istifadə edərək ölməz  sənətkar ölməz sənət inciləri yaratmışdır. Məhəbbət lirikasında Füzuli yaradıcılığının təsiri böyük olmuşdur.

Məlum olduğu kimi Musa Yaqub doqquz yaşında olarkən 1946-cı ildə atasını itirmiş, sonrakı ağır illərdə ailə qayğıları bütünlükdə anasının zəyif çiyinləri üstünə düşmüşdü. Ailənin böyük oğlu kimi Musa da yaşına uyğun  olmayan çətin işlərdə çalışmalı olmuşdur. O, kotan vaxtı cilovda durar, taxıl döyüləndə xırman üstündə vəl sürər, ağnağazlıq üçün dəyirmana gedərdi. Bütün bunlar sonralar onun yaradıcılığında  böyük iz buraxmışdır. “Zülmün nağılı” əsərində onun həmin dövrki həyat hekayəti qələmə alınmışdır. Bu əsərin ruhu, üslubu “Heydər babaya salam” poemasının üslubu ilə çox yaxındır. Onları oxuduqda oxucu özünü əzablı nağıllar dünyasında hiss edir.

Sağlığında şairin iş otağında olmuşam. Burada çoxlu müxtəlif qiymətli kitablarla yanaşı əlyazmaları da vardır. Bütün bunlar zəngin muzey materiallarını xatırladırdı.

Dövlətimiz, xalqımız hər zaman söz sənətinə yüksək qiymət vermişdir. İstərdim ki, burada – şairin yaşadığı məkanda onun adına ev muzeyi yaradılsın. Bu, şairin ədəbi irsinin qorunmasına və ondan gələcək nəsillərin faydalanmasına yol açar.

Xalq şairi Fikrət Qoca şeirlərinin birində yazmışdır:

Şairlər nəğmə tək gəlir dünyaya,

Nəğmə ölümünə mən inanmıram.

Biz də Musa Yaqubun dünyasını dəyişməsinə inanmırıq, çünki o bir nəğmə idi. Ürəklərdə qalan bir nəğmə. Ruhun şad olsun böyük sənətkar!

Füzulinin qəzəllərinin birində deyilir:

Dəmadəm cövrələnir çəkdiyim bu birəhm bütlərdən.

Bu kafərlər əsiri bir müsəlman olmasın, ya rəb!

Hər zaman birəhm gözəllərin vəslindən əzab-əziyyət çəkən aşıq onları kafər  adlandırır və Rəbbimizə dua qılır ki, qoy heç zaman bir müsəlman bəndəsi onların əsiri olmasın.

Musa Yaqubun sevgi şeirlərinin birində isə deyilir:

Öz sevgim yolunda sadiq canam mən,

Heyif oldum həm yanan, həm yaman oldum.

Bəlkə də, birinci müsəlmanam mən,

Cəhənnəm çəkirəm səvaba görə,

Allahım heç sənə əzab verməsin,

Sən mənə verdiyin əzaba görə.

Sənətkar bu nümunədə iki el məsəlinin mənasını xatırladır: onlardan birincisi “Yaman da mən, yanan da mən” – el məsəlidir.  “Gözələ baxmaq səvabdır” məsəlini dolayısı ilə diqqətimizə çatdırmaqdır.

Doğru deyirlər ki, dərdi, qəmi ana dilində daha kövrək, daha zəif çatdırmaq olur. Necə ki, Şəhriyar və Musa Yaqub bunu etmişdir.

“Heydər babaya salam” poemasında oxuyuruq:

Heydər baba, göylər bütün dumandı,

Bir-birizdən ayrılmayın, amandı.

Yaxşılığı əlimizdən aldılar,

Yaxşı bizi yaman günə salıblar”

Heydər Xəlilov,

Sumağallı kəndi

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir