Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov 5 yanvar 2023-cü il tarixində İsmayıllı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında İsmayıllı və Ağsu rayonları sakinlərinin qəbulunu keçirib.

Əvvəlcə, nazir Kəmaləddin Heydərov və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, abidə önünə tər qızılgüllər düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Fövqəladə Hallar naziri tərəfindən qəbul edilən İsmayıllı və Ağsu rayonları sakinlərinin müraciətlərinin böyük əksəriyyəti yerindəcə həllini tapıb.  Bəzi məsələlərlə bağlı qanunvericiliyə uyğun olaraq, zəruri  tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə Hallar naziri ilə yanaşı, nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri də vətəndaşları qəbul ediblər.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir