Azərbaycan güclü, yenilməz ordusu olduğunu 44 günlük Vətən müharibəsində regionda yerləşən ölkələrə və dünyaya sübut etdi. Müasir silahlarla təmin olunmuş və vətənini qəlbən sevən, uğrunda ölümdən belə qorxmayan hərbçilərin sayəsində Azərbaycan bu haqq savaşında Zəfər çaldı. Şəhidlərimiz oldu. Torpağı qanları ilə suvararaq müqəddəs etdilər. Şəhidlik adi ölüm deyil. Yaranan hər kəs bu dünyadan köçəcək. Amma şəhid olaraq dünyadan köçmək hər kəsə nəsib olmur. Vətən, torpaq, böyük amallar uğrunda canından keçmək, özünü düşünülmüş şəkildə qurban verməyi bacarmaq şücaətdir. Bunun üçün də onlara qəhrəman deyirik. Şəhidlik bəxş edilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Azərbaycan xalqının tarixinə qeyrət, hünər, şərəf səhifəsi kimi yazılan 44 günlük Vətən müharibəsi 30 ilə yaxın yaşadığımız yurd həsrətinə son qoymaqla ölkəmizə ümummilli təntənə, sevinc bəxş etdi. Qazandığımız bu böyük qələbə bizə qürur hissi bəxş etməklə yanaşı məhv edilən düşmənin göstərdiyi azğın müqavimət xalqımıza yeni itkilər, kədər, hüzün də yaşatdı. Qarabağ Zəfərinə aparan yolda Azərbaycan düşməni ağır məğlubiyyətə uğradarkən yeni şəhidlər verdik, yaralılarımız oldu. Şəhid olmuş qəhrəmanlarımızdan biri də igidliyindən söhbət açacağımız Məmmədli Cəmil Habil oğludur.

Məmmədli Cəmil 1999-cu il 28 iyul tarixində İsmayıllı rayonunda anadan olmuşdur. 2005-2016-cı illərdə Bakı şəhəri Səbail rayonu 163 saylı tam orta məktəbdə təhsil almışdır. Nümunəvi davranışı, çalışqanlığı ilə müəllimlərinin və yoldaşlarının rəğbətini qazanmışdır. Dostları ilə futbol oynamağı çox sevirdi. Tez-tez yarışlara qatılırdı. Məktəbdə keçirilən tədbirlərdə də daim fəallıq göstərib, dəfələrlə müxtəlif mükafatlara layiq görülmüşdür. 26 fevral Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan Səbail rayon orta ümumtəhsil məktəbləri arasında keçirilmiş “Mahir nişançı” adlı güllə atıcılığı turnirində III yerə layiq görülməsi onun sevincli günlərindən biri idi. Cəmil orta məktəbi əla qiymətlərlə başa vurmuş, elə həmin il Azərbaycan Texniki Universitetinin metallurgiya fakültəsində ali təhsil almağa başlamışdır. Təhsil aldığı illərdə özünə çoxlu dost qazanmışdır.

Anası Aygün xanım Cəmil haqqında qürur hissi ilə xatirələrini bölüşür:

-Cəmil dünyaya gəldiyi gündən yaşadığı iyirmi bir il ömür payında məni xoşbəxt elədi. Çox diqqətli, qayğıkeş idi. Ad günüm olanda məni ilk təbrik edən Cəmil olardı. Hələ kiçik yaşlarında ona pul verərdim ki, məktəbdə özü üçün nəsə alsın. Həmin pulları çox vaxt xərcləməz, yığardı. Bayram günləri yığdığı həmin pulla hədiyyə alıb məni sevindirərdi.

Universitetdə təhsil alanda gündüzlər oxuyar, gecələr işləyərdi. Deyirdim, Cəmil, axı sənin istirahət etməyə vaxtın qalmır, bəlkə işləməyəsən. Deyirdi, ana narahat olma, mən yorulmuram.

Şəhid olanda tələbə yoldaşları bizə gəlmişdilər. Cəmil haqqında gözəl xatirələr danışırdılar. Bir dostu bildirdi ki, ailəmizin maddi durumu çətin olduğu üçün təhsil haqqını ödəməyə çətinlik çəkirdim, təhsilimi də yarımçıq qoymaq istəmirdim. Cəmil mənə yaxınlaşıb bildirdi ki, sənə ödənişi etməyə köməklik edəcəyəm. Sözünün üstündə durdu, təhsil haqqını ödəməyə mənə kömək etdi, o, belə dost, yoldaş idi. Bu sözləri eşitmək bir ana kimi məni fərəhləndirirdi. Universiteti bitirib hərbi xidmətə yollandı. Bir müddətdən sonra müharibə başlandı. Çox narahat idim. Bizimlə tez-tez telefonla danışırdı, deyirdi, ana, narahat olma, mən döyüş zonasında deyiləm, arxa cəbhədəyəm. Amma sonralar bildim ki, elə Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq döyüşə qatılıb. Cəmilsiz yaşamaq mənim üçün nə qədər çətin olsa da, qürur duymağa səbəblərim çoxdur. Şəhidlərin yeri cənnətdir, eləcə də mənim Cəmilimin.

Avqust ayında Cəmili görməyə getmişdik. Görüş üçün 15 dəqiqə vaxt vermişdilər. Bərk-bərk sarıldım oğluma. Dedi, ana, mənə Mübariz İbrahimovun silahından veriblər. Mən də Mübarizin adına layiq qoruyacağam Vətənimizi. Torpaqlarımızı düşməndən azad edəcəyik və bir gün birlikdə bu gözəl yerlərə gəlib doyunca gəzərik.

Övladım Vətənin müdafiəsi yolunda şəhid olub, böyük Qələbənin əldə olunmasında Cəmilin də payı var. Döyüş yoldaşlarının dediyinə görə döyüşlərdə böyük igidliklər göstərib, qəhrəmanlıqla vuruşub. Arzu edirəm ki, igidlərimizin qanı bahasına alınan torpaqlarda tezliklə ocaqlar yansın, şölələnsin, həyat qaynasın, toy-büsat qurulsun. Hər tərəf gülüstana çevrilsin.

Cəmil Məmmədli 2020-ci il iyul ayında ali təhsilini başa vurub hərbi xidmətə yolanır. Xidmətinin yeni başlanmasına baxmayaraq, sentyabrın 27-də Vətən müharibəsi başlayan zaman könüllü olaraq ön cəbhəyə göndərilməsini xahiş edib. Füzuli və Xocavənd rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Oktyabr ayının 14-dən 15-nə keçən gecə Füzuli rayonunun Kürdlər kəndi istiqamətində gedən döyüşlərdə vuruşaraq qəhrəmancasına müqəddəs şəhidlik zirvəsinə ucalmışdır. 15 oktyabr 2020-ci ildə İsmayıllı rayon Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Hazırda İsmayıllıda yaşadığı küçəyə şəhidin adı verilib, həmçinin rayonun Mican kəndində şəhidin adına bulaq abidə-kompleksi tikilib. Səbail rayonu 163 saylı məktəbdə baralyefi və məktəbin daxilində büstü var. Ailəsinin şəxsi vəsaiti hesabına İsmayıllı rayonundakı evlərində və Səbail rayonunda adına xatirə baralyef-kompleksi inşa edilib. Mehriban Sadıqovanın ssenarisi əsasında “Elə bir ömür yaşayacam ki…” filmi çəkilib. Filmdə Cəmil Məmmədlinin həyatından və şərəfli döyüş yolundan söhbət açılıb, ailəsinin, döyüş yoldaşlarının, dostlarının xatirələri yer alıb. İsmayıllı və Bakı şəhərində lentə alınan filmdə real kadrlardan istifadə olunub. Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün çəkilmiş bu cür filmlər gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir. Cəmilin və bütün şəhidlərimizin xatirəsi hər zaman ehtiramla yad olunacaq.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Məmmədli Cəmil Habil oğlu ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və III dərəcəli “Vətənə xidmət” ordeni ilə təltif olunub.

Xoşqədəm Rüstəmli

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir