Şəhid Şahalıyev Araz Teymur oğlu 1972-ci ildə oktyabr ayının 20-də İsmayıllı rayonunun Nanıc kəndində anadan olmuşdur. 1979-cu ildə Nanıc kənd ibtidai məktəbinin 1-ci sinfinə daxil olmuş və sonradan orta təhsilini Müdrü tam orta məktəbində davam etdirmiş, orta məktəbi müvəffəqiyyətlə bitirmiş, qabiliyyətinə və savadına görə fərqlənmişdir. Müəllimlərin və həmçinin kənd camaatının rəğbətini qazanmışdır. Şahmat və futbol həvəskarı olmuş, keçirilən yarışlarda, oyunlarda iştirak etmiş, hər zaman sevindirici uğurlar qazanmışdır.
1990-cı ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətində də layiqincə iştirak etmiş, bununla belə vətənimizin çətin günlər yaşadığını görüb bütün Azərbaycan oğulları kimi, o da düşmən əlinə keçən torpaqlarımızın harayına səs vermiş, ön cəbhəyə yollanaraq, döyüşə atılmışdır. Ağdam və Füzuli rayonlarında gedən qanlı döyüşlərin iştirakçısı olmuşdur.
Arazın xidmət etdiyi bölük üçün son döyüşü 4 fevral 1994-cü il tarixdə, Kəlbəcərin erməni qəsbkarlarından təmizlənməsi uğrunda gedən döyüş oldu. Əsgərlərimiz 6 fevral 1994-cü il tarixdə Kəlbəcər rayonunun “Buzluq” deyilən ərazisində ermənilərlə açıq döyüşə girmiş, şaxta və qarın çoxluğu üzündən, kömək qüvvələrinin gecikdiyinə görə geri çəkilmək məcburiyyətində qalmışlar. Geri çəkilərkən bölüyün bir neçə əsgərləri, o cümlədən Araz şəhid olmuş, bölüyün bir neçə əsgəri isə ağır yaralanmışdır.
Ağır yaralılar və şəhid olmuş döyüşçü əsgərlər döyüş mövqeyində qalmış, digərləri geri çəkilməyə məcbur olmuşlar. Çox təəssüf ki, həmin ərazilər erməni nəzarətinə keçdiyinə görə yaralı və şəhid olan əsgərlərimizi oradan çıxarmaq mümkün olmayıb.
Şahalıyev Araz Teymur oğlunun xidmət etdiyi hərbi hissə 6 fevral 1994-cü ildə onun şəhid olaraq ermənilərin nəzarətinə keçən ərazidə qaldığı barədə yazılı məlumat vermişdir.
Arazın şəhid olmasından 28 il keçir. Şəhid olanda isə 22 yaşı vardı. Döyüşlərdən salamat çıxsaydı indi 50 yaşı olacaqdı…
Yaxınları, biz onun hər il doğum və ölüm günlərini qeyd edirik. Amma yoxluğuna heç inanmırıq. Axı şəhidlər ölməzdirlər!
Sənin və bütün şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik, mənim qəhrəman, ölməz qardaşım! Səni tanıyanların hər biri, sənsiz keçən bu 28 ildə dünyaya göz açan əzizlərin səninlə fəxr edir. Unudulmaz xatirələrin, düşüncəli baxışların qəlbimizdə, yaddaşımızda əbədi yaşayacaq.
Ölməz igidlərimiz, uğrunda can qurban etdiyiniz torpaq – Vətəndir, sizin cənnətinizdir. Ruhunuz şad olsun.
Reyhan Şahalıyeva,
İsmayıllı şəhər sakini, şəhidin bacısı