Hər əlinə qələm alan şair olmur. Şairlik ruh məsələsidir. Şair gərək anadan şair doğula. Sözə ehtiyatla yanaşa. Sözün qədrini bilə, sözün dəyərini itirməyə…
Bu fikirlər həmyerlimiz – 1967-ci ildə İsmayıllı rayonunun Tircan kəndində anadan olmuş, Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmiş, 1991-1993-cü illərdə Basqal qəsəbəsində, 1994-2000-ci illərdə Tircan kənd orta məktəbində ibtidai sinif müəllimi olmuş Gülnarə Məsumun (Məlikovanın) çapdan çıxmış, “Qəhliyə dağ mənim sevgi qalamdır” adlandırdığı ilk kitabının ön səhifəsindəki “Ön söz”dən götürülüb.
G.Məsum hazırda Bakı şəhərinin Sabunçu royonundakı 11 nömrəli inteqrasiya təlimli internat məktəbində ibtidai sinif müəllimi kimi çalışır.
Gülnarənin şeirlərində baş mövzu Vətəndir. O, doğma yurdu sonsuz məhəbbətlə sevir və onu tərənnüm etməkdən doymur. Böyüyüb boya-başa çatdığı Tircan torpağı onun qələm nümunələrində böyük sevgi ilə təqdim olunur. Şairin bu kitabını əldə edib oxumaq, bəlkə də hər bir İsmayıllısevərin ürəyindən keçər. Bunun üçün imkandırsa, müəllifin kitabından bir neçə nüsxəsini İsmayıllıdakı kitabxanalara təqdim etməsi yetərli olardı. Bu kitabın Vətən sevgisi ilə yazıldığına tam əmin olmaq üçün müəllifin “Vətəndi” adlı şeirinə diqqət edək…
Ş.Dağlaroğlu
Vətəndi
Bircə ovuc torpaq da,
Xəzan olmuş yarpaq da,
Susuz qalmış bulaq da –
Vətəndi.
Bir udumluq hava da,
Bir çiçəklik dəva da,
Köhnə, quşsuz yuva da-
Vətəndi.
Sahibi uzaq qalmış,
Tülkü, çaqqal, sar almış,
Xiffət çəkib saralmış –
Vətəndi.
Yovşan bitən tala da,
Kolluq, şoran tala da,
Uçuq, sökük qala da –
Vətəndi.
Təndirdə küt, fətir də,
Çəməndə gül, çətir də,
Meh gətirən ətir də –
Vətəndi.
Mamırlaşmış sal daş da,
Qohum, tanış, qardaş da,
Anamızla adaş da –
Vətəndi.
Qürurumuz bayraq da,
Sərt döngəli yaylaq da,
Daş, çınqıllı çaylaq da –
Vətəndi.