Hörmətli ismayıllılar!

Xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynamışdır.

Mənəvi əsaslarını və başlanğıcını XX əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter almış, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoymuşdur.

Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideyalar naminə 1988-ci il noyabrın 17-də Bakı şəhərində Azadlıq meydanına toplaşmaqla o zamankı Sovet Hakimiyyətinin rəhbərliyinin Azərbaycana qarşı ikili standartlara söykənən siyasətinə etirazını bildirmiş və bununla da müstəqilliyə gedən yolun başlanğıcını qoymuşdur. Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları, eləcə də Ermənistanda yaşayan yüzminlərlə həmvətənlərimizin öz yurdyuvalarından qovulması bu hərəkatın əsasını qoymuşdur. Dekabrın əvvəllərində Azadlıq meydanındakı mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, keçmiş Sovet rəhbərliyi Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi. 17 gün fasiləsiz davam edən, milyonlarla insanın iştirak etdiyi bu həmrəylik aksiyası keçmiş Sovetlər Birliyində baş verən ən iri miqyaslı etiraz aksiyası idi. Məhz bu azadlıq hərəkatının davamı olaraq 1989-cu ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi Sovet Hakimiyyəti rəhbərliyini daha da qıcıqlandırdı və 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə edildi. Yüzlərlə aksiya iştirakçıları və dinc sakin qətlə yetirildi. Amma bu hadisə xalqımızın milli qürurunu sındıra bilmədi. Əksinə, azadlıq hərəkatını daha da sürətləndirdi.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyasında Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı. Bununla ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı. Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu. Ölkəmizdə 1992-ci ildən Milli Dirçəliş günü böyük təntənə ilə qeyd edilir.

Əziz dostlar, bu gün ölkəmiz ulu öndər Heydər Əliyevin ideyaları və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, dünyanın ən mütərəqqi ölkələrindən birinə çevrilir. Artıq ikinci ildir ki, Dirçəliş Günü Azərbaycanın işğal altında olan torpaqların qaytarılması ilə nəticələnən Zəfər bayramı ilə bir dövrə təsadüf edir. Bu xoş gün münasibətilə sizin hər birinizi təbrik edir, sizə can sağlığı və firavan həyat arzulayıram.

Milli Dirçəliş gününüz mübarək olsun!

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir