Vətən müharibəsi 2020-ci ilin 27 sentyabrında başladı. Müharibədən 28 gün keçmiş İsmayıllı rayonuna Emin Valik oğlu Ağazadənin şəhidlik xəbəri gəldi. O günləri yaşamaq nə qədər ağır idi…
Yaşayış məntəqələrimizin, kəndlərin, şəhərlərin düşməndən geri alınması xəbərləri günbəgün xalqı səbirli, dözümlü olmağa istiqamətləndirdi. Azad olunan ərazilərimiz artdıqca, şəhidlərimiz də artırdı…
E.Ağazadənin şəhidlik zirvəsinə yüksəlməsindən 2 il ötdü. Ötən illərin sayı ilə bərabər şəhidlərə olan sevgimiz, ailələrinə olan diqqətimiz də artmaqdadır. Şəhidlərin unudulmazlığı hamı tərəfindən bir müqəddəs borcun ödənişi, bir məsul vəzifənin əbədilik icrası kimi formalaşır.
Kürdmaşı kənd ictimayyəti, eləcə də İsmayıllıdan olan şəhid analarından bir qrupu Vətən müharibəsinin şəhidi Emin Ağazadənin şəhadətə qovuşmasının ikinci ildönümü ilə əlaqədar şəhidin məzarını və ev muzeyini ziyarət ediblər.
Məlumat üçün bildirək ki, Emin Ağazadə 2020-ci il oktyabrın 25-də Laçın istiqamətində gedən ağır döyüşlərdə vuruşaraq, qəhrəmancasına şəhid olub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
“İsmayıllı xəbərləri”