… Tarixin təkərinin tərsinə döndüyü tərs gün!.. 20 NOYABR!.. Və say-seçmə Azərbaycan oğullarının bir yanlış nəticəsində haqq dünyasına qovuşduğu gün! O günün VƏTƏNpərvər oğullarından biri – İSMƏT QAYIBOV!… Mənalı baxışı, yar-yaraşığı ilə şəkildən boylanan bu insan!.. Yaraşıqlı olduğu qədər sadə. Sadə olduğu qədər səmimi. Səmimi olduğu qədər vicdanlı. Vicdanlı olduğu qədər ədalətli;

İSMƏT QAYIBOV!

Əslən Gəncədəndi. Tale ömür yolunu doğma yurdum İsmayıllıya yön görmüşdü. Rayon prokuroru idi. Və tale mənim də ömür yoluma həmin vaxtlar rayon qəzetində çalışmaq kimi bir vəzifə yazmışdı. Ama hələ kimin kim olduğundan xəbərsizdim. Universitet auditoriyasından ayrılsam da, tələbəlik illərinin “havası” qalmışdı başımda. Və bu “hava”nın işə dəxli yoxdu. Jurnalist, qəzet, hadisələr, münasibətlər… Göz görür, qulaq eşidir, qələm yazırdı. “Pisi pis, əyrini əyri, düzü həmvar” yazırdı…Və bundan başqa daha bir “mühüm tapşırıq”. Rayon tədbirlərinin aparıcısı olmaq! Eyni zamanda rayon radio verilişlərinin efirdə səsləndirilməsi! “Aparıcılıq” məni haralara aparacaqdı bu, başqa bir söhbətin mövzusu olaraq qalsın. Hələ ki, xəyalagəlməz bir yolun başlanğıcıymış bütün bunlar…

YOL YOLDAŞI

…Belə bir söz var: – “Qardaşını tanıyırsan?

– Yox, onunla yol yoldaşı olmamışam”.

Günün birində redaktor Musa Yaqub (Allah rəhmət eləsin) dedi ki, a bala, Qışlaqdakı tədbirə biz bir qrup redaksiyanın maşını ilə gedəcəyik. Sən komsomolla gələrsən. Onlar sənə zəng edəcəklər. Və beləcə, komsomolun zəngini gözləməli oldum. Və xanım Osmanovanın zəngindən sonra çıxdıq. Məlum oldu ki, prokuror da bu maşında gedəcək. Sürücü maşını çayın üstündəki körpüyə yaxın saxladı. Prokuror iqamətgahı ilə üzbəüz. Orada gözləyən gənc və yaraşıqlı bir nəfər bizim maşına yaxınlaşıb qapını açdı. Gülə-gülə salam verib keçib əyləşdi. Yola düşəcək anda əyilib yavaşca komsomol katibindən soruşdum:

– Bəs prokuroru gözləmirik?

Ondan cavab gəlməmiş qarşıda əyləşən həmin gülərüz adam komsomoldan soruşdu:

– Bu gənc xanım yeni kadrınızdı?

– Yox, jurnalistdi. Redaksiyada işləyir. Həm də kənd təsərrüfatı şöbəsinin müdiridi.

O, birdən ciddiləşdi:

– Yoldaş Osmanova, bəs niyə tanış eləmirsiniz?

Osmanova güldü və sorğuma indi cavab verdi: – Prokurordu…

Təəccübdən donub qaldım. Çünki prokuroru yaşlı, ətli-canlı, “ağır” adam təsəvvür edirdim. Əksər məmurlar kimi…

Prokuror səmimiyyətlə əl verib özünü təqdim elədi. Mən də adımı dedikdə təəccüblə səsləndi:

– Demək, o felyetonları yazan sizsiniz? Hər dəfə oxuyanda düşünürdüm ki, bu qurd ürəyi yemiş kimdi görəsən? Elə bilirdim…

Sözünün gerisini gətirməsə də, anladım. Görünür o da məni, mən prokuroru təsəvvür etdiyim kimi düşünürmüş

Birdən qayıtdı ki:

– Yox, yoldaş Osmanova, mən bu qızdan qorxuram. Yol boyu heç nə danışan deyiləm. Bir də gördün, qəzetin sabahkı nömrəsində felyeton dərc olunub.

Mən də nə deyəcəyimi düşünüb-daşınmadan qəfil söylədim:

– Camaat sizdən qorxur. Siz məndən qorxacaqsız? Məntiqə sığası deyil…

Prokuror ani olaraq duruxdu. Yəqin belə bir cavab gözləmidi. Və birdən elə ürəkdən qəhqəhə çəkdi ki… Mən çaşqın-çaşqın Osmanovaya baxdım. O da uğunub getmişdi…

Utandığımdan yerin dibinə girdim. Ama iş-işdən keçmişdi və bu “işdən keçmiş iş” bir-birimizi tanımağımıza vəsilə oldu. Yol boyu deyə-gülə mənzil başına çatdıq. Və mən bu tanışlıq olmasaydı, ömrümdə inana bilməzdim ki, prokuror dediyimiz bir məmur bu qədər sadə ola bilər. Bu qədər səmimi ola bilər. Bu qədər zarafatcıl və açıqürəkli ola bilər…

… Rayonda çalışdığım sonrakı illər ərzində çox məmurlar, çox rəislər, çox idarə rəhbərləri tanıdım. Jurnalist olaraq, redaksiya işçisi olaraq. Ama ömür kitabımın səhifələrində çox az insan yer aldı. Və bu yerlərdən birinin sahibi kimi İsmət Qayıbovdan söz açdım. Bu, onun iş fəaliyyətindən, şəxsi həyatından, tutduğu mövqedən bəhs edən söz-söhbət deyil. Sadəcə insani keyfiyyətini xarakterizə edən kiçik bir xatirə – epizoddur. Və bu xatirəni bu gün-20 NOYABRda şəhidlik zirvəsindən boylanan VƏTƏNpərvər oğulların igidlik salnaməsinə işıq salan bir xatirə kimi düşünürəm. İsmət Qayıbovun timsalında.

HEÇ ZAMAN UNUDULMAYACAQSINIZ, VƏTƏN OĞULLARI!..

X.İsmayıllı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir