Tağıyev Ruslan Fuad oğlu 12 iyun 1982-ci ildə İsmayıllı rayonunun Qubaxəlilli kəndində dünyaya göz açmışdı
1999-2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kursant olmuşdu. 2003-cü ildə hərbi məktəbi müvəffəqiyətlə bitirərək, 2004-cü ildə Naxçıvan Muxtar Respublikası Sədərək rayonunda “N” saylı hərbi hissədə 5-ci tabor kəşfiyyat tağım komandiri kimi xidmətə başlamışdı.
2005-ci ildə Kəngərli rayonundakı “N” saylı hərbi hissədə kəşfiyyat bölük komandiri vəzifəsinə irəli çəkilir. 2010-2012-ci illərdə isə Culfa rayonunda “N” saylı hərbi hissədə kəşfiyyat bölmə rəisi vəzifələrini icra etmişdi. 2012-2014-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında dinləyici olmuşdu. 2014-2017-ci illərdə Şəmkir rayonunda “N” saylı hərbi hissədə kəşfiyyat şöbə rəisinin baş köməkçisi, 2017-2020 ci illərdə “N” saylı hərbi hissənin 1-ci idarəsinin 1-ci şöbəsinin baş zabiti vəzifəsində çalışmışdı.
Naxçıvanda qulluq edərkən Günnüt əməliyyat planının hazırlanması və icra olunmasında iştirak etmiş və nəticədə böyük bir ərazinin bir gecənin içində düşməndən azad edilməsi əməliyyatında şücaət göstərmiş və fəaliyyətinə görə vaxtından əvvəl ona kapitan rütbəsi verilmişdi. 2019-cu ilin fevral-avqust aylarında Çin Xalq Respublikasında təkmilləşdirmə kursunu bitirmişdi. Növbəti arzusu Türkiyədə ATASEREN-də (Milli Savunma Universitesi) doktorantura təhsilini almaq idi. Bununla bağlı imtahanlardan da keçmişdi. Oktyabr ayında təhsilə başlayacaqdı, Lakin bu arzusu ona qismət olmadı. Tale arzularını başa çatdırmasına imkan vermədi.
Müharibə başlayanda Ruslan Tağıyev artıq polkovnik-leytenant idi. O, 4 noyabr 2020-ci ildə Vətən müharibəsində Laçın istiqamətindəki döyüşlərdə ürəyindən aldığı qəlpə yarasından şəhid oldu. Cəsur hərbçi hər zaman vətənpərlik hissi ilə yaşadı, bu yolda öz canını da qurban verdi. Son nəfəsində isə tək istəyi sonuncu dəfə övladlarının qoxusunu nəfəsinə çəkmək idi.
Ölməz şəhidimizin özündən geriyə 3 övladı – 12 yaşlı Fuadı, 8 yaşlı Poladı və 3 yaşlı Nurayı bizə əmanət qaldı.
Şəhidimiz 2-ci Fəxri Xiyabanda dəfn olunub.
R.Tağıyevin uğrunda canını fəda etdiyi torpağa tapşırılmasından iki il otür. İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən mərasimdə şəhidin əziz xatirəsi rayon ictimaiyyəti, anası Lətifə xanımın, atası Fuadın iş yoldaşları, yaxınlar və doğmalar, təhsil aldığı İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin müəllim və şagirdləri tərəfindən ehtiramla anılıb. Anım mərasiminə gələnlər şəhidin adına inşa edilmiş bulaq-xatirə kompleksinin önünə tər güllər düzüblər. Məktəblilər Vətəni, qəhrəmanlığı tərənnüm edən şeirlər səsləndiriblər.
Ruslan Tağıyev Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə“, “Laçının azad olunmasına görə” və “Qüsursuz xidmətə görə” medalları ilə təltif olunub.
Ruhun şad olsun, şəhidim!