Planetimizin həyat şərtlərinin çətinləşmə mərkəzinə çevrildiyi bir zamanda, günü-gündən artan özbaşınalıqları, hərc-mərclikləri gördükcə, yaxın keçmişi və o keçmişdə yaşayan, vəzifəsinə, elinə-obasına, millətinə duyğu və qayğıyla, sədaqət və vicdanla xidmət etmiş nəcib insanları xatırlayıram. İdealist düşüncəsi ilə özümü onlara bənzətmək istəyilə, özüm də bilmədən ayılıb gördüm ki, bu insanlar bütün vücuduma hopub, ölməz ideallarıma çevriliblər. Vətənimə, xalqıma bağlılığımın tarixi də, elə o insanları dərk edib başa düşdüyüm tarixlə eyni yaşdadır.
İnsan var sağlığında yada düşmür, insan da var yoxluğunda unudulmur. Ahıllıq çağlarımın səksəkəli və sıxıntılı anlarında, yükləndiyim mənfi emosiyalardan yaxa qurtarıb xilas olmaq üçün, əbədi dünyalarına xeyli müddətdir qovuşmuş, özümə ideal bildiyim o insanların məzarlarını ziyarətə yollanıram. Onların sayı o qədər də çox deyil. Bu gün ilk olaraq onlardan yalnız bir neçəsi haqda oxucularla paylaşmaq istəyirəm.
Balaca Mirzə, şahlıq rejiminə nifrət edən ata və böyük qardaşına qoşulub qədim cənub şəhərimiz Sərabdan Bakıya gələndə onun 7, Şərqdə ilk qurulan demokratik quruluşlu Azərbaycan Xalq Cümhuriyyətinin isə bir yaşı yenicə tamam olmuşdu. Erməni-bolşevik birləşmələri tərəfindən işğal edilən Bakı və bir çox ətraf torpaqlarımız xilaskar türk qardaşlarımız tərəfindən təzəcə azad edilmlşdi.
Dünyanın siyasi hadisələr burulğanında çalxalandığı bir dövrdə, ana ağuşundan ayrılıb yad bir şəhərə pənah gətirən kiçik Mirzə, imkan tapıb fabrik-zavod təhsili alır, Zabrat və Balaxanı mədənlərində muzdurluq edir. O, M.Qorkinin tövsiyyəsi ilə Moskva və Peterburq şəhərlərində təhsilini davam etdirməli olur. Yel qanadlı illər arxada qaldıqca, dünənki arxasız, imkansız Mirzə, böyük əzmkarlıq və zəhmət bahasına vəzifələrdə tədricən yüksəlir, tanınmış bir şəxs olaraq xalqına, millətinə təəssübkeşlik edən siyasi və ictimai xadim, əsərləri bir çox dünya xalqlarının dillərində oxunan məşhur ədib, nüfuzlu Xalq yazıcısı Mirzə İbrahimov olur. O, hakimiyyətin yüksək təbəqələrində geniş səlahiyyətlər sahibi olmuş ermənilərin azəri türklərinə qarşı necə amansız, qərəzli siyasətlər yeritdiklərini açıq-aydın gördükcə, için-için yanıb yaxılırdı. Xüsusən, adları tarixə “neft oğruları” kimi düşmüş, ingilislər tərəfindən 1918-ci ilin sentyabrında güllələnmiş 26 Bakı komissarları arasından hiyləgərcəsinə sivrilib çıxan Anastas Mikoyanın, Stalinin 30 illik, Xruşşovun isə 10 illik hakimiyyətləri dövründə, yüksək səlahiyyətlərindən istifadə edib millətimizin başına gətirdiyi gecədən qaranlıq günlərin şahidi olmuşdu. Mikoyan Milli Hökumətimizin devrilməsindən tutmuş, ta 1930-cu illərin represiyalarına və 1948-52-ci illərin qanunsuz köçürmələrinədək bütün planları Kremldə cızıb həyata keçirən baş erməni ideoloqu olmuşdur. Stalin tərəfindən imzalanan bu planlar nəticəsində torpaqlarımız zaman-zaman əlimizdən alınaraq üzərində əvvəlcə Ermənistan, daha sonra isə Dağlıq Qarabağ adlı təcavüzkar qurumlar yaradılmış, millətimizin ziyalı təbəqəsi Nargində, soyuq Sibir tayqalarında, Orta Asiyanın insan yaşamayan, ilan mələyən səhralarında gedər-gəlməz olmuşlar. Əlifbamız bir əsrdə dəfələrlə dəyişdirilərək, kütləvi savadsızlıq yaradılmışdı. Tariximizin bu qanlı səhifələri yazılmadan məhv edilmişdi. Bu qoca iblis ölən günə kimi türkə, azərbaycanlılara qarşı bəslədiyi qərəzli nifrətindən, düşmənçilik hikkəsindən əl çəkmədi. Yüksək həlledici məqamlarda şeytan xislətindən ayrılmadı, daima bədimizə danışdı, yolvuranlıq etdi. Böyük kəşfinə görə Beynəlxalq Nobel mükafatına təqdim olunan akademik Yusif Məmmədəliyevin kəşfini “hərbi sirrdir” adlandırıb mənfi rəy verdi, təqdimatdan çıxartdı. Təbii ki, ona dəstək verənlər də az olmadı. “Arxalı köpək qurd yıxar” demişlər.
Yenə Mikoyanın səyi nəticəsində daha bir neçə mürtəce xaraterli qərarlar həyata keçirilmişdi. Məsələn, suya böyük ehtiyac duyulan Naxçıvanda, Arpaçayın məcrası dəyişdirilərək, tunel vasitəsilə işğal etdikləri, adı Göyçə gölündən dəyişdirilib Sevan adlandırdıqları gölə axıtdılar; İkinci dünya müharibəsində ruslara cahanşümul qələbələr qazandıran, cəbhənin yanacağa olan təlabatının 70 faizindən çoxunu ödəyən Bakıya “Qəhrəman şəhər” statusunun verilməsinə maneçilik törətdi; Ermənistanda bütün dövlət işləri yalnız erməni dilində aparıldığı halda, Azəraycanda beynəlmiləlçilik üstün tutulurdu, rus dili əsas götürülürdü; yabancı ünsürlər əhali arasında dilimizə qarşı biganəlik hissi yaratmağa çalışdılar.
Bütün bunları seyr edən Mirzə müəllim, qəfəsdə saxlanılan qəzəbli pələngi xatırladırdı. Daxilində tüğyan edən arzu-istəklərini həyata keçirmək üçün kiçicik məqam axtarırdı.
Stalinin ölümündən sonra, 1954-1958-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Sədri seçilən Mirzə İbrahimov, ilk qərarlarının biri ilə respublikanın bütün idarə və müəssisələrində işlərin yalnız azərbaycan dilində aparılması barədə qorxmadan fərman vermişdi. Bu, o dövr üçün odla, ölümlə oynamaq riski, atom partlayışına bənzər bir partlayış idi. Ona cürət, qətiyyət və cəsarət tələb olunurdu. Bu fərman, Mirzə müəllimin qəlbində uzun illərdən bəri yaşatdığı Babək, Səttarxan, Bağırxan, Şeyx Məhəmməd Xiyabani, Xosrov Ruzbeh və s. kimi vətənpərvərlərin apardıqları mübarizələrin həyata keçməsinə bənzər bir fərman idi. Bu, böyük bir üsyan və bugünkü müstəqilliyimizə qarşı atılan ilk, ən böyük, möhtəşəm addımlardan biri idi. Bu üsyan, daha əvvəl, 1941-45-ci illər müharibəsi dövründə İranda yerləşdirilmiş sovet qoşunları tərkibində siyasi rəhbər vəzifələrdə çalışan Mirzə İbrahimovun əhali arasında apardığı təbliğatın nəticəsi idi. O vaxt cənublu-şimallı olaraq yarıya bölünmüş Azərbaycanımızın birləşmək şansına çox yaxın olubmuş.
Mirzə İbrahimov 1942-50 ci illər arası, əvvəlcə Azərb.SSR Maarif naziri, sonra isə Azərb SSR Nazirlər Soveti Sədrinin müavini işləyərkən, ermənilərin mətbuat və kitab çaplarında respublikamıza, millətimizə qarşı apardıqları neçə-neçə qərəzli, təxribat xarakterli yazıları ifşa etmiş və bu haqda mütəmadi olaraq Mir Cəfər Bağırovu məlumatlandırmışdı. Bu səpgidə yazılan əsərlərdən birini də, 1888-ci ildə Moskvada doğulan 1982-ci ildə Moskvada ölən, Qarabağın harada yerləşdiyini layiqincə bilməyən Mariette Şaginyan adlı bir yazıcı da yazıbmış. Qarabağı görmədiyi halda kitabının adını “Dağlıq Qarabağ” adlandırmışdı. Mirzə İbrahimov bu haqda M.C.Bağırova məruzə edir. (Bu haqda aşağıda daha geniş danışılacaq).
Mirzə İbrahimovun daha bir cəsarətli hərəkəti, 1988-ci ildə, o zamankı SSRİ başçısı Qorbaçovun bilavasitə himayədarlığı və təşkilatçılığı ilə yaradılan “Qarabağ düyünü” münasibətilə Moskvada – Kremlin Qurultaylar sarayında keçirilən SSRİ Ali Sovetinin növbədənkənar sesiyasında, Mirzə müəllimin ermənilərlə müştərək sözümüz olan “namus”dan söz açması idi. O, sesiyada çıxış edib, bütün SSRİ xalqları nümayəndələrinin gözləri qarşısında ermənilərin öz qonşusu barədə namussuz hərəkət etdikllərini ifşa edərək, bütün dünyaya bəyan etmişdi.
Mirzə müəllim xarici görünüşü kimi daxilən də pak, təvəzökar və səmimi bir insan idi. Onu ilk dəfə, vəzifəli insanları müşaiyyət edən cangüdənlərin olmadığı bir dövrdə, indiki M.Ə.Rəsulzadə küçəsində görmüşdüm. Bir kənd uşağı kimi həyat və yaradıcılığını, əsərlərini kitablardan öyrəndiyimiz bir şəxslə həyatda üz-üzə gəlməyım mənə çox qəribə görünmüşdü. Ən çox marağıma səbəb isə, Mirzə müəllimin yolun hərəkət hissəsinə düşmüş kiçik çörək qırıntısını qaldırıb öpərək, onu “Köhnə univermaq” kimi tanıdığımız binanın divar səkisinə qoyması idi.
***
Əgər sovet dövrünü yaşamış bugünkü yaşlı insanlar arasında sorğu aparıb, respublikamıza 30 ilə yaxın rəhbərlik etmiş Mir Cəfər Bağırovun necə adam olması barədə fikirlərini öyrənmək istəsək, çox az adam tapılar ki, onun barəsində müsbət fikir söyləsinlər. Birisi onu qaniçən, digəri cani, başqa birisi isə “xalq düşməni” olduğunu söyləyəcəklər. Çünki, onu bizə belə tanıtdırmışdılar. Amma, görəsən doğrudanmı, M.C.Bağırov belə adam olubdur?
Həyatımın ilk 15 ili M.C.Bağırovun hakimiyyəti dövrünə düşüb. Etiraf edim ki, Stalinin ölümünə kimi hər bir şəxs bu insanın varlığı ilə yaşayar, ona arxalanar və ona güvənərdi. Hamı onu Stalinin yanında sözükeçən ən yaxın silahdaşı, ən nüfuzlu SSRİ rəhbəri kimi tanıyırdı. Bağırov zəhmətkeş insanların arxalanıb pənah gətirdikləri güvənc yeri idi. Məmur özbaşnalığı, rüşvətxorluq, süründürməçilik, bürokratik əngəllər, qohumbazlıq, sərmayə toplamaq, yerlibazlıq, mənsəbpərəstlik kimi iyrənc hallar olmazdı. Həddini aşanlara barmaq silkələyib: “Bax, yuxarılara çatdıraram haaa”- desəydin, o adam qorxudan sarılığını udardı, şəlpə olub ayaqların altına sərilərdi. Əgər şikayətin “o adam”a çatsaydı, şikayət edilən tezliklə cəzasını alardı. Bəs necə oldu ki, həmişə uzun günlüklü kepkada, beli qayışla büzmələnən köynəkdə görməyə adət etdiyimiz, sadə geyimi ilə heç kəsdən fərqlənməyən bu insan birdən-birə “xalq düşməni” oldu?
XX əsrin 30-cu illəri sovet rejiminin ən qanlı səhifələrindən biri olubdur. İnsanların kütləvi represiyaları, ziyalı, qabaqçıl təbəqənin müxtəlif adlarla şərlənərək məhv edilmələri, bu illərdə olmuşdur. Bu cür hallar Sovet imperiyasının ən ucqar nöqtələrində belə həyata keçirilmişdir. Bu, Kremlin, rejimin tələbi idi. Qonşu qonşunun, ata oğulun, oğul atanın, qardaş qardaşın üzünə dirənən bir dövran olubdur o dövr. Bu, Moskvanın, erməni-bolşevik qruplaşmasının, SSRİ NKVD komissarı, general Nikolay Yejovun düşünülmüş, məqsədyönlü planları idi. Stalinin, Xruşşov və Beriya tərəfindən zəhərlənərək öldürülməsindən sonra hakimiyyətə gəlmiş Xruşşov, özlərinin törətdikləri bu cinayətləri Stalinin və onun yaxın silahdaşlarının adına çıxdılar. Belə silahdaşlardan biri də, M.C.Bağırov olmuşdur.
Əgər yaşadığımız planetin ən möhtəşəm, ən ədalətli hakimləri nizam-tərəzini qurub, “M.C.Bağırov” işini yenidən tədqiq edib, ədalət naminə təzədən baxılsaydı, Xruşşov-Mikoyan cütlüyünün yalancı ittihamları, Yejovun qulaqlarına Hüseyn Cavidlərin, Əhməd Cavadların, Mikayıl Müşfiqlərin və s. repressiya pıçıltıları Bağırovun üstündən götürülsəydi, onun vətən, millət qarşısındakı xidmətləri nəzərə alınsaydı, əminəm ki, hakimlər heyəti yekdilliklə Bağırova Bakının ən yüksək nöqtəsində tuncdan heykəl qoyulması qərarını qəbul edərdilər.
Bağırovun xalq qarşısında göstərdiyi misilsiz xidmətlərindən bəziləri haqda danışmaq istəyirəm…
Levon Mirzoyanın respublikaya bir illik rəhbərliyi zamanı Zəngəzur mahalı Azərbaycandan ayrılıb Ermənistana birləşdirildi; Bakının ən görkəmli yerində, müxtəlif yerlərdən köçürülüb gətirilən ermənilər üçün “Ermənikənd” adlı nəhəng, yeni bir qəsəbə salındı; 1918-ci ilin martında ermənilərin Bakıda törətdikləri qətliamda həlak olan azərbaycanlıların dəfn olunduqları “Çəmbərəkənd” qəbristanlığı park salınmaq bəhanəsilə, izi itirmək məqsədi ilə dağıdılaraq, başqa əraziyə köçürüldü. Erməni yazarlar da öz növbələrində bekar durmayıb bu uğurlardan ruhlanaraq millətimizi aşağılayan yeni-yeni əsərlər yazmaqda davam edirdilər. Yuxarıda qeyd etdiyim kimi yalan, iftira və böhtan xarakterli belə bir əsəri Marietta Şaginyan da yazmışdı. Maarif naziri işləyən Mirzə İbrahimov bu haqda M.C.Bağırova məruzə edəndə, o, Şaginyanın, adını “Dağlıq Qarabağ” qoyduğu bu kitabından çox əsəbiləşmiş və SSRİ miqyasında yayılmış bü kitabın bütün nüsxələrinin qısa bir müddətdə yığışdırılmasına nail olmuşdu. Şaginyan çox keçmir ki, Bağırova üzrxahlıq məktubu yazır, səhvlərini etiraf edir və düzəlişlərlə əsərin yenidən çap edilməsinə razılıq verməsini xahiş edir. M.C.Bağırov nəinki Şaginyanın bu xahişinə müsbət cavab verir, hətta bir müddətdən sonra onu Moskvadan Bakıya gələn ədəbiyyat və incəsənət xadimləri arasında görəndə, çox alçaldıcı və təhqiredici sözlərlə otağından qovubmuş. (Qeyd: sonradan bu əhvalat bir maddə olaraq M.C.Bağırovun ittihamları sırasına əlavə edilir).
1813-cü ildə Rusiya ilə İran arasında bağlanılan “Gülüstan” müqaviləsinə əsasən parçalanan Azərbacanımızın, 1946-cı ildə yenidən birləşmək şansı çox yüksək olubmuş. Tədqiqatçılar yazırlar ki, M.C.Bağırov bu haqda İ.V.Stalinə ağız acır. Lakin qarşı tərəf buna etirazını bildirir. Aldığı mənfi cavabdan çox mütəəssir olan M.C.Bağırov, bu zaman ucadan, hönkürtülü səslə, bütün vücudu ilə ağlayıbmış.
Mir Cəfər Bağırovun daha bir fədakarlığı barədə. 1945-ci ildə, müharibədən dərhal sonra, Ermənistanın o vaxtkı MK katibi A.Harutunyan Moskvaya müraciət edir ki, Dağlıq Qarabağ əhalisinin əksəriyyəti erməni olduğu üçün onu Ermənistana biləşdirsinlər. Moskva M.C.Bağırovun rəyini öyrənmək üçün Harutunyanın müraciəti ilə onu məlumatlandırır. M.C.Bağırov təxirə salmadan təkzibolunmaz faktlarla qarşı tərəfə cavab verir ki, əgər əhali çoxluğu əsas səbəbdirsə, onda Dərbənd və Məhərrəmkənd Rusiyadan, Vedi, Qarabağlar və Əzizbəyov rayonu Ermənistandan, Borçalı Gürcüstandan alınaraq Azərbaycana qaytarılsın. Ancaq o zaman, Şuşa istisna olmaq şərtilə, Dağlıq Qarabağ Ermənistana birləşdirilə bilər. M.C.Bağırovun bu cavab məktubu Stalindən tutmuş, ta erməni oyuncağı olan, SSRİ-ni dağıdan Qorbaçov da daxil olmaqla Kreml rəsmiləri tərəfindən arxivlərdə gizlədildi.
Bağırov əleyhinə danışanlar, çox vaxt onu represiya illərində Nargin adasında güllələnən, Sibirdə, Orta Asiya səhralarında, Şimal Buzlu okeanı sahillərində dözülməz şəraitdə həlak olan 29 min soydaşımızın gedər-gəlməzliyində günahlandırırlar. Qeyd etmək istəyirəm ki, bu rəqəm digər respublikalarda olan rəqəmlərin yanında cüzi bir hissə təşkil etdiyi üçün, hətta “Arqumentı i faktı” jurnalında bu barədə dərc edilən siyahıda Azərbaycanın adı belə yoxdur. Acı da olsa, 1937-38 illərdə say-seçmə ziyalılarımızın aradan götürülməsində NKVD generalı Yejova tulalıq edən, markaryanlara, qriqoryanlara, sumbatyanlara, yemelyanovlara öz qələmi ilə “xidmət” etmiş başabəla satqın ruhlu ziyalılarımız da az olmayıbdır. O illərdə buraxılan “Ədəbiyyat və incəsənət” qəzetində Hüseyn Cavid barədə dərc edilən şerə diqqət yetirin:
“Azərbaycan şairi” olsa da murdar adın,
Soltanların, şahların sinisini yaladın…
…O murdar arzuların torpaqlara gömüldü.
Sənin yaratdıqların özündən əvvəl öldü.
(Ardı var)