Gəndov İsmayıllı rayonunun kiçik kəndlərindən olsa da, onun yerləşdiyi məkan olduqca cazibədar, füsunkar təbiətə malikdir. Girdiman çayının hay-harayı, qışın sərtliyi, yayın sərinliyi bu balaca kəndin sakinlərini, sevimli qonaqlarını özünə bağlamaqdadır. İnsanları da bu yerin havası, suyu kimi saf və təmiz, dağları, qayaları kimi vüqarlı, əzəmətli, mərd və mübarizdirlər.

Birinci Qarabağ müharibəsi illərində kəndin say-seçmə oğulları da döyüş bölgəsinə yollandı, Vətən torpaqlarını qorumaq üçün ölüm-dirim savaşına girdi.

Gəndov kəndi Birinci Qarabağ savaşında 4 şəhid verib. Onlardan biri – Mürsəlov Qulam Yaqub oğludur. Sovet ordusunda hərbi xidməti başa çatdırdıqdan sonra yenicə ailə həyatı qurmuşdu. Vətəni darda görüb cəbhəyə könüllü getdi. 1994-cü ildən bu yana onun nə ölümündən, nə də sağ qalmasından xəbər var. Ona şəhidlik statusu verilsə də, anasının – Əflatun Eyyub qızının həsrət dolu baxışları hələ də yollardan çəkilmir.

Övladları, nəvə-nəticələri, yaxınları Əflatun ananın 80 yaşını qeyd etməyə toplaşıblar. Bu yubileyə münasib olaraq kəndin xeyirxah sakinləri tərəfindən kənd içindən keçən el yolu kənarında bu məkanın yetirməsi, 4 şəhid qəhrəmanımızın adına xatirə lövhəsi ucaldılıb.

1942-ci ilin oktyabr ayının 16-da dünyaya göz açmış, 3 oğul, 5 qız böyütmüş Əflatun nənənin yubileyinə toplaşanlar xatirə lövhəsinin açılışında iştrak etdilər. Çıxış edənlər şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan razılıqla söz açdılar. Şəhidlərin heç zaman unudulmayacağı hər çıxışda bir daha ifadə olundu.

Qurulan xatirə lövhəsi Əflatun ananın yaşadığı evin həyət qapısı ilə yaxın məsafədə, üz-üzədir. Bundan sonra bu xatirə lövhəsi onun hər səhər üz tutacağı, salam söyləyəcəyi ünvan olacaq..

Ş.Soltanov

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir