Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, hər şəhər, hər kənd, hər qəsəbə öz qabaqcıl, uzaqgörən oğulları ilə tanınır. El-oba öz oğlunu ucaltdığı kimi, yaxşı oğul da öz el-obasının adını ucaldır, doğulduğu məkana şöhrət gətirir.

Ömür nərdivanının 70-ci pilləsində qərar tutmuş Hikmət Haqverdili də cavan yaşlarından əsl ağsaqqal kimi hərəkət edib. O öz bacarığı, qabiliyyəti sayəsində böyük kamilləşmə yolu keçib. Necə deyərlər, öz taleyini özü yaradıb. Onun kimi oğullar nəinki doğulduğu Lahıc qəsəbəsinin, İsmayıllının, tam cəsarətlə deyə bilərəm ki, Azərbaycanın başucalığıdır. Hikmət Haqverdili böyük pedaqoq, işıqlı ziyalı olduğu qədər də sadə bir insandır. Onun böyüklüyü də sadəliyindən hiss olunur. Bütün ömrü boyu böyük səbirlə və hədsiz inadcıllıqla bütün maneələri aşaraq addım-addım, pillə-pillə ali məqsədə doğru irəliləyib. Heç bir maneə onu həvəsdən salaraq yolundan döndərə bilməyib.

Xasiyyətinin görünməyən tərəfləri

Nitşe gözəl deyib: “Gözəgörünməz tellər bütün tellərdən bərk bağlayır”. Həqiqətən də belədir. Hikmət Haqverdilinin elə xüsusiyyətləri var ki, bundan bir çoxunun xəbəri yoxdur. Onda insanlara qarşı elə gözəl cəhətlər var ki, bu cəhətləri görmək, hiss eləmək o qədər də asan məsələ deyil.

Onun bir böyüklüyü də xasiyyətinin görünməyən tərəfləridir. Hər dəfə o kişinin böyüklüyündən söz düşəndə istər-istəməz “Mimino” kinofilminin qəhrəmanı Vaxtanq Kikabidzenin mahnılarının birində oxuduğu sözləri xatırlayıram:

Mən həyatda var-dövlət yığmadım,

Mənim qazancım yaşadığım illərdir.

Bu illərin üstünə qazanılmış dostları da əlavə etmək lazımdır. Azərbaycanın elə bir rayonu, elə bir şəhəri, İsmayıllının elə bir kəndi yoxdur ki, Hikmət müəllimin dostu, yaxud tanışı olmamış olsun. Bu mənada onun 70 illik ömrünün illəri hədər yerə ötüşməyib. Təkcə yaşadığı bu 70 ilə və qazandığı dostlara görə ondan varlı adam, mənalı və şərəfli yaşayan insanlar barmaqla sayılacaq qədərdir.

Ürəyimdən gələn səslər

Həyatı, ömrü pulla qiymətləndirmək olmaz. Pul əl çirkidir. Bu gün var, sabah isə olmaya bilər. Bəs hörmət, bəs şöhrət? Onları pulla almaq mümkündürmü? Yox. Çünki hörmət və izzət pulla alınmır, onu göstərdiyin xeyirxahlıqla əldə edə bilərsən. Hikmət Haqverdilinin də elə mənalı və yaddaqalan günləri olub ki, həmin o günləri qiymətləndirmək, pulla almaq qeyri-mümkündür.

Hikmət müəllim dünyaya sanki yaxşılıq eləmək üçün gəlib. Yoxsul və ehtiyacı olanları həmişə razı salıb. Özündən sonra silinməz bir iz qoyacağı da məlumdur.

O, var-dövlət əsiri olsaydı, 70 illik ömrünü kef-damaqda yaşayardı. Ancaq o, gördüyü yaxşı işlərlə ləzzət alır. Yaxşılıq edəndə mənən sakitləşən kimi olur. Bu günlərdə Basqalın “canlı ensiklopediyası” hesab edilən Miryavər Hüseynovun Basqal qəsəbəsində keçirilən ildönümü mərasimində onunla həmsöhbət oldum. Sözarası belə bir fikir işlətdi: “Dünyada ən çox sevdiyim şey hoyuna yetdiyim, əlindən tutduğum adamların üzündəki xoşbəxtlik nişanələrini görməkdir, hiss eləməkdir”.

Hikmət müəllim neçə-neçə insanın qəlbində isti yuva qura bilib. Lahıcda hamı onu sevir – böyüklər də, uşaqlar da…

Ovucumun içi kimi tanıdığım ziyalı

Haraya gedibsə, ora şadlıq, sevinc gətirib. Bəli, onun kimi adamların lahıclı olması ilə öyünmək lazımdır. Mən Lahıc qəsəbəsindən deyiləm. Basqallıyam, amma Hikmət müəllimi ovucumun içi kimi tanıyıram. Rayon, eləcə də İsmayıllı ziyalılarının Bakıda keçirilən tədbirlərində, toyda-büsatda özünün davranışı, qabiliyyətinə görə ona həmişə böyük hörmətim, rəğbətim olub. Çünki mən işgüzar adamlara, çevik və bacarıqlı, qabiliyyətli insanlara, el-obasını öz canı qədər sevənlərə rəğbət bəsləyirəm. Odur ki, gəlin səmimi olaq. Hər kəsi öz bacarığına, qabiliyyətinə görə qiymətləndirək. Azərbaycanımızın Miryavər Hüseynov, Hikmət Haqverdili, Fərman Bəşirov, Şəfaqət Rəsulov, Qalib Bəşirov, Əhmədağa Ələkbərov, Məhəmmədhaqqı Ağayev kimi ziyalı oğullarını, şöhrətli kişilərini, nüfuzlu pedaqoqlarını unutmayaq, onlardan öyrənək, onlar kimi olmağa çalışaq.

Yazmışam, yenə yazıram: Miryavər Hüseynov bir günəş idi. Hikmət Haqverdili də o tipli, xasiyyətli bir ziyalımızdır. O öz həyatını, öz taleyini yaşayır. Mənim işim bu yazıda onun yaxşı cəhətlərini, müsbət keyfiyyətlərini işıqlandırmaqdır. Onun haqqında dostları, həmyerliləri ilə söhbət edəndən sonra belə nəticə çıxarmışam. Belə nəticə çıxarmışam ki, onu yaşadığımız dövrümüzün ideal insanı kimi qəbul və xarakterizə etmək mümkündür. Hər halda bu mənim fikrimdir. Mən öz fikirlərimi yazıram və öz fikirlərimi kiməsə zorla qəbul etdirmək də istəmirəm. Hər halda o kişidən söz düşəndə onun barəsində kəlmə kəsməmişdən öncə Allahı yada salmaq lazımdır. Əgər Hikmət Haqverdili bir neçə kimsəsiz adama belə əl tutsaydı, yenə də Rəbbimizin sevdiyi bəndələrdən olacaqdı

70-dən 71-ə addımlayarkən

Hikmət Ağaməmməd oğlu Haqverdili 1952-ci il oktyabr ayının 1-də İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. O, 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə qəbul olunub. 1973-cü ildə təhsilini uğurla başa vurub, əvvəlcə İsmayıllı rayonunun Həftəsiyab kənd orta məktəbində, sonra isə Lahıc qəsəbə orta məktəbində riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. 1982-1988-ci illərdə Lahıc qəsəbə orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini işləyib. 1988-ci ildən indiyədək həmin məktəbin direktoru vəzifəsində çalışır.

34 il bir igidin ömrüdür. 34 il bir kollektivə rəhbərlik etmək, çətinliyə qatlaşmaq, sevdiyin sənətinlə bağlı istədiyin işləri həyata keçirmək sizə asan gəlməsin.

Hikmət müəllim 1984-cü ildə “Qabaql maarif xadimi” döş nişanı, Təhsil Nazirliyinin, İsmayıllı rayon icra hakimiyyətinin və rayon təhsil şöbəsinin fəxri fərmanları ilə təltif edilib, Azərbaycan müəllimlərinin X, XI və XIII qurultaylarının nümayəndəsi seçilib. Fəal təlim metodlarının tətbiqi ilə əlaqədar 2006-cı ildə Litva Respublikasının Vilnüs şəhərində və 2008-ci ildə Türkiyə Respublikasının Bilkənd Universistetində ezamiyyətdə olub. Hikmət müəllim həmçinin “SPARE” beynəxalq təşkilatının xətti ilə 2011-ci ildə Gürcüstan Respublikasının Batumi, 2012-ci ildə isə alternativ və bərpa olunan enerji məsələsi ilə əlaqədar Telavi şəhərində seminarlarda iştirak edib.

Prezident İlham Əliyevin 3 oktyabr 2007-ci il tarixli sərəncamı ilə ona Respublikanın Əməkdar müəllimi fəxri adı verilib.

1959-cu ildə məktəbin 70, 1998-ci ildə 110, 2008-ci ildə 120 illik yubleyləri təntənə ilə qeyd olunub. Sonuncu tədbirdə ovaxtkı təhsil naziri Misir Mərdanov iştirak edib. Lahıc qəsəbə orta məktəbini xeyli məzun bitirib. Onların sırasında müəllim, həkim, hərbçi, iqtisadçı və başqa sənət sahibləri də var. Məktəbin yetirmələrindən alim, yazıçı, şair, mədəniyyət və incəsənət xadimi, yüksək rütbəli zabitlər də olub. 120 nəfərdən çox elmlər doktoru və professor, 4 nəfər akademik bu məktəbin yetirməsidir. Son illərdə məktəb bir neçə dəfə rayon üzrəİlin ən yaxşı tədris müəssisəsi” müsabiqəsinin qalibi olub.

Xasiyyətindəki özünəməxsusluq

Hikmət müəllim həyatda nəyə nail olubsa, hamısı zəhmətinin sayəsindədir. Onun sayılıb-seçilən pedaqoq olmağı da, nümunəvi ziyalılığı da, bir sözlə, hər bir fəaliyyəti ağır zəhməti hesabılna başa gəlib. Hər hansı sözünü, fikrini dəfələrlə beynində cilaladıqdan sonra üzə çıxarıb. Çəkdiyi zəhməti yetişdirdiyi şagirdlərə, gənc müəllim yoldaşlarına, həmkarlarına da aşılaya bilib. Keçmiş məzunlarının haqqında eşidilən xoş sözlərin çoxu bir pedaqoq, orta təhsil müəssisəsinin rəhbəri kimi Hikmət müəllimə ünvanlanıb.

Hikmət Haqverdili təkcə rəhbərlik etdiyi insanlara deyil, həm də müəllim kimi çalışdığı kollektivə tələbkarlıq vı nəzakət göstərməyi bacarıb. Elə bunların nəticəsidir ki, bu insanlar onun hörmətini saxlayırlar.

Hikmət müəllim öz xarakterinə, davranışına obyektiv, düzgün qiymət verən, həddindən artıq sadə və səmimi insandır. Onun sadəliyində və səmimiliyində özünəməxsusluq var. Sadəlik və səmimiyyət onun ayrılmaz xüsusiyyəti kimi sanki ona anadangəlmə verilib. O, üzdə nə qədər sadə görünürsə, mənəviyyatca bir o qədər zəngindir. Bu zənginlik onun hərəkətlərində, söhbətlərində, başqaları ilə ünsiyyətdə özünü tamamilə təsdiqləyir.

Və sonda.

Zəhmətlə qazanıb şanışöhərti,

Qəlbində yaşayıb el məhəbbəti.

Yayılıb hər yana kişi qeyrəti,

Dağlar tək vüqarlı Hikmətimiz var.

Həyatda əbədi izi qalıbdı,

Söhbəti qalıbdı, sözü qalıbdı.

Ocaqda sönməyən közü qalıbdı,

Dağlar tək vüqarlı Hikmətimiz var.

70-i yaşayıb dünya üzündə,

Göylərə ucalıb elin gözündə.

Kişi qeyrətində, kişi sözündə,

Dağlar tək vüqarlı Hikmətimiz var.

Daşdəmir ƏJDƏROĞLU

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir