“Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim… Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm” – Ulu Öndər Heydər Əliyev.
Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev 1991-ci il 3 sentyabr tarixində Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri seçilib. Böyük istəklərin və təkidlərin nəticəsində Ali Sovetin sədri seçilməsi Azərbaycanın milli dövlətçiliyinə yeni nəfəs gətirdi. Fenomen və dahi şəxsiyyətin dövlətçilik yolunda atdığı bütün addımlar milli dövlət quruculuğunun təməl prinsiplərini əks etdirməklə yanaşı, onun gücləndirilməsində də öz töhfələrini verib. Hərçənd milli dövlət quruculuğunun təməl prinsipləri isə zəngin təcrübəyə əsaslanır.
Ümummilli liderin siyasi fəaliyyəti, azərbaycançılıq məfkurəsi, biləvasitə onun iradəsi ilə qəbul edilmiş qərarlar Azərbaycanın uğurlu gələcəyinin başlanğıc yeri oldu. Heç şübhəsizdir və heç kəsə sirr deyildir ki, Naxçıvan Muxtar Respublikasının xilası və Azərbaycan xalqının dirçəlişi birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin yaradıcısı və banisi Ulu öndər istər SSRİ dönəmində, istərsə də müstəqillik illərində xalqın rifahının yaxşılaşdırılması üçün bütün qüvvəsini xalqı üçün səfərbər etmiş, dövləti üçün misilsiz xidmətlərin iştirakçısına çevrilmişdir.
Qeyd ediləsi vacib motivlərdən biri də, ölkədə sabitliyin bərqərar edilməsi istiqamətində atılan addımlar olub. Hansı ki, ölkədə siyasi qarışıqlığın tüğyan etdiyi, elektrik enerjisinin olmadığı və sosial-iqtisadi durumun zəif olduğu bir dönəmlərdə bu sabitliyin qorunub saxlanılması olduqca böyük zəhmət hesabına başa gəldi.
Atılan qəti və uğurlu addımlar, keçirilən islahatlar, həmrəylik istiqamətində yayılan vətənpərvərlik ideyaları xalqın tarix salnaməsinə Vətənə sədaqət motivləri üzərindən kök saldı. Hələ Ali Sovetin sədri işlədiyi dönəmlərdən etibarən Vətənə sədaqət, Vətənə və millətə xidmət ideyaları uğrunda xalqı birləşməyə səsləməsi onun obrazında təcəssüm olunmuşdur.
Elmi Məmmədli,
İsmayıllı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi