Neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin dünya bazarına nəqlidir.Neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, İNOQEYT, TRASEKA və digər nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrilmişdir.

Azərbaycanla İtaliya arasında əlaqələrin yüz ildən artıq yaşı var. Xalq Cümhuriyyəti dövründə Azəbaycanın mandatı bu ölkəyə verilmişdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da iki ölkə arasında iqtisadi-siyasi əlaqələr inkişaf edib. İtaliya kənd təsərrüfatı və sənaye sektorlarında mütərəqqi texnoloji avadanlıqların tətbiqi sahəsində böyük təcrübəyə malikdir. Odur ki, İtaliya şirkətlərinin Azərbaycanda həyata keçirilən investisiya layihələrində, sənaye zonalarında, aqroparklarda, logistik mərkəzlərin yaradılmasında iştirakı əməkdaşlığımıza əlavə stimul verə bilər. Güclü dayaqlara malik Azərbaycan beynəlxalq arenada həm də etibarlı tərəfdaş ölkə kimi tanınır. Dövlət başçısı İlham Əliyevin qətiyyətli və səmimi xarici siyasət kursu Azərbaycanı ən yüksək tribunalarda tanıtdırmaqda davam edir.

Prezidentin İtaliyaya səfəri də bu baxımdan xüsusi diqqət çəkirirdi. Səfər çərçivəsində dövlətimizin başçısının İtaliya Prezidenti və İtaliya Baş naziri ilə görüşləri, aparılan danışıqlar Azərbaycan-İtaliya münasibətlərinin inkişafında mühüm əhəmiyyət kəsb etməklə yanaşı, yeni bir mərhələnin əsasını qoydu. Prezident İlham Əliyevin İtaliya səfəri zamanı xüsusi önəm daşıyan əsas hadisələrdən biri isə şübhəsiz ki, İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirakı və çıxışı idi. Azərbaycan liderinin bu foruma xüsusi qonaq kimi qatılması da həm ölkəmizə, həm də onun rəhbərinə verilən yüksək qiymətin nümunəsi idi. Prezident İlham Əliyevin sözügedən forumda xüsusi statusla iştirakı təsadüfi deyildi. Belə ki, bu forum dünyanın mühüm məsələlərinin müzakirə edildiyi və nüfuzlu dövlət başçılarının, ictimai-siyasi xadimlərin, politoloqların iştirak etdiyi bir mərkəz kimi tanınır. Ölkə rəhbəri forumdakı çıxışında beynəlxalq ictimaiyyətə önəmli mesajlar verməklə həm yeni geopolitik durumun real mənzərəsini yaratdı, həm də yeni siyasi-iqtisadi münasibətlərin zəruriliyini diqqətə çatdırdı.

Prezident İlham Əliyevin forumda qeyd etdiyi kimi, Avropanın enerji təhlükəsizliyi ilə bağlı bu gün yalnız təbii qaz müzakirə mövzusu deyil, həmçinin danışıqlara enerji bazarının digər seqmentləri, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir.

Yeri gəlmişkən, ölkəmiz sadalanan məsələlərin həlli istiqamətində yeni layihələrin icrasını planlaşdırır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolundan danışan Prezident bildirib ki, ölkəmiz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərinə götürüb və bunu uğurla gerçəkləşdirib. Bundan başqa, respublikamızın rəhbəri artan ehtiyacı təmin etmək üçün hazırda sıx əməkdaşlığa və əlaqələndirməyə ciddi ehtiyac olduğunu, bu məqsədlə Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verildiyini diqqətə çatdırıb.

Təranə Mustafayeva,

İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin bələdçisi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir