Məlumdur ki, Qarabağ Azərbaycan üçün təkcə resurslarına görə deyil, əzəli-əbədi torpaqları olaraq milli qürur məsələsidir.
Prezident İlham Əliyev cari ilin 16 sentyabr tarixində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxışı zamanı bir daha bu mövzuya toxunaraq bildirib ki, 30 illik münaqişəni nəhayət, Azərbaycan özü həll etdi. Erməni faşistləri Azərbaycan torpaqlarını işğal edən zamandan BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk Qrupunun Ermənistan Silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri kağız üzərində qalmışdı. Azərbaycan bu qətnamələrin, bu danışıqların davamını gözləsə idi, torpaqlarımız demək olar ki, heç vaxt işğaldan azad edilməyəcəkdi. Odur ki, Ali Baş Komandanımızın əmri ilə Azərbaycan Ordusu 44 gün ərzində erməni quldurlarını əzəli-əbədi torpaqlarımızdan darmadağın edərək qovdu. Tarixi ədaləti bərpa etdi.
Xatırladaq ki, Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İlkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işləməliykən təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbə oldu.
Ölkə başçımızın qatıldığı mötəbər görüşdə ŞƏT tərəfindən qəbul olunmuş sənədlərdə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət, terrorizm, separatizm və ekstremizmə qarşı mübarizə kimi tədbirlərdə qəti şəkildə öz əksini tapıb ki, bu da Azərbaycanın bu təşkilatla əməkdaşlığını daha da gücləndirən məsələlərdən biridir.
ŞƏT-ə üzv dövlətlərin əksəriyyəti ilə Azərbaycanı yaxın dostluq, bir qismi ilə qardaşlıq, strateji tərəfdaşlıq münasibətləri birləşdirir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Səmərqənddə keçirilən sammitdə Azərbaycana dost və qardaş, strateji tərəfdaş kimi dəvət olunmuşdu. Bu dəvət Azərbaycan-Özbəkistan münasibətlərinin dərin məzmununu, hər iki dövlətin prezidentləri arasındakı dostluq münasibətlərini ifadə etməklə yanaşı, Prezident İlham Əliyevin qlobal və regional nüfuzunun təcəssümüdür. Prezident İlham Əliyevin sammit çərçivəsində keçirdiyi hər bir görüş də Azərbaycanın regionda və dünyadakı mövqelərinin ifadəsi, rəsmi Bakının malik olduğu qlobal nüfuzun təsdiqidir.
Bir daha xatırlatmaq yerinə düşər ki, Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib.
Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirib və keçirməkdə davam edəcək. 2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycanın sədrliyi yekdilliklə daha bir il – 2023-cü ilə qədər uzadılıb və bu, ölkəmizə olan hörmətin və etimadın göstəricisidir.
Lakin təəssüflər olsun ki, Ermənistan hələ də destruktiv mövqe nümayiş etdirməklə Qafqazda sülhün bərpasını ləngidir, öz düşmən mövqeyini ortaya qoymaqdan çəkinmir.
Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır. Ermənistana dəstək göstərən və təxribatlara göz yuman ölkələr regionun inkişafını istəməyən qüvvələrdir.
Unutmamalıdırlar ki, Azərbaycanın inkişafı və siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanəti ola bilər.
Rövşən Əliyev,
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri