Sovet dönəmində gəncləri birləşdirən bir mətbu orqanı var idi. Adına “Azərbaycan gəncləri” qəzeti deyilirdi. Görkəmli yazıçı və jurnalist Cəmil Əlibəyovun redaktoru olduğu bu qəzet, 14 yaşdan tutmuş 35 yaşadək olan bütün gənclərin həyatında, onların milli ruhda tərbiyə edilməsində, peşə seçimində, ümumiyyətlə, gələcək cəmiyyət üçün yararlı bir şəxsiyyət kimi yetişməsində əvəzsiz xidmətləri olmuşdur. Redaksiya tərəfindən dövrü olaraq qəzet səhifələrində gəncləri düşündürən ailə-
məişət, təhsil, təlim-tərbiyə və s. problemləri qaldırılır, ümumrespublika miqyasında müzakirə edilir, hər kəs öz rəy, təklif, fikir və düşüncələrini qəzetə yazıb bildirirdilər. Buna disput deyilirdi. Belə disputlardan biri keçən əsrin 60-cı illərində geniş müzakirəyə səbəb olmuşdu. Mövzunun adı: “Biz bir-birimizə necə müraciət etsək yaxşıdır?” – idi.
Xatırladım ki, sovet quruluşu adda fəhlə-kəndli hökuməti olduğundan, o cəmiyyətdə insanlar arasında təbəqələşmə, sinifləşmə yox idi. Hamı – Stalindən tutmuş, qoyun otarana kimi bir-birinə “yoldaş” deyə müraciət edərdilər. İndiki kimi sicilləmə çoxmərtəbəli, çoxtitullu müraciət formaları yox idi. Nə isə, müzakirələrdə iştirak edənlər müraciət forması kimi “bəy”, “xan”, “xanım”, “qardaş”, “bacı”, “müəllim” və s. kimi fikirlər irəli sürüb müzakirəyə çıxarırdılar. Disputa məktub yazıb öz fikrini ortaya qoyanlardan biri də SSRİ Xalq artisti maestro Niyazi idi. Onun məktubunun məzmunu indi də yadımdadır. O yazırdı: “Mən müraciət forması kimi təklif olunan “bəy”, “xanım”, “xan” kimi sözlərin tamamilə əksinəyəm. Çünki, bu ifadələri işlədərkən bədahətən “nökər”, “qaravaş”, “qulluqçu”sözləri də yada düşür” – demişdi. Əlbəttə, maestrodan sonra bu kəlmələr birdəfəlik olaraq aradan götürüldü, bir daha adını çəkən olmadı. Maraqlı burasında idi ki, maestro Niyazi özü bəy nəslinə mənsub ola-ola o ifadələrin əleyhinə idi.
Müzakirələr qəzet səhifələrində iki aya kimi davam etdi. Son söz olaraq fikirlər “müəllim” ifadəsinin üstündə qərarlaşdı, baxmayaraq ki, SSRİ-də sosializmin süquta yetdiyi 1991-ci ilə kimi “yoldaş” ifadəsi hələ də qüvvədə qalırdı. Zaman dəyişdi, zövqlər dəyişdi, şüur dəyişdi, baxışlar və hər şey yeniləşdi. İnsanlar bir haya bənd imiş ki, tez bir zamanda təbəqələşməyə başladılar, yerişlərini tərgitdilər. Dünəninə, keçmişinə ikrah hissi ilə baxdılar. Kameralı darvazalar arxasında tikilən villaların sayı çoxaldıqca, mənəvi dəyərlərimiz də bir-bir aradan çıxmağa başladı. Dünənki canı bir, çörək təknəsi bir qonşular, qohumlar yadlaşdılar, təbəqələşdilər. Ortaya “bəy”, “xanım” kimi sözlər gəldi. Daha sonra isə “müəllim” ifadəsi digərlərini üstələyib ilk pillədə durdu. İndi hər yerdə: bazarlarda, marketlərdə, banklarda, idarələrdə, avtobusda, metroda, küçədə, parklarda və s. yerlərdə hamı bir-birinə layiq oldu olmadı “müəllim” deyə nəzakətlə müraciət edirlər. Amma, bu ifadələr heç də bizim şüurumuza həkk edilmiş əsl müəllim “dadını” vermir. Çox vaxt ironiya kimi, bəzən də təhqir kimi cingildəyir adamın qulaqlarında bu ifadələr.
Müəllimlərimizi yeməyən, içməyən müqəddəs səmavi bir varlıq kimi tanıtdırmışdılar bizlərə. Bəzən şıltaqlıq edib yolumuzdan azdıqda, valideyinlərimiz etdiyimiz yanlışlıqları müəllimlərimizə xəbər verəcəkləri ilə hədələyərdi bizləri. Ən doğru sözü müəllimlərimizin dediklərini bilərdik. Müəllimlərimizin iştirak etdiyi məclislərə getməzdik. Müəllimlərimizin yaşadıqları evlərin həndəvərinə burulmaqdan ehtiyatlanardıq. Ehtiyat edərdik ki, birdən müəllimlərimiz bizi görər, avaralandığımıza irad tutar. Müəllim cəmiyyətin ən öndə gedən təbəqəsi idi. Rayon, kənd yerlərində işləyən müəllimlərə xüsusi hökumət qayğısı göstərilərdi, odun, duru yanacaq pulsuz idi onlara…
Müəllim ərəb sözü olub, “öyrədən”, “bilmək”, “başa düşmək” anlamındadır. Əfsuslar ki, bu gün bu müqəddəs adla, şagirdlərinin, tələbələrinin bilikli olmaları üçün canlarını fəda etməyə hazır olan, aldığı maaşı ayın başına çatmayan əsl müəllimlərlə yanaşı, sonuncu toyuq-cücəsini, mal-qarasını satmaqla diplom əldə edənlər də, saxta diplomlular da, zaçotu, imtahanı pulla yazan portfelli profrssorlar da, qohumbazlıqla, yerlipərəstliklə, pulla vəzifələrə yüksələn rüşvətxor, yetimin, şəhidin, qazinin, əlilin, qocanın, kimsəsizin payını mənimsəyən qaniçən məmurlar da, cibləri soyan həkimlər də, işverənlər də, inşaatçılar da, yolçəkənlər də, fermerlər də “müəllim“ deyə çağırılırlar. Bu dözülməzdir, müəllim adına ləkə gətirməkdir. Müəllim şərəfini aşağılatmaqdır. Bəlkə də elə bu səbəbdəndir ki, məmur övladı məmur, həkim övladı həkim, polis övladı polis, prokuror övladı prokuror olmaq istəyirsə, müəllimin övladı müəllim olmaq istəmir. Gəlin, “Müəllim” adını ona layiq olan əsl sahiblərinə qaytaraq. Onları mən də, siz də, başqaları da yaxşı tanıyırıq.
Vaqif Məmmədov