Azərbaycan qədim tarixə, zəngin mədəniyyətə, tükənməz sərvətlərə malik olan bir məmləkətdir. Bu ərazidə ibtidai insan yarandığı dövrdən məskən salmış millətimiz-xalqımız öz doğma torpaqlarını yadelli hücumlardan mərdliklə qorumuş, vətənin hər qarış torpağı uğrunda cəsarətlə vuruşmuş, zəngin dövlətçilik ənənələri yaratmışdır.
Vətənimiz əlverişli strateji mövqeyinə, Avropa ilə Asiyanın kəsişdiyi yerdə körpü rolu oynadığına görə bütün istiqamətlər üzrə hücum edən fatehlər, sərkərdələr əsrlər boyu məhz Azərbaycan ərazisindən keçib getmişlər. Ölkəmiz tarixi boyu heç bir xarici dövlətə hücum etməmiş, həmişə regionda barışa, sülhə tərəfdarlığı ilə tanınmışdır. Azərbaycan heç zaman heç kimə qarşı ədalətsiz müharibə aparmamış, imkan yarandıqca öz dövlətini qurmuş, dövlətçiliyini qorumuşdur. 1501-ci ildə Şah İsmayıl Xətaidən başlanğıcını götürmüş Azərbaycan dövlətçiliyi müəyyən fasilələrlə davam etmiş, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi dövründə tamamilə möhkəmlənmiş, beynəlxalq miqyasda öz təsdiqini tapmışdır.
Sözün həqiqi mənasında ölkəmiz müstəqilliyə 1918-ci il may ayının 28-də çatmışdı. Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Demokratik Respublikası digər ölkələrə də müstəqillik və azadlıq yolunu göstərmişdi. Mövcud olduğu 23 ay müddətində Azərbaycan Demokratik Respublikası bütün dövlət təsisatlarını yaratmış, İslama mənsubluğu, türkçülüyü və müasirliyi əks etdirən üçrəngli bayrağımızı və himni qəbul etmiş, düşmənlə müharibə şəraitində milli ordunu formalaşdırmışdı. 1920-ci il aprel ayının 28-də Rusiyanın 11-ci ordusu Azərbaycana hücum etmiş, Demokratik Cümhuriyyəti süquta uğratmışdı. Müstəqillik zorla xalqımızın əlindən alınmış, dağıdıcı inqilab ölkəmizə ixrac edilməklə uzun müddətə azadlığa və müstəqilliyə gedən yolumuz kəsilmişdi. Daxil edildiyimiz dırnaqarası millətlər birliyi 70 ildə heç bir xalqın müstəqilliyini tanımadı. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində artıq sovetlər birliyi dağılmağa məhkum idi. Belə bir zamanda – 1991-ci il oktyabr ayının 18-də Azərbaycan Respublikasının Ali Soveti dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul etdi. Bu müstəqillik barədə yox, müstəqilliyin bərpası aktı idi. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktının qəbulu ilə ölkəmizin istiqlaliyyəti bütün dünyaya bəyan edildi. Rəsmi olaraq Respublikamız Azərbaycan Xalq Cümhuriyyətinin varisi və müstəqil respublika elan edildi.
1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya, Pakistan, İsveçrə, İran, Amerika Birləşmiş Ştatları, Rusiya və başqa dövlətlər Azərbaycan Respublikasını ilk olaraq tanıdılar.
2 mart 1992-ci ildə Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə onun beynəlxalq aləmdə tanımasına başlandı.
Azərbaycan xalqı uzun illərdən sonra özünün müstəqillik idealına qovuşsa da, bu əslində formal xarakter daşıyırdı. Vətəndaş müharibəsinin baş vermə təhlükəsi var idi. Torpaqlarımızın işğalı sürətlə davam edirdi. Bir sözlə, ölkə dövlətçiliyini itirmək təhlükəsi qarşısında idi.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı.
Müstəqilliyimizin reallaşması, dövlətçiliyin xilası və demokratik, hüquqi dövlət quruculuğu məsələləri bilavasitə ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Bu dahi şəxsiyyətin gördüyü misilsiz işlər, yeritdiyi düzgün, məqsədyönlü daxili və xarici siyasət sayəsində Azərbaycan dünya birliyində öz layiqli yerini tutmağa başladı. Ulu öndərin 10 illik prezidentliyi dövründə gördüyü möhtəşəm işlər, apardığı uğurlu islahatlar vətənə və xalqa sədaqətlə xidmətin ən bariz nümunəsidir. O, azərbaycanlı olması ilə fəxr etdiyi kimi, biz də onun gərgin fəaliyyəti sayəsində yaradılan bir ölkənin-Müstəqil Azərbaycanın vətəndaşı olmağımızla qürur duyur, fəxr edirik.
Ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin əvəzsiz bir sərvət olduğunu və xalqımızın taleyində çox önəmli yer tutduğunu böyük sevinc və iftixar hissi ilə bəyan edərək demişdi: “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim vəzifəmiz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir”.
Heydər Əliyev müstəqilliyimizin qorunub saxlanılması və inkişafı üçün taleyüklü problemləri həll etdi. Atəşkəsə nail olundu, ordu quruculuğu işlərinə başlanıldı. Dünya dövlətlərinin ölkəmizdə gedən müsbət proseslərə marağı artdı. Uğurlu islahatların bünövrəsi qoyuldu. Ölkəmiz məhz ümummilli liderimizin səyləri nəticəsində inamla çoxistiqamətli inkişaf yolunu tutdu.
Respublikamız beynəlxalq təşkilatlara üzv qəbul edildi, uğurlu neft strategiyası hazırlanaraq həyata keçirildi. 1994-cü ilin 20 sentyabrında dünyanın iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan dövlət müstəqilliyinin möhkəmləndirilməsində müstəsna rol oynadı. Həmin saziş nəticəsində bütün dünyanın diqqət mərkəzinə çevrilən ölkəmiz eyni zamanda qlobal məkanda özünün statusunu müəyyənləşdirməyə nail oldu.
Ümummilli liderin rəhbərliyi dövründə müstəqil dövlətimiz əsrə bərabər inkişaf yolu qət etdi. Bu inkişafın bariz nəticəsi Heydər Əliyevin şah əsəri olan müasir, müstəqil Azərbaycandır. Azərbaycan xalqı, onun dövləti bu gün də ümummilli liderin ideyalarından bəhrələnir, onun müəyyənləşdirdiyi prinsipləri rəhbər tutur, tövsiyə etdiyi istiqamətdə inamla irəliləyir.
Ulu öndər deyirdi: “Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti-dövlət müstəqilliyimizi daim qoruyub saxlayacağıq. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanması, daimi və əbədi olması bundan da çətindir”.
Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlarından biri də cəmiyyətin vahidliyinin, bütövlüyünün təmin olunması, milli ideologiyanın sistem halında təqdimatıdır. Bu bir reallıqdır ki, ulu öndər cəmiyyətin vahidliyini təmin edərək, onun müxtəlif istiqamətlər-sosial bərabərsizlik, dini və milli mənsubiyyət amilləri baxımından parçalanmasına imkan vermədi. Bu, Azərbaycan dövlətçiliyinin yaşaması, inkişaf etməsi üçün ən düzgün seçim idi və ötən illərin reallıqları da bunu təsdiqlədi. “Hər bir insan üçün milli mənsubiyyət onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” deyən Ulu öndər dünya azərbaycanlılarını azərbaycançılıq ideologiyası ətrafında səfərbər etdi.
Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi on illik fəaliyyəti özünün əzəmətli ifadəsini öncə ölkəmizin və xalqımızın nicata qovuşmasında, geniş mənada isə müasir dövlət quruculuğu siyasətinin həyatımızın bütün sahə və istiqamətlərini əhatə etməsində, heç kimdən və heç bir ölkədən asılı olmayan, müstəqil siyasət yürüdən qüdrətli Azərbaycanın təcəssümündə tapır. Heydər Əliyev xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir, müstəqil Azərbaycan bəxş etdi.
Bu gün Müstəqil Azərbaycan inanılmaz dərəcədə dəyişib, zamanı qabaqlayaraq onilliklərlə bərabər yol qət edib. Dövlət müstəqilliyimizin ilk illərində yaşadığımız böyük problemlər indi yaddaşımızın acı xatirəsinə çevrilib. İqtisadi sahədə keçid dövrünün ağır sosial-iqtisadi, mənəvi-psixoloji çətinliklərini mətinliklə geridə qoyan Respublikamız bütün sahələrdə sürətlə inkişaf edir, abadlaşır, müasirləşir. Ölkəmizdə həyata keçirilən sosial infrastruktur layihələri də Azərbaycan vətəndaşlarının firavan həyat tərzinin təmini məqsədinə xidmət edir. Bu gün qürur doğuran haldır ki, Azərbaycan bütün regional məsələlərin həllində əsas tərəflərdən biridir və regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz. Dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlər Azərbaycanla hesablaşır, onun mövqeyini nəzərə alırlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müasir dünya praktikasının siyasi təhlilinə əsaslanmaqla, balanslaşdırılmış, qloballaşma dövrünün hadisələrini nəzərə almaqla həyata keçirdiyi siyasətin nəticəsi olaraq ölkəmiz beynəlxalq miqyasda söz sahibinə çevrilib. Müharibə şəraitində, beynəlxalq güclərin marağında olan bir məkanda, ikili standartların təsirinə daha çox məruz qalan ölkəmizdə indiki səviyyədə çoxistiqamətli inkişafın əldə edilməsi cənab Prezidentin, onunla birlikdə xalqımızın əsil milli qəhrəmanlığı kimi qiymətləndirilir.
Ötən 25 ildə Azərbaycanda siyasi sabitlik daha da möhkəmlənmiş, mühüm regional və transmilli layihələr reallaşmış, respublikamız regionun lider dövlətinə çevrilmişdir. Bütün bunlar dövlət müstəqilliyimizin xalqımıza bəxş etdiyi töhfələrdir. Ölkə prezidenti cənab İlham Əliyev demişdir: “Müstəqillik o deməkdir ki, ölkə tam şəkildə müstəqil siyasət apara bilsin. Ölkələr var ki, müəyyən səbəblərə görə müstəqil siyasət aparmaq iqtidarında deyildir, hardasa imkanları yoxdur, hardasa tədbirlər görülməyibdir. Azərbaycan bu baxımdan ayaq üstə çox möhkəm dayanan ölkədir. Bizim vəzifəmiz, borcumuz, bütün Azərbaycan xalqının borcu ondan ibarətdir ki, bu müsbət meylləri daha da möhkəmləndirək”.
Nazirlər kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident cənab İlham Əliyevin dərin elmi təfəkkürə və təhlilə əsaslanan, illər sonrası üçün proqram xarakteri daşıyan nitqi əvvəl dediyi bu dəyərli fikirləri bir daha təsdiqləmiş olur.
Ümummilli lider Heydər Əliyevin əbədilik və dönməzlik xarakteri verdiyi dövlət müstəqilliyi hər bir bölgəni, bütövlükdə Azərbaycanı sosial-iqtisadi inkişafın ən yüksək zirvəsinə çatdırıb. İsmayıllının bugünkü mənzərəsinə diqqət yetirdikdə bu yüksəlişin bir daha şahidi oluruq.
Sürətli sosial-iqtisadi inkişafla yanaşı mənəvi quruculuq da rayonda yüksək səviyyədədir. İnsanların yaşam tərzi yaxşılaşır, layihələr rayon sakinlərinin maraqlarına uyğun həyata keçirilir. Bölgədə sabitlikdir, halallıq mühiti bərqərardır. Bütün fəaliyyət sahəsində qanunların aliliyi təmin edilir. İnsanların hüquq və azadlıqları qorunur. Dövlət qayğısı hər bir vətəndaşın ünvanına vaxtında çatdırılır. İdarə, müəssisə və təşkilatlar tərəfindən dövlət siyasətinə sədaqət göstərilir, cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələri məsuliyyətlə icra edilir.
Bu il avqust ayının 10-da İsmayıllıya səfər edən Prezident İlham Əliyev rayonda gedən işlərdən razı qalmış və demişdir ki, İsmayıllının da inkişafı məni sevindirir.
Rayon rəhbərliyi bu səfərbəredici qiyməti minnətdarlıqla qəbul edərək qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı üçün yeni-yeni layihələr həyata keçirir.
Son olaraq qeyd edim ki, dövlət müstəqilliyinin qədrini bilmək, qorumaq və Azərbaycanı daha qüdrətli dövlətə çevirmək, rayonumuzu sürətlə inkişaf etdirmək üçün hamımız var qüvvə ilə çalışmalıyıq.
Müstəqilliyimizin 25 illiyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə milli bayram səviyyəsində qeyd edilir. Qürur duyaraq, fəxr edərək dövlət müstəqilliyimizin 25-ci ilinin bayram təntənəsini yaşayırıq.
Ülvi Abbasov,
İsmayıllı rayon prokuroru