Oktyabr ayının 16-17-də İsmayıllı rayonu ərazisinə yağan güclü leysan yağışları şəxsi təsərrüfatlarda və bir sıra xidmət sahələrində ciddi fəsadlar törədib.
Rayon fövqəladə hallar komissiyasının sədri, RİH başçısının birinci müavini Rövşən Ağayevdən aldığımız məlumata görə intensiv yağan yağışlar Sulut, Mücü, Cəfələ çaylarında suyun səviyyəsini həddindən çox artırıb, nəticədə bir sıra kənd yolları dağılıb. Yolların dağılması və yer sürüşmələri səbəbindən Əhən, Qoydan, Həftəsov kəndləri də daxil olmaqla, 10-dan çox yaşayış məntəqəsi ilə əlaqə kəsilib. Yer sürüşməsi bəzi ərazilərdə elektrik xətlərində qırılmalara səbəb olub.
Qalacıq çayına gələn sel suları məcrasından çıxaraq çayın kənarlarını yuyub, nəticədə təhlükəli vəziyyət yaranıb.
Leysan yağışları səngiyən kimi adı çəkilən ərazilərdə sel və sürüşmənin vurduğu ziyanın aradan qaldırılması, əhalinin rahatlığının təmin olunması istiqamətində təxirəsalınmaz tədbirlər görülüb.
“İsmayıllı xəbərləri”