Bu gün İsmayıllı torpağında tarixi gündür. Rayonumuzun ictimaiyyəti çox əlamətdar bir tədbirin şahidi oldu. İsmayıllı Olimpiya-İdman Kompleksində bədii gimnastika üzrə Azərbaycanın 20-ci çempionatı başladı. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin vahid idman təqvim-planına əsasən bu il noyabrın 18-19-da baş tutmuş bu möhtəşəm idman bayramına hələ ayın əvvəllərindən hazırlığa başlanmışdır. İlk öncə RİH başçısının bu məqsədlə sərəncamı olmuşdur. RİH başçısının birinci müavini Rövşən Ağayevin rəhbərliyi ilə təşkilat komitəsi yaradılmışdır. Tədbirin yüksək səviyyədə keçirilməsi üçün əsaslı hazırlıq işləri aparılmış, idarə, müəssisə və təşkilatlar buraya cəlb edilmişlər.
Böyük idman bayramı
Bu gün İsmayıllı torpağında tarixi gündür. Rayonumuzun ictimaiyyəti çox əlamətdar bir tədbirin şahidi oldu. İsmayıllı Olimpiya-İdman Kompleksində bədii gimnastika üzrə Azərbaycanın 20-ci çempionatı başladı. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin vahid idman təqvim-planına əsasən bu il noyabrın 18-19-da baş tutmuş bu möhtəşəm idman bayramına hələ ayın əvvəllərindən hazırlığa başlanmışdır. İlk öncə RİH başçısının bu məqsədlə sərəncamı olmuşdur. RİH başçısının birinci müavini Rövşən Ağayevin rəhbərliyi ilə təşkilat komitəsi yaradılmışdır. Tədbirin yüksək səviyyədə keçirilməsi üçün əsaslı hazırlıq işləri aparılmış, idarə, müəssisə və təşkilatlar buraya cəlb edilmişlər.
Olimpiya Kompleksində səhər tezdən xüsusi canlanma var. Burada yaxşı hazırlıq işləri həyata keçirilmiş, tərtibat, bəzədilmə işləri aparılmışdır. Kompleksin foyesində təşkil edilmiş sərgi buraya gələnlərin marağına səbəb olmuşdur. Tamaşaçılar sərgi vasitəsilə rayonumuzda istehsal edilən müxtəlif məhsullarla, həmçinin milli mədəniyyətimizi əks etdirən eksponatlara baxmışlar. Yarış iştirakçılarını qarşılamaq üçün buraya toplaşanların – məktəblilərin, gənclərin əllərində bayraqlar dalğalanırdı. Kompleksin darvazasında: “Əziz gimnastlar! Qədim Cavanşir yurduna xoş gəlmişsiniz!” şüarı diqqəti cəlb edir. Burada böyük bayram əhval-ruhiyyəsi vardı. Yarışın təşkilat komitəsinin sədri Rövşən Ağayev qonaqları – gimnastları qarşıladı və onları İsmayıllı torpağında salamladı. O, qeyd etdi ki, Sizi burada görmək bizim üçün çox xoşdur. Hər birinizə yüksək idman uğurları arzulayıram. İzdiham sübut edir ki, ismayıllıların yarışa marağı böyükdür. Bədii özfəaliyyət kollektivlərinin üzvləri qonaqlar qarşısında mahnı oxudu və rəqs etdilər.
Onu da qeyd edək ki, belə yarış ikinci dəfədir ki, paytaxtdan kənarda keçirilir.
Yarışın baş tutacaq əl oyunları zalında da tərtibata xüsusi diqqət verilmişdir. Tərtibatın gözoxşayan olması üçün kompleksin kollektivi xeyli zəhmət sərf etmişdir. Birinciliyin normativlərə uyğun keçirilməsi üçün burada lazımi işlər görülmüşdür. Bu gün regionlarda müxtəlif yarışların keçirilməsi artıq ənənəyə çevrilməkdədir. Ulu öndər Heydər Əliyev demişdir: “İdman, bədən tərbiyəsi müstəqil Azərbaycanın həyatında dövlət qayğısı ilə əhatə olunaraq, eyni zamanda həm gənclər üçün, həm də bütün cəmiyyətimiz üçün zəruri bir sahəyə çevrilibdir”. İndiki həyatımızı idmansız təsəvvür etmək mümkün deyil. Bunu rayonumuzun timsalında da çox yaxşı görmək olar. Elə götürək başa vurduğumuz bədii gimnastika yarışını.
Gələn qonaqların istirahəti üçün müəyyən tədbirlər nəzərdə tutulmuşdu. 18 noyabr axşamı qonaqlar üçün “Röya” şadlıq sarayında musiqili, mahnılı ziyafət təşkil edilmişdi. Qonaqlar rəqs etmiş, şənlənərək maraqlı bir gecə keçirmişlər. Gecədə idmançılara hədiyyə olaraq Basqalda toxunmuş xüsusi kəlağayılar bağışlandı. Bu kəlağayıların iki tərəfinə Azərbaycanın Dövlət bayrağı toxunmuşdur. Bəlkə də bu kəlağayılar beynəlxalq yarışlarda idmançılarımıza yeni-yeni uğurlar gətirəcəkdir. Bu kəlağayılar təkcə Azərbaycanı deyil, həm də İsmayıllını təmsil edəcəkdir. RİH başçısı idmançılara noutbuk bağışlamışdır. İdmançılar rəqs edərək xeyli şənlənmiş və maraqlı bir gecə keçirmişlər.
Noyabrın 19-da kompleksin əl oyunları zalında aparılan işlər yarışın başlanması üçün hazır vəziyyətə gətirilmişdi. Zalda “ 20-ci respublika çempionatının iştirakçılarına ismayıllılar uğurlar arzulayırlar!” şüarı yazılmış plakat diqqəti cəlb edir. Zala kifayət qədər tamaşaçı toplaşmışdı.
İsmayıllı RİH başçısı Mirdaməd Sadıqov tədbiri açaraq yarış iştirakçılarını salamladı, respublikada, rayonda idmana göstərilən qayğıdan söz açdı. O, qeyd etdi ki, ilk dəfədir ki, rayonumuz belə möhtəşəm bir yarışa ev sahibliyi edir. Yəqin ki, bu tədbir rayonumuzda idmanın daha da inkişaf etməsinə təkan verəcək. Yarış iştirakçılarına bir daha uğurlar arzulayıram.
Sonra Azərbaycan Bədii Gimnastika Federasiyasının katibi Fərid Nəbiyev, Azərbaycan Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək dövlətin idmana göstərdiyi qayğıdan, beynəlxalq aləmdə əldə edilən uğurlardan, regionlarda tikilib istifadəyə verilən Olimpiya Komplekslərindən danışdılar. Natiqlər onu da qeyd etdilər ki, Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır və bir sıra mötəbər yarışlara ev sahibliyi edir. Ulu öndər tərəfindən idmana göstərilən qayğı bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər iki natiq gimnastlara uğurlar arzuladı. Yarış açıq elan edildi. Azərbaycanın Dövlət himni ifa olundu.
Bu çempionatda həm böyüklər, həm də 1998-2000-ci il təvəllüdlü olan ümumilikdə 16 gimnast iştirak etmişdir. Gimnastlar mütləq çoxnövçülük və ayrı-ayrı növlər üzrə medallar uğrunda mübarizə aparmışlar. Çempionatda respublika Kompleks İdman Məktəbi və “Baku Fleyms” klubunun gimnastları ilə yanaşı, “Neftçi”, Bakı Gimnastika Məktəbi, “Spartak” və “Sərhədçi”nin təmsilçiləri çıxış etmişlər.
Onu da qeyd edək ki, yarışda bir qrup gimnast müsabiqədən kənar iştirak etmişdir. Yarışda müxtəlif beynəlxalq yarışların və çempionatların mükafatçıları da vardı. Tamaşaçılar gimnastların hər çıxışını alqışlarla qarşılayır, musiqinin ritminə uyğun əlçalma ilə müşayiət edirdilər. Bu da gimnastların sidq ürəklə çıxışına əlavə stimul verirdi, desək bəlkə də səhv etmərik.
Yarışın yüksək səviyyədə keçməsi idmançıların göstərdikləri nəticələr də sübut edir, mübarizəni daha da gərginləşdirirdi. Mübarizə başa çatdı, nəticələr yekunlaşdırıldı. 20-ci Azərbaycan çempionatının qalibləri müəyyən edildi. 1998-2000-ci il təvəllüdlü iştirakçılar arasında Lalə Piriyeva I, Zülyexa İsmayılova II, Beyza Demir isə III yerə çıxmışdır.
Böyüklər arasında yarışda Marina Durunda çempion adını qazanmışdır. İkinci yerə Lalə Yusifova, üçüncü yerə isə Ayşən Bayramova layiq görülmüşlər. Qaliblərə qızıl, gümüş və bürünc medallar, diplom və qiymətli hədiyyələr təqdim edilmişdir. Bədii gimnastikanın ayrı-ayrı növləri üzrə yüksək nəticələr göstərən idmançılar da mükafatsız qalmadılar.
İsmayıllı Olimpiya İdman Kompleksinin nəzdində fəaliyyət göstərən bədii gimnastika qrupunun uşaqları da öz məharətlərini göstərdilər. Sonra gimnastların qala konserti oldu. Yarışla əlaqədar rayonumuza xeyli qonaq gəlmişdi. Onların təəssüratını öyrənmək heç də pis olmazdı.
Müsahibimiz Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının gimnastikanın nəzəriyyəsi və metodikası kafedrasının müdiri, professor Azərbaycan Respublikasının “Əməkdar bədən tərbiyəçisi və idman xadimi”, “Əməkdar məşqçi”, beynəlxalq dərəcəli hakim Elşad Nərimanovdur. O, həm də gimnastika növləri üzrə elmi-tədqiqat qrupunun rəhbəridir. Təcrübəli mütəxəssisin fikri bizim üçün çox maraqlıdır. O, dedi:
– Yarış iştirakçılarının qarşılanması çox yüksək səviyyədə idi. Bizi musiqi ilə qarşıladılar. Olimpiya Kompleksində rayonda istehsal edilən məhsullardan ibarət sərgi ilə tanışlıq bizə xeyli məlumat verdi. Axşam təşkil edilmiş ziyafəti, idmançıların istirahətlərinin xoş və yaddaqalan olması üçün görülən tədbirlər, gimnastlara hədiyyələrin təqdimi bizi xeyli məmnun etdi. Bilavasitə yarışla əlaqədar Kompleksdə yaxşı şərait yaradılıb. Yarışın gedişatından da razıyıq.
Qonaqların digərləri də təşkilati işlərdən, yaradılmış şəraitdən razılıqlarını bildirdilər.
Sonda onu da qeyd edək ki, başda Olimpiya Kompleksinin direktoru Tofiq Hümbətov olmaqla, kollektiv əlindən gələni etmişdir.
Belə möhtəşəm yarışın yüksək səviyyədə keçməsi üçün kollektivin hər bir üzvü əlindən gələni etmişdir.
Ş.Soltanov,
B.Babayev