Problemlər araşdırıldıProblemlər araşdırıldı
Keyvəndi inzibati ərazi dairəsinə daxil olan Pirəbilqasım, Minkə, Bəhliyan, Bilistan və Şəbiyan kənd sakinləri RİH-nin başçısı Mirdaməd Sadıqovla görüşmək, onları narahat edən məsələlərdən danışmaq üçün Keyvəndi tam orta məktəbinin həyətinə toplaşmışdılar. Tədbir açıq havada keçirildi.
RİH-nin başçısı ilk növbədə öz rəhbərlik mövqeyi, rayonun inkişaf etdirilməsi yolları ilə həyata keçirilən layihələrlə toplaşanları tanış etdi. Hər bir sözü, fikri, şikayəti olanı diqqətlə dinlədi. Kəndlərdə su probleminin hələ də qaldığını, tibb məntəqəsinin olmadığını, yolların narahatlığını, Şəbiyan və Keyvəndi kənd məktəblərinin binasının müasir təhsil üçün yararsız olduğunu, elektrik xətlərinin nasazlığını, klub binasının uçduğunu dedilər. Məlahət Mirzəyeva öz şəxsi probleminin olduğunu dedi. Mirəhməd Nuriyev Pirəbilqasımda köməyə ehtiyacı olan kimsəsiz bir qadının yaşadığını bildirdi.
Şəbiyan kənd sakini Telman Aslanov çox optimist notlar üzərində qurduğu çıxışında nöqsanlardan da danışdı.
Heç kim, heç nə diqqətdən kənarda qalmadı, Mirdaməd müəllim hər bir məsələ ilə bağlı məsul adamlara tapşırıqlar verdi. Burada da bəzi yerlərdən fərqli və çox kəndlərimiz üçün xarakterik olan bir müsbət keyfiyyət özünü göstərdi: insanlar özlərinə aid olan şəxsi problemlərin həllini icra strukturlarına yönəltmir, daha çox ictimai xarakterik məsələlərdən danışırdılar, üç ayda həyata keçirilən tədbirlərdən əhali düzgün nəticə çıxarır: yaxşı yaşamaq üçün yaxşı da işləmək lazımdır.
V.Salehov ,
RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi