5 ilə yaxın müddətdir ki, Belorus Respublikasının Minsk vilayətinin Nesvij şəhəri ilə rayonumuz arasında çox gözəl dostluq münasibətləri yaranmış və bu münasibətlər işgüzar xarakter almışdır. Dəfələrlə rayonumuzun nümayəndə heyəti Nesvij şəhərində, həmin şəhərin nümayəndə heyətləri isə rayonumuzda olmuşlar. 2009-cu ildə Minsk vilayətinin qubernatoru rayonumuzda olmuşdur.Hər il Nesvij şəhərində iyul ayının 2-si “Müstəqillik günü” və “Şəhər günü” kimi təntənəli şəkildə qeyd olunur və həmin tədbirlərə rayonumuzun nümayəndə heyəti dəvət alır. Bu il də dəvət böyük məmnuniyyətlə qəbul olunmuş, rayon İcra Hakimiyyəti başçısının I müavini Rəfael Əhmədov, bu sətirlərin müəllifi – rayon İcra Hakimiyyəti başçısının aqrar məsələləri üzrə müavini Həsən Həsənov və İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov həmin tədbirlərdə iştirak etmişlər.
Nümayəndə heyətimiz Minsk şəhərinə iyul ayının 1-də səhər saatlarında çatdı. Bizi burada Nesvij rayon Sovetinin sədri Lazyuk Valeriy Mixayloviç qarşıladı.
Biz Nesvij şəhərinə gəldik. Qısa istirahətdən sonra şəhərlə tanış olduq. Şəhərlə tanışlıq zamanı xoş təsadüf nəticəsində Nesvij şəhərinin sabiq İcraiyyə Komitəsinin sədri, hal-hazırda Qorki rayon İcraiyyə komitəsinin sədri işləyən Makar İqor Nikolayeviçlə rastlaşdıq. Atalar düz deyib: “Hər şeyin təzəsi, dostun köhnəsi”. İqor Nikolayeviçlə görüşdə bu məsəlin nə qədər yerində deyildiyinin bir daha şahidi olduq. Biz İqor Nikolayeviç üçün hazırladığımız hədiyyəni ona təqdim etdik. Qarşı tərəf bizə öz minnətdarlığını bildirdi və sentyabr ayının axırında Qorkidə keçirilməsi nəzərdə tutulan Respublika “Məhsul bayramı”na rayonumuzun rəhbərliyinin də dəvət edəcəyini bildirdi.
Həmin gün axşam saatlarında Radzivill qalasının həyətində M.Qorki adına Milli Akademik Dram Teatrının “Panı Koxaku” tamaşası nümayiş etdirildi.
Rəsmi bayram tədbirləri iyul ayının 2-də saat 9-da, Nesvij şəhərində başladı. Nümayəndə heyətlərini “Ratuşa”nın qarşısında Nesvij rayon İcraiyyə Komistəsinin sədri Krupko İvan İvanoviç qarşıladı. Musiqi kollektivlərinin müşaiyəti ilə qonaqlar “Ratuşa”ya dəvət olundular. Burada İvan İvanoviç bir daha gələn qonaqları salamladı. Tədbirdə Rusiya və Serbiyadan sonra çıxış üçün söz İsmayıllı nümayəndə heyətinin rəhbəri Rəfael Əhmədova verildi. Məlumat üçün bildirim ki, bayram tədbirlərində Rusiyadan, Serbiyadan, Ukraynadan, Polşadan, Litvadan və s. ölkələrdən 10 nümayəndə heyəti iştirak edirdi.
R.Əhmədov “Müstəqillik günü” və “Şəhər günü” münasibəti ilə Nesvij şəhər rəhbərliyini və bütün nesvijliləri İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun adından təbrik etdi və qədim Bakı mənzərəsi təsvir olunmuş rəsm əsərini İvan İvanoviçə təqdim etdi.
R.Əhmədov öz çıxışında Nesvij şəhəri ilə rayonumuz arasında yaranmış münasibətlər haqqında geniş məlumat verdi və “Vodar Xleba” çörək zavodunun mütəxəssislərinin təcrübəsindən istifadə edərək İvanovka kəndində çörək zavodunun tikilməsi, həmin zavoda Belorus vətəndaşının direktor təyin olunması, eləcə də, İsmayıllı şəhərinin ətrafında Belorus inşaatçıları tərəfindən 45 ədəd yaşayış evinin tikiləcəyi haqqında məlumat verdi.
Rəsmi qarşılanmadan sonra şəhərin mərkəzində Nesvij rayon sənətkarlarının əl işlərindən ibarət sərgi və Nesvij şəhərində yaşayan millətlərin mətbəx nümunələri nümayiş etdirildi. Daha sonra bayram münasibəti ilə Nesvij şəhərində fəaliyyət göstərən idarə və təşkilatların nümayişi keçirildi. Nümayişdən sonra isə bədii özfəaliyyət kollektivlərinin çıxışları başlandı.Günün ikinci yarısında bayram şənliklərinə qatılmış qonaqlar Radzivill qalası və “Bojevo Tela” monastrı ilə tanış oldular.
Axşam saat 18-də bayram konserti başlandı. Saat 21-də Nesvij rayon İcraiyyə Komitəsinin sədri İvan İvanoviçin adından qonaqlara şam yeməyi verildi. Şam yeməyindən sonra “Pesnyarı” dövlət ansamblının konserti oldu.
Ümumiyyətlə, gün ərzində bayram münasibəti ilə hazırlanmış əyləncəli tədbirlər bir-birini əvəz etdi. Şənliklərə qatılmış nümayəndə heyətlərinə xüsusi diqqət və qayğı göstərildi. Bayram şənliklərinin yüksək səviyyədə keçməsi üçün hər şey nəzərə alınmışdı.Ayın 3-də nümayəndə heyətləri “Ratuşa”da rayon İcraiyyə Komitəsinin sədri İ.Krupko tərəfindən qəbul olundular. Burada nümayəndə heyətlərinə Nesvij şəhəri, onun tarixi, iqtisadiyyatı, kənd təsərrüfatı, sənayesi və s. haqqında geniş məlumat verildi, qardaşlaşmış şəhərlərlə gələcəkdə əməkdaşlıq münasibətləri müzakirə olundu. Həmin gün “Vodar Xleba” çörək zavodunda olduq. Zavodun direktoru Kravçenya Yelena Borisovna bizi istehsalat prosesi ilə tanış etdi və bildirdi ki, İvanovka kəndində tikilən çörək zavodu daha müasirdir.
Yakub Kolos adına Nesvij dövlət kollecində də həmin gün olduq. Kollecin iş prosesi və elmin son nailiyyətlərinin istehsalata tətbiqi ilə ətraflı tanış olduq.
Günortadan sonra isə Onoski kəndində fəaliyyət göstərən “Novaya Jizn” Açıq Səhmdar Cəmiyyətində olduq. Cəmiyyətin direktoru Patomskiy Andrey Kazımiroviç bizə təsərrüfat haqqında geniş məlumat verdi və bizi heyvandarlıq kompleksi ilə, eləcə də kompleksdə tikilən yeni bölmələrlə tanış etdi.Günün sonunda isə Nesvij şəhər Tarix-Diyarşünaslıq Muzeyinə getdik, muzeyin eksponatları ilə tanış olduq.
Səfərimizin son günü – iyul ayının 4-də istər Minsk vilayətində, istərsə də Belorus Respublikasının ən qabaqcıl təsərrüfatlarından biri olan kənd təsərrüfatı məhsulları istehsalı kooperativi “Snov Aqrokombinatı”nda olduq.
7 ildir ki, bu təsərrüfata Radoman Nikolay Vyaçeslavoviç rəhbərlik edir. N.Radomanla iş otağında görüşdük, aqrokombinat haqqında ətraflı məlumat aldıqdan sonra emal sexlərinin fəaliyyəti ilə yerində tanış olduq.
Məlumat üçün bildirim ki, aqrokombinatın kənd təsərrüfatına yararlı torpaq sahəsi 7075 hektardır ki, bunun da 6200 hektarı əkin sahələridir.
Aqrokombinatda bitkiçilik üzrə 5 sahə briqadası, 6 iribuynuzlu heyvandarlıq ferması, ət kombinatı, süd emalı sexi, ət-sümük unu emalı sexi və s. fəaliyyət göstərir. Hər gün aqrokombinatda istehsal olunmuş məhsulları 40 maşın satışa çıxarır.
Hazırda kombinatda 11500 baş iribuynuzlu mal-qara, o cümlədən, 2565 baş inək, 34000 baş donuz saxlanılır.
1 yanvar 2012-ci il tarixə aqrokombinatda 23170 ton süd, 19090 ton ət istehsal olunmuşdur. İl ərzində hər inəkdən 8709 kiloqram süd sağılmış, iribuynuzlu heyvanlarda gündəlik çəki artımı 820 qram olmuşdur. Müqayisə üçün deyim ki, həmin tarixə İsmayıllı rayonu üzrə 33709 ton süd, 5051 ton ət istehsal olunmuşdur.
Nesvijə səfərimiz zamanı çox şey öyrəndik. Bundan sonra işə tətbiq edəcəyimiz çox şeyi diqqətə götürdük. Bir daha yəqin etdik ki, Aqrokombinat keçmişin yox, elə bu günün də kənd təsərrüfatı istehsalının və idarə olunmasının ən səmərəli yoludur. İstehsal və emal bir əldə olduqda gəlir də çox olur, nəticələr müxtəlif istiqamətlərə səpələnmir.
Biz rayon rəhbərliyi ilə ayın 3-də Nesvij rayon İcraiyyə Komitəsinin sədri İ.Krupko adından verilən şam yeməyinin sonunda vidalaşdıq. Nümayəndə heyətimizə göstərilən diqqət və qayğıya görə İvan İvanoviçə minnətdarlığımızı bildirdikdən sonra biz ona İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun rayonumuza dəvətini çatdırdıq. Dəvət böyük məmnuniyyətlə qəbul olundu.
H.Həsənov,
İsmayıllı RİH başçısnın Aqrar məsələləri üzrə müavini