Aslan Aslanovun 70 illik yubileyi münasibətilə
Aslan Aslanov sinif yoldaşımdır. İsmayıllı şəhər 1 nömrəli orta məktəbində aşağı siniflərdə bir müddət paralel, sonralar bir sinifdə oxumuşuq. O da mən anadan olan ayda dünyaya gəlib. Əqrəb bürcündəndir. Amma məndən bir yaş böyükdür. Qarşıdakı noyabr ayında 70 yaşı tamamlanır, uşaqlıq dostumun. Fikirləşdim ki, onun 70 illik yubileyinə bir qəzet yazısı hazırlayım. Bu, onun üçün daha maraqlı və dəyərli hədiyyə olar. Belə bir yazını qələmə almaqda heç bir çətinliyim olmayacağını bilirdim. Çünki, Aslanın yaşadığı ömrün çox hissəsi gözümün qabağında keçib. İsmayıllıların hər biri Aslanı yaxşı tanıyır. Aslan haqqında həqiqətdən kənar söylənilən sözə kimi inandırmaq olar ki?!
Aslan Aslanov 1955-ci ilin noyabr ayının 2-də İsmayıllı rayonunun Mücü kəndində tanınmış və hörmətli nümayəndələrindən biri, zəhmətkeş, ailəcanlı, nümunəvi insan Əlyar müəllimin ailəsində anadan olub. Aslan adı ona babasından “miras” qalıb. Əlyar müəllim övladlarının mükəmməl orta təhsil ala bilməsi üçün 1962-ci ildə İsmayıllı şəhərinə köçüb. El içində savadlı, xeyirxah, səmimi, bəzən də üzüyola adam kimi tanınsa da, Əlyar müəllim evdə – xüsusilə də övladlarına qarşı olduqca ciddi və tələbkar olub.
Aslanla aramızda dəfələrlə olan söhbətlərdən yadımda qalanları diqqətə çatdırmağım yəqin ki, oxucu üçün də daha maraqlı olar. Oxuyacaqlarınızın bəzi parçaları Aslanın özündən eşitdiklərimdir:
-Atam evə gələndə evimiz məktəbə, daxil olduğu otaq sinif otağına bənzəyirdi. Ayağa qalxmaq, salamlaşmaq, əyləşin və sair… Təhsilimiz də öz yerində. Allah ölənlərə rəhmət eləsin. O vaxtkı kişilər deyəsən övlad əzizləməyi özlərinə sığışdırmayıblar. Bəlkə də, hədsiz dərəcədə ciddi olmaları buna imkan verməyib. Amma dəcəlliyimə görə atamdan bolluca töhmətlər, cəzalar aldığım yadımdadır. Doğrudur, indi uşaqların müəllim tərəfindən cismani cəza alması bəyənilmir. Hətta cinayət hesab olunur. Amma, bugünkü uğurlarıma görə atamın “rejim”indən tam razıyam. Övladlarımın tərbiyəsində fiziki güc tətbiq etməsəm də, məzəmmət və töhmətdən uzaq durmamışam.
Nə isə, söz sözü gətirər… Qayıdaq məktəb illərinə. Aslan 1962-ci ildə İsmayıllı şəhər 1 nömrəli orta məktəbin birinci sinfinə daxil olub, ilk gündən əlaçı şagird kimi sinif müəlliminin və şagird yoldaşlarının rəğbətini qazanıb. Məktəbdə oxuduğu illərdə dəfələrlə məktəbin adına ucalıq gətirən tədbirlərdə iştirak edib, hətta hazırladığı əl işi Moskva Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə qoyulma şansı qazanıb. Lakin Aslanın boyu çox balaca olduğundan atası Aslanın adı ilə Moskvaya onun böyük qardaşını göndərib…
Orta məktəbi bitirməyinə bir il qalmış Əlyar müəllim vəfat edir. Təəssüflər ki, bundan istifadə edən məktəb rəhbərliyi məktəb əlaçısının qiymət və medal məsələsində haqsızlıq edir. Buna baxmayaraq o əzm və cəsarətlə təhsilini davam etdirir. Uşaqlıqdan əməyə bağlılığı ilə fərqlən Aslan Meyvə Tədarük Kontorunda yeşiklərin düzəldilməsində, Komunal Müəssələri Kombinatında inşaatçı-fəhlə, daha sonra isə barama qurudulması sexində baş ocaqçı kimi işləmişdir. Bu işlərin hamısı gənc Aslanın əmək kitabçasında qeyd edilmişdir. İlkin işlərdəki təcrübələr onun xarakterindəki zəhmətsevərliyi bir qədər də artırmış, nizam-intizam və məsuliyyət hissini daha da gücləndirmişdi. Məktəbdən ayrılmayana qədər hansı işin dalınca getsə, əlində dərs kitabı apararmış. Belə demək olarsa, uşaqlıqdan onun əlində oyuncaq əvəzinə kitab olub.
A.Aslanov 1972-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna qəbul olub, sənaye və mülki tikinti ixtisası üzrə inşaatçı-mühəndis diplomu alıb. İnstitut illərində fəal tələbələrdən biri, tələbə sovetinin üzvü, fakültə komsomol təşkilatının büro üzvü olub. Eyni zamanda Zaqafqaziya Komsomol Məktəbini əla qiymətlərlə qurtarıb. Oxuduğu müddətdə 3 il tələbə-inşaat dəstəsində çalışıb. Birinci il Nijnikamsk şəhərində 800 tələbə arasında “ən yaxşı döyüşçü”, ikinci il Petrozavodsk şəhərində “ən yaxşı briqadir”, sonuncu il isə Smolensk şəhərində “ən yaxşı usta” adına layiq görülüb və bu nailiyyətləri təsdiq edən Fəxri fərmanlar alıb. Tələbə-inşaat dəstəsindəki nailiyyətlərinə görə institut rəhbərliyi onu 12 gün Çexoalovakiyaya turist səfərinə göndərib. Tələbə ikən 5 il yataqxanada qalmış, onun 3 ilini qaldığı yataqxanada gözətçi işləmişdir.
A.Aslanov 1977-ci ildə institutu qurtarıb təyinatla rayonumuzdakı 63 nömrəli SMD-yə iş ustası göndərilib. 1978-80-ci illərdə 480 şagird yerlik Təzəkənd məktəbininin binasını iş icraçısı kimi təhvil verib. İdarə rəhbərliyi onun əməyini qiymətləndirilərək baş mühəndis təyin edib.
Aslan deyir ki, Təzəkənd məktəbinin tikintisində iş gedən zaman rayon Partiya Komitəsinin birinci katibi Qəşəm Aslanov “Azərbaycan müəllimi” qəzetinin redaktoru ilə tikintiyə gəlmişdilər. Onları qarşıladım. Katib məni redaktora göstərib: Tanış olun, buranın iş icraçısı Aslan Aslanovdur. Sonra üzünü mənə tutub gülərək: – Familiyamdan istifadə edirsən?
Tikinti Həzi Aslanov adına sovxozun ərazisində aparılırdı. Sovxozun direktoru da mərhum Ağacəfər Aslanov idi. İçimdəki yumor hissindən sanki güc aldım və dedim:
-Sovxoz Həzi Aslanov, direktor Ağacəfər Aslanov, katib Qəşəm Aslanov, iş icraçısı Aslan Aslanov – Dörd Aslanova kim nə edə bilər? Sözüm qonağın da, katibin da ürəyinə yağ kimi yayıldı. Bir yerdə xeyli güldük. O vaxtdan “sən Aslanov, mən Aslanov” sözü mənim vizit vərəqimə çevrildi. Q.Aslanov mənim partiyaya keçməyimi məsləhət gördü. Gənc mütəxəssis kimi evlə təmin olundum.
1981-ci ildə Aslan rayon rəhbərliyinin təşəbbüsü ilə Azərittifaqın 14 nömrəli Tikinti Sahəsinə rəis təyin edilir. 1991-ci ilədək rəhbərliyi ilə İsmayıllıya yaraşıq verən üçmərtəbəli univermaq, “Talıstan” moteli, İsmayıllı ticarət cərgəsi, “Ana və uşaq” kafesi, İsmayıllı, Ağsu və Qəbələ rayonlarının kəndlərində çoxsaylı mağaza və anbar binaları inşa edilir.
1992-ci ildə rayon rəhbərliyinin təqdimatı ilə rayonun baş memarı təyin edilir. Lakin elə həmin il hakimiyyətə gələn AXCP dövründə vəzifəsindən azad olunur…
Mənfur ermənilərin torpağımıza təcavüzü, sovet imperiyasının dağılması, bir sıra siyasi hadisələrdən doğan fəsadlar tikinti sektorunda da özünü göstərdi. 14 nömrəli Tikinti Sahəsi kooperasiya sisteminə xidmət edirdi. Bu sahədəki işi bildiyinə görə Aslanı İsmayıllı Rayon Kooperativlər İttifaqının Təmir Tikinti Sahəsi üzrə sədr müavini təyin etdilər. 1995-ci ildə İctimai İaşə Müəssisələri Birliyinə direktor təyin edilən A.Aslanov 17 il bu vəzifədə işlədi.
Kooperasiyası sistemində işlədiyi 30 il müddətində “Sovet İstehlak Kooperasiyası əlaçısı”, “Azərbaycan Respublikasının Kooperasiyası əlaçısı” adları və döş nişanları ilə təltif edilib. O, daim “tikdiyim işdə izim qalsın, adım xeyir-dua ilə xatırlansın” prinsipinə sadiq qalıb. Bu sözlər onun həm devizi, həm də illərin sınağından çıxmış amalına çevrilib.
2008-ci ildə İsmayıllı şəhərində ikinci Qaz Paylayıcı Stansiya açılarkən SOCAR-ın Qaz İxrac İdarəsində imtahan verərək bu sistemə işə girib. Boş ərazidə yeni açılan stansiyanın yaşıllaşmasını, ilkin anda elektrik xəttini və operator otağını təşkil edib. 2020-ci ilin may ayında təqaüdə çıxan Aslan rayonun ictimai-siyasi həyatında fəal iştirak edib. Sovet və müstəqillik dövründə dəfələrlə İsmayıllı şəhər sovetinin deputatı, iki beşillikdə İsmayıllı bələdiyyəsinin üzvü olub. Məsuliyyətli 1993-cü il Prezident seçkilərinin və Referendumun keçirilməsində 86 saylı İsmayıllı Dairə Seçki Komissiyasının üzvü olub. A.Aslanov hazırda rayon Ağsaqqallar Şurasının üzvüdür.
İmkanları daxilində xeyriyyəçiliyə qatılan Aslan Aslanov 1990-cı il Qanlı yanvar hadisələrində şəhid olan bacı və qardaşlarımızın ruhu xatirinə ehsanlar, məcburi köçkün kimi rayonumuza pənah gətirən bir laçınlı ailəyə 5 il, rayonun bir imkansız ailəsinə isə 7 il təmənnasız sığınacaq vermişdir.
A.Aslanov ömrünün böyük hissəsini əməyə, xalqa və cəmiyyətə xidmət etməyə həsr edib. Onun həyatı dürüstlük, sədaqət və insanpərvərlik prinsiplərinə əsaslanır. Onun fikrincə, əmək insana həm ruhi, həm də mənəvi rahatlıq gətirir, insan vicdanla çalışsa, həyat onu mütləq mükafatlandırar.
Aslan 1981-ci ildə ailə həyatı qurub. 44 ildir can deyib, can eşidirlər. Həyat yoldaşı Xuraman xanım İsmayıllı İncəsənət Məktəbində piano müəllimi işləyib. Hazırda o da təqaüdçüdür. Üç igid övlad böyüdüblər. İlkləri Əlyar hərbiçi zabit, ortancılları Emil və kiçikləri Ramil isə qaz təsərrüfatında çalışmışlar. Bu gün Aslan beş nəvənin sevimli babasıdır. Onların təhsilli, vətənpərvər böyüməsinə böyük önəm verir.
Onu da qeyd edim ki, Aslan təqaüdə çıxdıqdan sonra dinc otura bilmir. Mücü kəndində ata evini bərpa etdirib. Hər yay ailəsi ilə orada dincəlir. Təqaüd dövründə bir sıra xarici ölkələri – Macarıstanı, Avstriyanı, Fransanı, İtaliyanı, İspaniyanı, Lüksemburqu, İsveçi, İraqı, Birləşmiş Ərəb Əmirliklərini, İranı, Misiri, Türkiyəni, Gürcüstanı və digər yerləri səyahət edib. Aslan Aslanov namaz əhlidir. 2003-cü ildə Məşhəd, 2023-cü ildə Həcc, 2025-ci ildə Kərbəla ziyarətlərində olub.
Məzəli deyimləri ilə seçilən yubilyarımız 2003-cü ildə “Ömrün məzəli anları” adlı lətifələr kitabını nəşr etdirib. Kitabların 65 nüsxəsini İsmayıllı Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinə hədiyyə edib.
Nazim Hikmət deyib ki, yumor hissi olan, ağıl sahibidir. Yumorun Aslana heç ziyanı olmayıb.
İşlədiyi müddətdə çoxlarının inzibatçılıq, amirlik üsulu ilə nail ola bilmədiklərinə Aslan sözlə nail olub. Aslan həyatda kiməsə cavab verməli olub, kiminləsə zarafat edib. Dedikləri kimisə düşündürüb, kiməsə o sözlərdən istifadə etməklə güldürüb və ya başqasına gülüş bəxş edib. O sözlər beləcə, lətifələrə çevrilib. Bu kitab Aslandan qalan bir iz, xatirədir. Əslində, Aslan Aslanov kifayət qədər ciddi və bütöv xarakterli adamdır. Bəzən hiss edəndə ki, rast gəldiklərinə fikirlərini zarafatla, yumorla çatdıra bilər, onda bu “silah”ı işə salır. İnsanların kefinə dəymədən onların nöqsanlarını zarafatla (sözün düzünü zarafatla deyərlər) üzlərinə deyir. Aslan insanların qəlbində nikbinlik çırağı yandırmaqla, onlardakı mənfi xüsusiyyətləri aradan qaldırmağa çalışır. Bunu elə ustalıqla edir ki, qarşısındakının heç zərrə qədər də ruhu incimir. Əksinə gülə-gülə öz nöqsanından – keçmişindən ayrılır.
70 yaşlı Aslan bu gün yaşadıqlarına nəzər yetirəndə düşünür ki, vacib olanı ömrünü boş keçirməməsidir. Hara baxsa, tikdiklərini, əlinin izi olan işləri görür. Nə edibsə vicdanla edib. Onun üçün ən böyük mükafat tanıyanların, xalqın hörmətidir. Bu nurlu, 70 illik yubiley münasibətilə Aslan Əlyar oğlu Aslanovu ürəkdən təbrik edir, ona möhkəm can sağlığı uzun ömür, ailəsi ilə birlikdə firavan və xoşbəxt günlər arzulayırıq. Bu 70 il – zəhmətlə dolu, ləyaqətlə yaşanmış bir ömürdür. Bu mənalı ömür yolu bir daha sübut edir ki, səadət, zəhmət və insanlıq zamanın sınağından çıxan ən böyük dəyərlərdir.
Şahməmməd Soltanov,
“İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü





