İsmayıllı rayonunun Göytəpə kəndində 1934-cü ilin oktyabr ayının 1-də anadan olmuş Əhməd Həsənovun bu il 91 yaşı tamam oldu. Bu nurani qocanın həmsöhbəti olmaq, nağıllar aləminə düşmək qədər maraqlıdır. Aram-aram danışır, arada köks ötürür, sanki ötən günlərin, xüsusilə də gənclik illərinin ab-havasına qayıtmaq istədiyini hiss edirsən. Bununla bərabər etiraflarını dinləyib mütəəssir olur, fikrə dalırsan.
-Nə olsun ki, cavan idim? Ağır illər idi… Aclıq, müharibə, yoxsulluq… Amma böyük-kiçik, xətir-hörmət sarıdan kasadlıq yox idi…
Yeddi yaşıma çatanda Qalınçaq kəndindəki yeddillik məktəbin birinci sinfinə getdim. Burada məktəbi bitirəndən sonra iki il İsmayıllıda təhsil aldım. Orta məktəbi Quşencə kəndində bitirdim…
-Sual vermək istədim. Əlini əlimin üstünə qoydu: – Narahat olma, hamısını danışacağam, -dedi. Susub dinləməyə başladım.
-Əmək fəaliyyətinə kolxozda başlamışam. Kəl arabasıyla ot, taxıl dərzi daşımışam. Atla xırman döymüşəm…
1952-ci ildə Statistika Texnikumunda oxuyan Ağaməcid Məmmədov məni özü ilə texnikuma apardı. 3 il orada oxudum. Texnikumu bitirəndən sonra bizə dərs deyən universitet müəllimi sənədlərimi özündə saxladı. Gəlib imtahan verərsən, ali təhsil alsan, gələcəyin üçün yaxşı olar dedi. Bir ay sonra gedib böyük xahişdən sonra sənədlərimi geri aldım. Atam, anamı tək qoya bilmərəm, – dedim.
1955-ci ilin oktyabr ayında ailə qurdum. 3 ay sonra rayondakı Statistika İdarəsində statistik vəzifəsinə işə düzəldim. Aylıq maaşım 38 manat idi. Pul az olsa da dəyəri vardı. 24 il bu vəzifədə çalışdım. İşimi yaxşı bildiyimdən rayonlararası yarışmalarda idarəmiz həmişə təriflənirdi. 1977-ci ildə mənə “Əməkdə igidliyə görə” medalı verdilər. İşlədiyim illərdə məktəb, idarə, bağça və digər müəssisələrdə yoxlamalar aparmışam. Yoxlamalar zamanı saxta sənədlərlə mal-material silənlərə, yalan hesabat verənlərə qarşı barışmaz olmuşam. Buna görə onda rayona rəhbərlik edənlər məni işdən çıxartmaq da istəyiblər, Amma idarəmizin rəisi Vəliyev məni müdafiə edib, işindən buraxmayıb.
Yaxşı işimə görə başqa rayonlarda aparılan yoxlamalarda Xalq Nəzarəti Komitəsinin müfəttişləri, kənd təsərrüfatı mütəxəssisləri ilə birlikdə məni də bir iqtisadçı kimi yoxlamalara göndərirdilər.
1971-ci ildə Statistika Komitəsinə Talyattidə istehsal olunan “Jiquli” markalı minik maşınları göndərilir. Bu avtomobillər onda yaxşı işləyənlərə verilirdi. Statistika İdarəsindən zəng edib dedilər ki, sən yaxşı işçisən, pulun varsa, gəl hansı markalı maşını istəyirsənsə, verək. Evdə olan 6 min manatı götürüb getdim. “05” götürmək istədiyimi bildirdim. Dedilər ondan da yaxşıları var axı. Səndən şirinlik-filan ummuruq. Dedim o mənə bəs edər. Pul da həyat yoldaşımın qazandığıdır. Kalxozda tütün əkinindən, üzum becərilməsindən qazanıb.
Bundan əlavə həmişə fərdi təsərrüfatla məşğul olmuşuq. Bazara getməmişik, dükandan aldığımız da qənd-çay, duz, pal-paltar olub. Həyətin meyvə-tərəvəzi də zəhmizi dəyərləndirib. Yetişdirdiyimizdən pay verdiyimiz vaxtlar da olub.
Onu da deyim ki, doğru-düzgün işləmək amalım olsa da, bu səbəbdən mükafat yerinə “zərbə”lər də az almamışam. Dəfələrlə nüfuzlu idarələrə çağrılıb xəbərdarlıqlar almışam. O adamların hamısı dünyasını dəyişib. Adlarını çəkməyi də artıq bilirəm. İşdə qalıb-qalmamaq məsələmə baxıblar. Kimlərin tapşırığı ilə yoxlamaları bu qədər dəqiq apardığımı soruşublar. Hər yerdə hər dəfə bir cavabım olub. Heç kimə yox, özümə vicdanla işləyəcəyimə, Allahsız olmayacağıma söz vermişəm. Bütün mübahisəli məsələlərdə rəisimiz Vəliyev tərəfimi, daha doğrusu, düzün tərəfini saxlayıb. Bunu heç unutmaram.
Yola saldığım illər ərzində bir sıra ictimai, xeyirxah işlərdə də fəallıq göstərmişəm. İstəməmişəm məni ancaq pula işləyən kimi tanısınlar. Kənd yolunun iki dəfə çınqıllanmasında sözümü eşidiblər. Təşəbbüs göstərib kəndin ortasındakı kolluğun təmizlənməsini, həmin ərazinin park halına gətirilməsini təşkil və təmin etmişəm. 30 sotluq bu ərazidə 60-dan çox müxtəlif növ ağaclar əkib becərtmişəm. Kənddə məscid tikilməsi üçün aidiyyəti təşkilatlara müraciət etdim. İstəyim nəticəsiz qalmadı, İndi kənddə məscid fəaliyyət göstərir. Hələ cavan vaxtlarımdan kəndin xeyir-şər işlərində hamıya köməyim dəyib, nəyəsə ehtiyacı olana özü deməmiş əl uzatmağa çalışmışam. 2008-ci ildə kəndlərimizin çoxunda təbii qaz olmadığı vaxtda rayon rəhbərliyi xahişimi yerə salmayıb kəndə qaz xətti çəkilməsinə tapşırıq verdi.
Hələ gənclik illərimdə atamın kənddə qurduğu bulağın suyu demək olar ki ildən-ilə azalmaqda idi. Atamın ruhu şad olsun, camaatın içməli suya ehtiyacı ödənsin deyə, təklif verdim ki, gəlin bulağı yenidən quraq. Eşidənlər də oldu, eşitməyənlər də. Çətin olsa da bulaq yenidən quruldu. Gur suyumuz axmaqda davam edir…
Söhbətin bu yerində, sudan söz düşmüşkən Əhməd baba: – A bala, bəlkə bir çay içək, elədiklərim, gördüyüm işlər danışmaqla qurtaran deyil.
Çay fasiləsi uzun çəkmədi. Elə çay içə-içə də həmsöhbətim olub-keçənləri, yadına düşənləri sayıb-sadaladı. Hətta etdiyi yaxşılıqları yadından çıxartdığını da bildirdi. Onu da söylədi ki, olunan xeyirxahlıq Allahla bəndə arasında qalmalıdı. Yoxsa, bəziləri toyda da, vayda da mənəmlik etməyi, qaşıqla verdiyini çömçə ilə başa vuranlar var. Unutmurlar ki, kimi inandırsalar, Allahı buna inandıra bilməyəcəklər. Allah şeytana lənət eləsin. Deyəsən, qiybətə keçdim axı…
Hə… Yaxşı kişi əvvəlcə öz ailəsinə yaxşı baxmalı, oğlunu-qızını layiqli vətəndaş kimi tərbiyə etməlidir. Övlad savadlı da ola bilər, savadsız da, amma xeyirxah, zəhmətkeş, yerin-yurdunu sevən olmalıdır.
Allah sizinkiləri də saxlasın. 2 oğul, 4 qız böyütmüşəm. İndi onlar da nənə-babadırlar. 19 nəvəm, 41 nəticəm var. Varım-dövlətim də elə onlardır. Tərbiyələrindən, elə-camaata, cəmiyyətə yaramaqları ürəyimcədir. Düzünü desəm, məni yaşadan da elə onların düz yolda olmalarıdır. Sağ olsunlar, məni eşidirlər. Dediklərim yadlarından çıxmır. Demişəm ki, sağlam, çox yaşamaq istəyirsizsə, ilk növbədə xeyirxah olun. Sözə baxın ki, sözünüzə baxsınlar.
Bu vaxta kimi haqqımda az-çox yazanlar da olub. Bu gün dediklərimin çoxunu o qəzetçilərə deməmişəm. Bilirəm ki, siz dediklərimin hamısını yazacaqsız…
Onu da yazın ki, dünyada Azərbaycan qədər gözəl, qüdrətli ölkə yoxdur. Bizim prezidentimiz ən bacarıqlı rəhbər, ən nüfuzlu siyasi liderdir. Qarabağın işğaldan azad olunması, suverenliyimizin bərpası, ölkəmizin gündən-günə çiçəklənməsi və güclənməsi onun şəxsi iradəsinin nəticəsidir. O, Azərbaycanı, onun hər bir vətəndaşını sevdiyi üçün, bir yumruq kimi birləşən vətəndaşlarımız da onu çox sevir. Bizim üçün böyük fəxrdir ki, dünya ölkələri rəhbərlərinin bir çoxu onunla məsləhətləşir, ondan öyrənməyə, ona bənzəməyə çalışırlar. Bu gün Azərbaycan 50-60 il əvvəlki Azərbaycan deyil. Bütün bölgələrdə gedən inkişaf, görənləri heyran edən müasirlik göz qabağındadır. Rahatlıq demək olar ki, indi hər bir evə yol tapıb. Zəhmətə qatlaşanların güzaranı durmadan yaxşılaşmaqdadır. Əlbəttə, bu belə də olmalıdır. Balalarıma da deyirəm: qazancını yeyənin qorxusu olmaz, el içində üzüağ gəzər, işi avand olar. Az işləyib, çox qazanmaq arzusunda olmaq heç də yaxşı hal deyil. Allah bərəkəti hərəkət edənə verir. Bir də ki, gərək halalına haram qatmayasan. Halal yeyənin yuxusu şirin olar…
Bütün bunları ona görə deyirəm ki, bəlkə, mənim də bir-iki sözüm kimlərisə zəhmətə, halallığa, doğru yola səsləyər. Nə bilim?! Həyatdı da… Onun əbədi olmadığını çox gözəl bilirəm. Amma yaşayanda gərək heç kimi narahat etməyəsən. Onda yaşamaq Allaha da, bəndəyə də xoş olur.
Burada hövsələsizlik edib Əhməd babanın sözünü kəsirəm:
Əhməd baba, bilməmiş olmazsınız, gözəl şairlərimizdən biri – Osman Sarıvəlli deyib ki…
Ay bala, bilirəm nəyə işarə edirsən. Deyib ki:
Altmışında alma əsa,
Yetmişində batma yasa,
Kim ki yüz il yaşamasa,
Günah onun özündədir.
Gülüb əlavə edir: – Vallah, sizin mənə andınız yoxdu. Altmışımı, hətta yetmişimi də əsasız ötürmüşəm. Əsanı elə bu qabaqlar, doxsana yaxınlaşanda götürdüm. Ya qismət, ömür yolunun harda bitəcəyini kim bilir ki? Amma arzu edirəm ki, uzunömürlülər yaxşı insanlar olsun. Onlar yetişməkdə olan nəsillərə nümunə olsunlar. Allahdan özüm üçün elə bir istəyim yoxdu. Dünyada salamatlıq olsun. Müharibələrə son qoyulsun. Hər yerdə insan insanın dostu, qardaşı olduğunu dərk eləsin. Zamanın geriyə dönüşü yoxdu. Gənclər zamanı vaxtında dəyərləndirə bilsinlər. Mənalı yaşamaq üçün başlıca şərtlərdən biri də budur…
Mənə elə gəlir ki, demək istədiklərimin çoxunu dedim. Sizi danışmağa qoymadım. Yaxşı tanıyıram, sizinki yazmaqdı. Özü də Sabir demişkən: düzü düz, əyrini əyri. Zəhmətinizi halal edin. Allah sizə də sağlam, mənalı, uzun ömür versin.
Söhbətin bu yerində Əhməd babaya təşəkkür etdim. Qismətdirsə, 100 illiyində də adını çəkib, qonağı olmağı vəd etdim.
Şahməmməd Dağlaroğlu,
“İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin sədri


