Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Səmədov Elnur Sədaqət oğlu 2022-ci il sentyabr ayının 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı qəhrəmancasına şəhid olub.

2 orden, 11 medala şəhidlik zirvəsinə ucalan cəsur leytenant Elnur Səmədovun İsmayıllı şəhərində, yaşayıb boya-başa çatdığı, unudulmaz adının verildiyi küçədə xatirəsini əbədiləşdirən abidə kompleksi önündə 13 sentyabr 2025-ci il tarixdə növbəti anım günü keçirilib.

Mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, ictimaiyyət nümayəndələri, şəhidin döyüşçü dostları, məktəblilər iştirak ediblər. Şəhidin anım günündə çıxış edənlər qəhrəman leytenantın keçdiyi şərəfli ömür yolundan söz açıblar. Şəhid E.Səmədovun təhsil aldığı İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbinin şagirdləri hərbi-vətənpərvərlik ruhlu şeirlər söyləyiblər. Şəhidin valideynləri onlara, ümumilikdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə minnətdarlıq ediblər.

Elnur Səmədov 1988-ci il martın 11-də İsmayıllı şəhərində ana­dan olub. İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli məktəbi və Sumqayıt Dövlət Universitetinin  avtomatika və idarəetmə  fa­kültəsini bitirib. 2009-cu ildə hərbi xidmətə yollanıb. Xidməti başa vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrin tərkibində təlim kurslarına cəlb olunaraq gizir rütbəsi alıb.

2016-cı ilin aprel dö­yüşlərində də iştirak etmişdir. Göstərdiyi şücaətlərə görə “Cəsur dö­yüşçü”, “Qüsursuz xidmətə görə” medalları və “Azərbaycan Res­publikasının Silahlı Qüvvələrinin yaranmasının 100  illiyi” medalı ilə təltif edilmişdir. O, 2020-ci ildə Vətən müharibəsin­də də qəhrəmanlıqla vuruşmuşdur.

Baş leytenant E.Səmədov  “Azərbaycan Bayrağı” or­deni, “Cəbrayılın azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.  Əbədiyaşar zabit  Sumqayıtdakı  Şə­hidlər xiyabanında dəfn edilib .

Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən son­ra “Vətən uğrunda” medalı və 3-cü Dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Bir yanıt yazın