Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq, məktəbyaşlı uşaqların təhsilinə və inkişafına daha fəal şəkildə dəstək göstərmələrini təşviq etmək məqsədilə 3 sentyabr 2025-ci il tarixində Talıstan kənd uşaq bağçasında valideynlər üçün maarifləndirici görüş keçirilib.
Tədbiri giriş sözü ilə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktor əvəzedicisi Xatirə Bağırova açıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra şəhid anası Səidə Hüseynzadəyə də söz verilib. Mərkəzin sosial iş üzrə mütəxəssis-psixoloqu Aytən Qubadova valideynlərlə görüşdə 6 yaş böhranının xüsusiyyətləri, məktəb yaş dövrünün çətinlikləri və psixoloji aspektlərini ətraflı izah edib. Daha sonra mərkəzin sosial pedaqoqu Rəsul Rəhimli valideynlərin uşaqlarına diqqət və qayğı ilə yanaşmasının onların təlim müvəffəqiyyətinə və emosional inkişafına mühüm təsir göstərdiyini bildirib. Görüşdə həmçinin qeyd edilib ki, valideyn və məktəbin əməkdaşlığı uşaqların sağlam münasibətlər qurmaq və uğurlu təhsil təcrübəsi qazanmalarına imkan yaradır. Uşaqların yalnız akademik qiymətləri deyil, göstərdikləri səylər də dəyərləndirilməlidir. Müsbət təşviq və emosional dəstək, uşaqların özünəinamını və məktəbə marağını artırır.
Görüşdə 20-yə yaxın valideyn iştirak edib, sualları cavablandırılıb, maarifləndirici videoçarx nümayiş olunub, bukletlər paylanılıb.

