Ailə ilə bağlı son illərin statistikası təşviş doğurur. Dəbdəbə ilə evlənən gənclər çox vaxt heç bir il də birlikdə yaşamırlar. Bəhanə üçün elə bəsit, mənasız səbəblər irəli sürürlər ki, çaşıb qalırsan. Deməyə söz tapmırsan. Bəhsəbəsə düşən qadınlar özləri üçün yaratdıqları dünyanın içərisində çalxalanırlar. İşləməyən gənc qadın evində xidmətçi istəyir. Yemək bişirməyə ərindiyi üçün restoran-kafelərə sifariş edir, dəbli paltarlar, ərəb-italyan qızılları, yəni zinət əşyaları istəyir və s. Müasir görünmək istəyən qadınlar zahirən dəyişsə də, daxili dünyaları primitiv, kasad qalır. İstəkləri baş tutmayanda isə boşanırlar. Onun arxasınca gələn fəlakətləri nəzərə almadan.
Son günlərdə şahidi olduğumuz dəhşətli faktları doğuran səbəblər də elə bu zəmində yaranıb. Hər iki hadisə zaman etibarı ilə yaxın olsa da, məsafəcə uzaqdırlar.
16-17 yaşlarında iki oğlan analarını qətlə yetiriblər. Niyə, nə üçün?.. Analarının həyat tərzini qəbul etmədiklərinə görə həyatlarının gözəl çağlarında biri məzara, digəri isə həbsə məhkum oldu. Doğma anaya əl qaldıran bu yeniyetmələrin qəddar olduğuna inanmaq istəmirəm. Görün nə həddə çatıblar ki, bu cinayəti törətmək məcburiyyətində qalıblar. Bəli, məcburiyyət. Yüngül həyat tərzini seçən bu qadınlardır əsl qatillər. Övladlarının xoşbəxt ailədə deyil, belə başıpozuq ailədə böyüməsinə səbəb olduqları üçün. Deyir aclıq bir il gedər, töhmət min il. Ömrünün ən gözəl illərini məhkum həyatı yaşamağa məcbur olan bu yeniyetmələr valideynlərinin onlara qarşı törətdiyi mənəvi işgəncənin «bəhrəsini» yaşadılar.
Belə çıxmasın ki, ailələrin dağılmasında yalnız qadınlar günahkardırlar. Çox vaxt evliliyə, ailə həyatına hazır olmadan evlənən oğlanlar bal ayından sonra ailə həyatının ağırlığı ilə qarşılaşsalar da, ona hazır olmurlar. Əlbəttə, bunu əksəriyyət üçün demək olmaz. Amma, acı da olsa bu, bir həqiqətdir.
Gənclik və gözəllik ötəridir, vəfasızdır. Ömrü qısa olur. Bunu dərk etmək çətin deyil. Lakin ailəni, övladlarını heçə sayaraq sərbəst, özünün istədiyi kimi yaşamağa üstünlük verənlər düşünməlidirlər. Düşünməyə ehtiyac duymayanda isə gec olur. Biri məzara, digəri həbsə məhkum olur. Bu nəticəni isə yəqin ki, kimsə arzulamaz.

