Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı, Azərbaycan Resublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Rüzgar” Ekoloji İctimai Birliyi tərəfindən Azərbaycanda iqlim dəyişmələri üzrə mitiqasiya və adaptasiya tədbirləri ilə bağlı tədbir keçirilib.
Tədbirdə İctimai Birliyin sədri, professor İslam Mustafayev “Konstitusiya və Suverenlik ili” ilə bağlı görülən tədbirlərdən, Milli Ekoloji qanunvericiliyin inkişafı, iqlim dəyişmələri, ekoloji tərbiyə və ekoloji informasiya barədə geniş çıxış edib. Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov iqlim dəyişmələrinin mitiqasiya tədbiri kimi “Alternativ enerji mənbələrindən istifadənin iqlim dəyişmələri ilə mübarizədə rolu” adlı təqdimatla çıxış edib. Alim iqlim dəyişmələrinə səbəb olan amillər, istixana effekti yaradan qazların emissiyası, ötən il Bakıda keçirilmiş COP-29 görüşünün nəticələri, alternativ enerjiyə keçidlə bağlı ölkədəki son vəziyyət barədə məlumat verib.
6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Neman Kərimov regionun ekoloji problemləri və onların həll olunmasında əhalinin rolunun artırılmasının vacibliyindən bəhs edib. Sonda İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial pedaqoqu Xatirə Bağırova “İqlim dəyişmələri” mövzusunda cəmiyyətin həssas təbəqəsi olan uşaqların və qadınların maarifləndirilməsinin vacibliyindən danışıb.
Təqdimatın sonunda məruzəçilər seminar iştirakçıları olan müxtəlif dövlət strukturlarının təmsilçilərinin suallarını cavablandırıb.
R.Rəhimli

