Narahatam
Eşitmişəm çoxundan –
Dünya çıxır oxundan.
Dəhşətdir baş verənlər,
Var kora daş verənlər.
Hər şey baş-ayaq, atam,
Odur ki, narahatam.
Kəndlər gülmür səhərlər,
Dolub-daşır şəhərlər.
Baxan çoxdur, görən yox,
Vallah, imkan verən yox –
Vaxtında duram, yatam,
Odur ki, narahatam.
Nədənsə, oğul-uşaq
Düşüb kökündən uzaq.
Ədəb-ərkan arxada,
Soy-kök düşməyir yada.
Nələr baş verir? Matam!
Odur ki, narahatam.
Şər minibdi atına,
Lənət onun zatına.
Haqq söz çıxmır dilindən,
Çəkişmələr əlindən,
Başı, ürəyi çatam –
Odur ki, narahatam.
Dərdim, dərdi-sərim var,
Çox şeydən xəbərim var.
Elə bilmə veyiləm,
Naşı, namərd deyiləm –
Ağı qaraya qatam,
Odur ki, narahatam.
Tükənəydi bu ahlar,
Xoş gələydi sabahlar.
Yolum düzlük, ağlığa,
Girmərəm bataqlığa.
İstəməm itib-batam,
Odur ki, narahatam.
Şahməmməd Dağlaroğlu
Dünya
Niyə istədiyim yerdə deyiləm?
Sarsıtdın hər zaman sən məni, dünya!
Gəlimmi qapına sınıq könüllə,
Döyüm pəncərəni yenəmi, dünya?
Dilimdə naləsən, gözümdə zalım,
Sənə çox sözüm var, min bir sualım.
Tutub ətəyindən mən necə qalım?
Uyum sən atdığın dənəmi, dünya?
Baxıram yerlərdən göylərə sarı,
Yola saldım qışı, neçə baharı.
Könlümə vurduğun düyün-dağları,
Qaytarım özünə, sənəmi, dünya?!
Yaşım o yaş deyil, sevim dir daha,
Ümidim köklənsin açan sabaha.
Ayırdın sən bizi, batdın günaha,
Param-parça etdin sinəmi, dünya!
Keçirdin sazaqdan, qardan, yağışdan,
Zirvəyə millənən neçə yoxuşdan.
Qoy deyim sözümü, qoy bəribaşdan,
Yoxdur bu həyatın önəmi, dünya!
Gəlmişəm, gedəcəm, bilirəm bunu,
Halal et ruzini, çörək, suyunu.
Gətirmə başıma daha oyunu,
El-oba bağlasın çənəmi, dünya!
Murad Məhərrəm
Yuxuda görmüşəm səni
Məhəbbət, ah, məhəbbət
Bu gecə yuxumda görmüşəm səni,
Gördüm əlimdə gül, sizə gəlmişəm.
Gəlib qapınızın ağzında durub,
Qapını oxşayıb, əzizləmişəm.
Bir az qapınızın dəliklərindən,
Sən yatan otağın səmtinə baxdım.
Qalxdım Ay nurunun şölələrindən,
Yapışıb sən olan otağa axdım.
Bir xeyli üzünə, gözünə baxdım,
Doyunca ətrini sinəmə çəkdim.
Mən bu gözəllikdə qız görməmişdim,
Dünyama sən adlı bir çiçək əkdim.
Nə gözəl yatışdı, nə şirin yuxu,
Saçların ayrılıb üzünə düşüb.
O qədər baxmışam yatan gözünə,
Gözümün rəngi də gözünə düşüb.
Allahım, sən məni oyatma nolar,
Bu bir gözəllikdir, min bir möcüzə.
Bu gerçək olmasa, yuxu olsa da,
Qoy yatım bu yerdə, qalım ölüncə!
Rüstəm Məbudoğlu
Baxma
İtmişəm, batmışam
qırışlarımda,
Nə vaxtsa rastlaşsaq
üzümə baxma,
Boğula bilərsən göz
yaşlalarımda,
Nə vaxtsa rastlaşsaq,
gözümə baxma.
Tənhalıq yalayır məni
duz kimi,
Axıram göylərdə bir
ulduz kimi,
Ayağım buz kimi, əlim
buz kimi,
Sinəmdə közərən,
közümə baxma.
Eşqin barəsində
mey udur məni,
Kaman dara çəkir,
ney udur məni,
Çəkir ağuşuna,
göy udur məni,
Cığırıma baxma,
İzimə baxma.
Hara boylanıram,
yerin görünür,
Aramız daha da
sərin görünür,
Həsrətin özündən
şirin görünür,
Sənə qayıt desəm,
sözümə baxma!..
Cəbrayıl Hüseyn
Məndədir
Baxışlar reyhandır, eşqin gül təri,
Gözümün didəsi, nuru, gövhəri,
Ürəyin yiyəsi, eşqin səhəri,
Sevgi səndədirsə ürək məndədir.
Gözəllik aşığı, bal qarışığı,
Mavidir qumaşı, həm sarmaşığı,
Bənövşə, laləsi bir yaraşığı,
Çəmən səndədirsə çiçək məndədir.
Gecələr bir şamam, yağan yağışam,
Mehdə bir baharsan, mən də bir qışam,
Nə yaxşı sən yuva, mən də bir quşam,
Durna səndədirsə, lələk məndədir.
Zümrüd yarpaqlıdır, tər bənövşəsi,
Ürək pəncərəsi, həm piyaləsi,
Küləklər nəğməsi, çiçək dəstəsi,
Düzlər səndədirsə, külək məndədir.
Ürəyin bulaqdır, mən də yarpızam,
Sevgi qülləsində yanan ulduzam,
Dədə Qorqud sözlü, sirli qopuzam,
Arzu səndədirsə dilək məndədir.
Surə Ziyadqızı
Qəfər və Kəhər
Təmsil
Tezdən durub bir səhər,
Qonşumuz çoban Qəfər
Yolun sərraca saldı,
Atına yəhər aldı.
Şəstlə qoyub yəhəri atının qarşısına
Dedi:
-Bir bax, ay Kəhər,
Sənə almışam yəhər.
Sən mənim bu xeyirxah işimi görməlisən
Bunun üçün də mənə mükafat verməlisən.
Kəhər bir az düşünüb qulaqların şəklədi
Dedi:
– Qəfər, bu nədi?
Deyirsən, guya məni sən yadına salmısan?
Yox, qardaş, elə deyil,
Deyim, bunu yaxşı bil:
Sən öz şişmiş, piylənmənin
arxanın
Qayğısına qalmısan.
Çünki o yayılacaq bax, bu yəhərin üstə.
Odur ki, mükafatı
Get öz arxandan istə.
Xəyyam Nəbiyev
Sonra get
Ömrümə bahar gəlmişdin,
Gülümü qoxla, sonra get.
Eşqi əyləncə bilmişdin
Əhdi soraqla, sonra get.
Vüsalın kəsdi tabımı
Bir duydunmu əzabımı.
Bu dərd dolu kitabımı,
Götür, vərəqlə, sonra get.
Eşqi bitirib aparma.
Allah yetirib, aparma.
Bütöv götürüb aparma
Yarısın saxla, sonra getə
Şübhələrin yalan olar
Cavan ömrüm talan olar.
Can üstündə qalan olar,
Yarasın bağla, sonra get.
Ay bəxtimin dönük yarı,
Ümid yeri saxla, barı.
Zülmdə qoyma Şahları,
Halına ağla, sonra get.
Şahlar Hacıyev
Ata həsrəti
Çəməndə çiçəkdir hər yeni ömür,
Biri qışa qalır, biri tez solur.
Atalı-analı olmaq başqa cür,
Yetimlik – ağır dərd, başqa cür olur.
Sözə meyil saldım lap körpəlikdən,
Dahi şairlərdən şeir oxudum.
Sonra ömrüm keçdi tələbəlikdən,
Sözdən qala qurdum, çələng toxudum.
Atasız böyümək qismətim imiş,
Əlləri çəkmədi saçıma sığal.
Görmədim atadan qayğı, nəvaziş,
Məni indi-indi yandırır bu hal.
Qanın dövr eləyir damarlarımda,
Sən arzu etdiyin bir təbiətəm.
Öyüd-nəsihətin olan varımda,
Qızınam, ay ata, sənə həsrətəm.
Bu gün düz yoldadır, nəvən, nəticən,
Ruhun rahatdırsa, rahatıq, ata.
Bizi xoşbəxt görmək istəyirdin sən,
Rahat ol, sahibik xoşbəxt həyata.
Şərqiyyə Balacanlı
Danış
Giririk hər bir günaha,
Mən demirəm, özün danış.
Astar olub üzdən baha,
Mən demirəm, özün danış.
Bazar od tutub alışır,
Haram halala qarışır,
Hamı qiymətdən danışır,
Mən demirəm, özün danış.
Naxçıvandan gəlib ərik,
Möhtəkirlər vurur çəpik,
Qiymətsizdi əldə qəpik,
Mən demirəm, özün danış.
Bəxt ulduzu yanmır, sönük,
İnsan donub olub kötük,
Kommunalın xərci böyük,
Mən demirəm, özün danış.
Eloğluyam, səhv etmərəm,
Kasıba zülmü sevmərəm,
Nadan yoluyla getmərəm,
Mən demirəm, özün danış.
Qəhrəman Eloğlu
Var mənim
Həyat yoldaşım Yasəmənə
Yasəmən, sən mənim çiçəyim, gülüm,
Sən varsan, qeyrətim, arım var mənim.
Səninlə çəkilir dərdim, müşkülüm,
Dərdimin dərmanı, yarım var mənim.
Altı övladımın əziz anası,
Sən ilham pərimsən, sular sonası.
Sinən uca dağın düm ağ cunası,
Haqlıyam öyünəm, varım var mənim.
Mən Rafiq Mayılam, hüsnünə mail,
Bəxtəvər ötməkdə səninlə ay, il.
Sənə şeir yazmaq şairlik deyil,
Sinədə kamanım, tarım var mənim.
Rafiq Mayıl,
Laçın rayonu
Sevdiyim mənim
Uyuduğun torpağı gözümə sıxdım dünən,
Ürəyimin parçası, canım sevdiyim mənim.
Sənli günlər bir anda gəlib durdu gözümdə,
Dondu o an damarda qanım, sevdiyim mənim.
Sən bilirəm indi mən torpağını, daşını,
Yağışa döndərirəm gözlərimin yaşını.
Hər gələndə qucuram indi məzar daşını,
De, niyə qıydın belə, yanım, sevdiyim mənim.
Ömrümə qəfil gəldin, gedişin qəfil oldu,
Qayıdıb gəlmədiyin artıq necə il oldu.
Hansı gülə baxdımsa dönüb qərənfil oldu,
Mən bu eşqi de necə danım, sevdiyim mənim.
Qubarlanır ürəyim, sinəmdə bir sancı var,
Sən bir mələk olmusan, qəlbimin inancı var.
Körpə Vahid böyüyür, yanında bir bacı var,
Odur şöhrətim mənim, şanım sevdiyim mənim.
Zərifənin qəlbində yerin öz yerindədir,
İlk görüşdə dediyin şirin söz yerindədir.
Ruhun ruhuma muştaq, ocaq, köz yerindədir,
Kaş quş olub çiyninə qonum, sevdiyim mənim.
Zərifə Zərri
Dərk edən insan
Niyə dərk eləmir görəsən insan?
İnsanlıq unutmaq ağılda nöqsan.
Şər işdə qaranlıq yolda sürünür,
Əməli özünə yük olan insan.
Bu günü sabaha minnətli yükdür,
Sabaha ümidlər hələ böyükdür,
İnsanı yaşadan arzu, istəkdir,
Arzusuz, istəksiz tək qalar insan.
Niyə dərk eləmir görəsən insan?
Yaxşıdan yaxşıdır yaxşı əməllər.
Pis işdən əl çəkib bir az utansa,
Xeyirə yetişər uzanan əllər.
Bu günün sabaha etibarı yox,
Sabahdan nə gəlir kim bildi asan?
Haqqa üz tutanlar olar gözü tox,
Çəkməz minnət yükün, dərk edən insan.
Mehriban İbrahimova
Ollam
Tək səhərlər olmur təbə gəlməyim,
Axşamlar da şeirli, sözlü ollam.
İşim yox sifətin ikincisiylə,
Qalıb bir sifətdə, bir üzlü ollam.
İstəmirəm yanaşa göz qoymağa,
Dayana kənardan kimsədə baxa.
Gecənin əlindən qurtarıb yaxa,
Zorla sabah açıb, gündüzlü ollam…
Hər kəslə dərd, qəmi bölmürəm niyə,
Gülürəm nə üçün, gülmürəm niyə.
Qalmıram ədadan bilirəm niyə,
Çox əda göstərib, çox nazlı ollam.
Tamam Nur Tağlabiyanlı
Əvvəlki deyiləm
Qəlbimə yerləşmir əvvəlki həvəs,
Vaxt ötüb, bir az da daralıb qəfəs.
Yenə əvvəlki tək alıram nəfəs,
Amma o əvvəlki adam deyiləm…
Tahir Nağı
Yaz yağışı
Görüşdük səninlə bir yaz günündə,
Dolub daşmadaydı sevgi dənizi.
Durmuşduq bir güllü bağça önündə,
Asta yağan yağış islatdı bizi.
Necə gözəl idi o yaz yağışı,
Bir edə bilmişdi iki sevəni.
Bağçadakı güllər sevgi naxışı,
Güllərin gözəli saydın sən məni.
Sevgimi bildirdim sənə astadan,
Söylədim: – Eşqindir yaşadan məni!
Nədənsə qısqandım – yağışdır dadan,
İslanmış, gülümsər, nurlu çöhrəni.
Yağıb, sevgimizə nur səpdi yağış,
Vaxt tapıb, həyatdan danışdıq bir az.
Qoy tutum əlini, sən mənə alış,
Bir də düşməz ələ bu yağışlı yaz.
İradə Şəfa
Lahıc


