Hərənin dünyaya gəldiyi bir gün var. Həmin gün ata-ana sevinci, yaxınların xeyir-duası sərhədsiz, sahilsiz  olur. Hazırda ömrünün 94-cü ilini yaşayan Kamil Seyid oğlu Məmmədov 18 avqust 1931-ci ildə Qəbələ (keçmiş Qutqaşın) şəhərində anadan olmuşdur. Uşaqlığı ağır represiya, qıtlıq, yoxsulluq illərinə düşən bu oğlan uşağı çətinliklərin içindən elə çətinliklə də keçərək, məktəb yaşına çatmış, məktəbə, təhsilə, kitaba ürəkdən bağlanmış, müəllimlərin sevimlisi, məktəbin fəxri olmuşdur. 1951-ci ildə orta məktəbi medalla bitirərək, Leninqrad Texnologiya İnstitutuna daxil olmuş, bu ali təhsil müəssisəsini mühəndis-mexanik ixtisası üzrə Fərqlənmə diplomu ilə bitirmişdir.

Ali təhsil almış Kamilin biri-birindən fərqli – yerə-yurda, Vətənə, bir sözlə, insanlara fayda verə biləcək, onların rahat yaşamasının təminatçısına çevriləcək saysız-hesabsız arzusu vardı.

Tərcümeyi-halına nəzər saldıqda onun yüksələn xətlə işdən işə, vəzifədən vəzifəyə keçməsinin şahidi oluruq.

Bu sevindirici, dəyərli tarixləri nəzərdən keçirtdikcə insan qürur duyur, belə mənalı bir ömrün necə də parlaq bir örnək olduğunu dərindən dərk edir.

Kamil Məmmədov 1956-1958-ci illərdə Azərbaycan SSR Ərzaq Məhsulları Sənayesi Nazirliyində baş mexanik kimi əmək fəaliyyətinə başlayıb 1959-1962-ci illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Komitəsində texniki şöbənin müdiri vəzifəsinə irəli çəkilib. 1962-1964-cü illərdə isə Bakı Biskvit Fabrikində baş mühəndis kimi çalışıb. İşgüzarlığı, tutduğu vəzifəyə məsuliyyətlə yanaşması nəzərə alınmaqla o, 1964-1969-cu illərdə Azərbaycan SSR Nazirlər Kabinetində şöbə müdirinin müavini təyin olunur.  K.Məmmədovu buradan 1970-1971-ci illərdə Ət-Süd Sənayesi nazirinin müavini kimi fəaliyyət göstərməyə dəvət edirlər. Burada qısa müddət çalışdıqdan sonra onu 1971-1972-ci illərdə Yeyinti Sənayesi nazirinin müavini təyin edirlər.   Bir sıra məsuliyyət bacarıq tələb edən işlərdən sonra K.Məmmədovu 1972-ci ildə Yeyinti Sənaye naziri vəzifəsinə irəli çəkirlər. O, bu vəzifəni -1985-ci ilə qədər şərəflə daşıyır.

Sonrakı – 1986-1990-cı illərdə K.Məmmədov Azərbaycan SSR Aqrar Sənaye Komitəsinin 1-ci müavini – Respublika naziri, 1991-1992-ci illərdə Kənd Təsərrüfatı nazirinin 1-ci müavini, 1993-1994-cü illərdə Yeyinti Sənaye Şirkətinin vitse-prezidenti kimi çalışmışdır.

O, 1994-1996-cı illərdə Taxıl Məhsulları Dövlət Şirkətinin prezidenti, 1996-1999-cu illərdə Taxıl Agentliyinin prezidenti olmuşdur. Xalqsevərliyi, ictimai fəallığı ilə seçilən K.Məmmədov 1976, 1980 və 1985-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Yüksək vəzifələrdə çalışdığı dövrdə Gəncə, Bərdə, Salyan, Ağdam çörək zavodları, Naxçıvan Mineral Sular zavodu, Zaqatala, Şəki və Qəbələ Tütün-fermentasiya zavodları, Bakı Maya Kombinatı, Bakı Tütün Fabriki, Əli Bayramlı Hidrogenizasiya Zavodu, Bakı Çay və Biskvit Fabriklərinin filialları tikilmişdir. Gəncə və Əli Bayramlı Yağ-Piy Kombinatlarının yenidənqurma işləri aparılmışdır.

Çalışdığı sahələrdə fəhlə və qulluqçuların sosial şəraitini daha da yaxşılaşdırmaq məqsədi ilə Zaqatalada, Şəkidə, Qəbələ və Bərdədə yaşayış binalarının, Yevlax, Balakən və Qəbələdə uşaq bağçalarının, Qəbələdə stadionun, Qəbələ və Bakıda istirahət zonaları və uşaq xəstəxanasının tikilib istifadəyə verilmməsinə təşəbbüs göstərməklə rəhbərlik etmişdir. Qəbələ rayonunda daha çox tikintinin yerləşdirilməsi isə onun anadan olduğu, üstündə ilk addımlarını atdığı doğma torpağa sevgisinin aydın görünən tərəfidir.

K.Məmmədovun Azərbaycanda emal sənaye müəssisələrinin istehsalat gücünün artırılması məqsədilə geniş yenidənqurma işlərinin aparılmasında, yeni müəssisələrin tikilməsində, 1994-1996-cı illərdə əhalinin çörəklə təminatında yaranmış olduqca ağır vəziyyətin sabitləşdirilməsi işində xüsusi rolu olmuşdur.

Uzun illər qüsursuz və səmərəli əmək fəaliyyəti nəzərə alınmaqla K.Məmmədov “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir. Ona Azərbaycan Respublikasının Əməkdar mühəndisi fəxri adı 20 dekabr 1991-ci ildə verilib.

Əmək fəaliyyətini başa vurduqdan sonra 2011-ci ilin 26 iyul tarixindən bu qocaman əməkçiyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin olunub.

Yaşadığı və çalışdığı illərdə geniş müşahidələri əsasında qələmə aldığı yazıları da kitablara çevirməyi unutmadı K.Məmmədov. 2015-ci ildə onun “Yaşadıqlarım”, 2019-cu ildə isə “Müraciət” adlı kitabları işıq üzü görüb.

Əvvəldə qeyd etdiyimiz kimi Kamil Seyid oğlu Məmmədov Azərbaycanın ən gözəl güşələrindən biri olan Qəbələdə anadan olmuşdur. Qəbələ rayonu Azərbaycan Respublikasının inzibati rayonlarından biri kimi 8 sentyabr 1930-cu ildə yaradılmışdır. Ərazisi 1550 kvadrat kilometrdir. 1963-cü ildə rayon Ağdaş rayonunun tərkibinə daxil edilsə də, 1964-cü ildən yenidən ayrıca inzibati əraziyə çevrilmişdir. 1991-ci ilədək rayonun adı Qutqaşın olmuşdur. Həmin il rayonun qədim adı Qəbələ özünə qayıtmışdır.

Rayonun inzibati mərkəzi Qəbələ (Qutqaşın) 1959-cu ilədək kənd, 1959-1974-cü illərdə qəsəbə statusu daşımışdır, 1974-cü ildən şəhər statusu almışdır. Zəngin tarixi keçmişə malik olan Qəbələnin adı çəkiləndə ilk öncə qədim Qafqaz albaniyasının 900 illik bir dövrdə (eramızdan əvvəl IV əsrdən-eramızın V əsrinədək) paytaxtı olmuş Qəbələ şəhəri və onun bugünə gəlib çatmış möhtəşəm qala divarları xatırlanır. İndiki Çuxur Qəbələ kəndinin şimal-şərq hissəsində yerləşən qədim Qəbələ şəhəri öz möhtəşəmliyi, mühüm siyasi, iqtisadi və ticarət mərkəzi kimi dünyanın Babil, Troya, Pompey, Karfagen kimi qədim və məşhur şəhərləri ilə müqayisə olunur.

2400 illik tarixi olan qədim “İpək yolunun” üstündə yerləşən Qəbələ şəhərinin adı hələ eramızın I əsrində yaşamış Roma alimi Böyük Pilinin “Təbii tarix” əsərində Kabalaka, yunan coğrafiyaşünası Klavdi Ptolemey (II əsr), Xabala, ərəb tarixçisi Bəlazuri (IX əsr) Xəzər adlandırmışdır. İlk dəfə Azərbaycan alimi A.Bakıxanov (XIX əsr) “Gülüstani-irəm” əsərində Kabala və ya Xabalanın Qəbələ olduğunu göstərmişdir.

Eramızın 262-ci ilində Albaniya Sasanilər tərəfindən işğal olunsa da Qəbələ özünün siyasi-iqtisadi əhəmiyyətini itirmədi. V əsrin ikinci yarısında (464-cü ildə) Albaniya öz müstəqilliyini müvəqqəti itirdiyi və şimal köçərililərin basqınlarının şiddətləndiyi dövrdə ölkənin paytaxtı Qəbələdən Partava (Bərdəyə) köçürülür. Bundan sonra da Qəbələ ölkənin başlıca ticarət sənətkarlıq, mədəniyyət və mənəvi mərkəzi kimi mövcud olmuşdur.

Qəbələ 1068-ci ildə Şirvanşah Fəriburzun, 1120-ci ildə gürcü çarı III Davidin, 1386-ci ildə Teymurləngin, 1538-ci ildə Səfəvi şahı I Təhmasibin, 1734-cü ildə Nadir şahın qoşunlarının işğalı ilə üz-üzə dayanmış, sarsıntılar keçirmişdisə də öz əhəmiyyətini itirməmişdir. 1747-ci ildə Nadir şahın ölümündən sonra Azərbaycan xanlıqlara, sultanlıqlara və məlikliklərə bölünmüş və bu zaman Qəbələ də ayrıca sultanlıq idi.

1841-ci ildə çar Rusiyasının Qafqazda apardığı islahatlar nəticəsində Azərbaycanda xanlıqlar ləğv edilərək quberniya və qəzalarla əvəz olunmuş və bu dövrdə Qəbələ rayonu Yelizavetpol (Gəncə) quberniyasının Nuxa (Şəki) qəzasının tərkibinə qatılmışdır.

18 avqust Kamil Seyid oğlu Məmmədovun doğum günüdür. Xalqımızın böyük ziyalısı, el ağsaqqalı, gözəl ata, baba, ulu baba, sizi doğum gününüz münasibətilə təbrik edirik, sizə möhkəm can sağlığı üç rəqəmli ili (111) başa vurmağınızı bizi yaradan o böyük Allahdan arzu edirik!

Dərin hörmətlə:  Feruz Səddinov (sinif yoldaşınız), Səməd Səmədov (dövlət qulluqçusu), Rəis Rəsulzadə (Əməkdar rəssam, iş yoldaşınız), Tofiq Ağamirzəyev (dövlət qulluqçusu), Simuzər xanım (həyat yoldaşınız), övladlarınız – Təranə xanım (tibb elmləri namizədi), Kəmalə xanım (pedaqoq), İlqar Məmmədov (hüquqşünas),  Mahmud Kərimov (iş adamı), Nəzakət xanım (jurnalist), nəvələriniz, nəticələriniz adından:

Fərman Məhəmməd Əzizli,

 hüquqşünas, Azərbaycan Respublikasının Maarif xadimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Qəbələ Rayon Ağsaqqallar Şurası idarə heyətinin üzvü, “Təhsil problemləri”, “Xocalının səsi”, “Paralel” qəzetlərinin, “Ziyalı” jurnalının xüsusi müxbiri

Bir yanıt yazın