Hörmətli redaksiya, xalqımız qədim zamanlardan şair xalq kimi tanınmış və bəşər mədəniyyətinə qüdrətli söz sərkərdələrini bəxş etmiş, bu günümüzdə də onların miras qoyduqları ədəbi məktəbindən bəhrələrnirlər. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, böyük şair Nizami Gəncəvini anadan olmasının 800 illiyi 1941-ci il ikinci Dünya müharibəsinin başladığı  ərəfəyə təsadüf etməsinə baxmayaraq, Leninqradda (indiki Sank-Peterburqda) düşmənin top mərmiləri altında bağlı bir yerdə şairin anım günü ədəbi ictimaiyyət tərəfindən qeyd olunmuşdur. Tədbirdə o dövrün Sovet Yazıçılar İttifaqının sədri Tixonov və başqa görkəmli ədəbiyyat xadimlərinin məruzələri dinlənilmiş Nizaminin poemalarında qələmə aldığı ümumbəşəri dəyərləri- ədalətli şah məsələsini, əmək adamlarına hörmət, ədalətsiz müharibələrə nifrət, insan ləyaqəti, onun toxunulmazlığı haqqındakı yüksək ümumbəşəri ideyalarını dilə gətirmiş və onları bir silah kimi faşizmin ifşasına yönəltmişlər.

Allahın uca qatında  peyğəmbərlər və övliyalardan sonrakı qatında  şairlər və söz adamları məqam tutmuşdur. Göründüyü kimi şairlik Allaha yaxın olan müqəddəs bir sənətdir. Şair göylərdən tək-tək adamlara nazil olan ilahi hədiyyə kimi səciyyələnir. Hər adam, hər əlinə qələm alan şair ola bilmir. Ancaq fitri istedad sahibləri həyatda uğur qazana bilirlər. Şair güclü tərbiyə vasitəsidir. Odur ki, Füzuli hər zaman şəxsiyyət tərbiyəsinə faydası olmayan, insanın zehnini qidalandıra bilməyən  ədəbi yazıların əleyhinə çıxırdı.

Klassik şair korifeylərimizdən sayılan ustad şair Füzuli yaradıcılığında şeirin ədəbi-nəzəri problemlərinə aid dəyərli  fikirləri bu gün də qiymətini itirməmiş, sənətkarlarımız indi də bu etibarlı mənbələrdən geniş şəkildə istifadə edirlər. Böyük sənətkar şeirin mənşəyi, onun mövzu və məqsədi, bədii əsərin məzmun və forması, əsərdə elmilik və obarzlılıq, təsvirdə sadəlik və aydınlıq, həyat həqiqətlərinə sadiqliyi bədii yaradıcılıqda həmişə ön plana çəkirdi. Füzuli ədəbiyyatın ədəbi nəzəri məsələlərini həm ayrı-ayrı elmi-fəlsəfi əsərlərində, həm də yeri gəldikcə digər yazılarında şərh etmişdir. Füzuli elmsiz şeiri “əsası yox divar” adlandırırdı.

Özülü,  əsası olmayan divar tez bir zamanda uçub dağıldığı kimi, məzmunsuz şeir də oxucular tərəfindən qəbul olunmadığından yaşaya bilmir, yaddaşlara həkk olunmur.

Bədii əsərin qarşısında qoyulan məsələlərdən biri də fikrin obrazlı şəkildə çatdırılmasındadır. Şair şeirlərində metafora, təşbeh, bədii təyin, mübaliğə, bədii sual, təkrir və digər ədəbi vasitələrdən istifadə etməklə əsərin estetik gözəlliyi təmin olunmalıdır.

Bütün bunlarla yanaşı, şeirin texniki cəhətdən işlənməsi onun estetik imkanlarını artıran amillərdən biridir. Şeirin texniki imkanları dedikdə şeirdə misralarda hecaların sayının gözlənilməsi, qafiyə və bölgü  sistemi, onun misra, beyt və bəndlərə bölünməsi və sair anlaşılır.

Şair olmaq həm şərəflidir, həm də şərəfli olduğu qədər də çətin və məsuliyyətli sənətdir.

Şairlərin keçdikləri həyat yolları heç də həmişə hamar, qayğısız olmur. Söz xiridarları qəlbinə hopmuş şeir toxumunu, mövzunu cücərtmək üçün ona ürəyinin hərarətini qatmalıdır, günlər, aylar boyu onunla həmdəm olub yaşamalıdır. Şairlər elin yolgöstərəni, məsləhət verəni olmaqla, gələcəyi görüb xəbər verən, insanları tərbiyələndirib həyat mübarizəsinə hazırlayan müqəddəs insanlardır. Xalq şairi Səməd Vurğun yazmışdır:

Nemətsə də gözəl şeir,

Şair olan qəm də yeyir…

Şairin mayasında istedad yükü olmalıdır. Mükəmməl şeir istedadın həm nəticəsi, həm də səbəbi kimi özünü göstərir.

İrəlidə  qeyd etdiyimiz kimi Azərbaycan xalqı istedadlı, yüksək mədəniyətli şair əxlaqdır. Bu xoş sözləri təkrarsız gözəlliyi ilə seçilən rayonumuz haqqında da deyə bilərik.

İsmayıllı torpağının yetirdiyi şəxsiyyətlərin şair və yazarların sayını sadalamaqla bitməz.

Rayonun “Dağ çiçəkləri” ədəbi məclisinin rəhbəri Şahməmməd Dağlaroğlu şeirlərin birində yazır:

Bu şeirin təhlilə heç bir ehtiyacı yoxdur. Sadə bir dildə yazılmışdır. Lakonikdir. Şeirin tələblərinə cavab verir. Doğru deyirlər ki, ən böyük hikmət sözün sadəliyindədir. Belə şeirlər oxuduqca sanki ruhumuz qidalanır, təzələnir, zövq alırıq. Doğma torpağımızın bütövlüyü gözümüz önüandə canlanır.

Rayonumuzda 1968-ci ildən şair və yazıçıları özündə birləşdirən “Dağ çiçəkləri” ədəbi məclisi fəaliyyət göstərir.

Dədə Qorqud Oğuz elinin qəhrəmanlarına ad qoyub sonda “Adını mən qoydum, ömrünü Tanrı versin”-deyib xeyir-duasını verdiyi kimi, xalq şairi Musa Yaqub da əbədiyaşarlıq arzulayıb yeni yaradılmış ədəbi məclisə “Dağ çiçəkləri” adını verdi. O gündən bəri neçə-neçə şair və yazıçı bu məkandan pərvazlanıb ədəbi mühitdə özünə yer tapdı. Məclis indi də işini uğurla davam etdirir. Hər ayın ilk şənbəsində yazarlarımız, xüsusi  ilə gənc şairlər toplaşır, yeni yazılmış əsərləri oxunub geniş müzakirələr aparılır. Bəyənilmiş yazılar “İsmayıllı xəbərləri” qəzetində dərc olunur. Bir ədəbiyyat həvəskarı kimi, bu yazıların  demək olar ki, hamısını oxuyuram. Hiss edirsən ki, rayonumuzda güclü ədəbi mühit formalaşır. Ümidverici şairlərimiz çoxdur, ona görə də ad çəkməkdə çətinlik çəkirəm.

Xalq şairi-Musa Yaqubun anım günü ərəfəsi olduğu üçün onun ədəbi ictimaiyyətimizin hələ də müzakirə obyekti olan məşhur “Bu dünyanın qara daşı göyərməz” şeirinə yazılmış çoxsaylı nəzirələrindən  bəzi nümunələrini (onların çoxsunu “Dağ çiçəkləri” ədəbi məclisinin üzvləri qələmə almışdır) hörmətli oxucuların nəzərinə çatdırmaq istədim.

Şair Məmməd Araz “Göyərdi” şeirində yazır:

Çox gözü var torpağına xor baxır,

Dan yerinə bəbəyində tor baxır.

Yüz də çevir, min də ələ torpağı,

Namərdiylə mərd yanaşı göyərdi.

Şair torpağa, Vətənə xor baxanları, gözü ola-ola kor olan naxələfləri qamçılayır. Dünyanın çatışmazlıqlar üzərində qurulduğunu: bir mərdin yanında bir mərdin də baş qaldırdığını dilə gətirir.

“Dağ çiçəkləri” ədəbi məclisinin yetirməsi Faiq Qurban “Bu dünyanın qara daşı göyərdi” şeirində yazır:

Daşdan-daşa dəyməmisən hələ sən,

Bu dünyanı xəlbirlə sən, ələ sən.

Qara daşa göz yaşları çiləsən,

Bu dünyanın qara daşı göyərər.

Diqqəti çəkən nəzirədir. Şair doğru olaraq qeyd edir ki, dünyamızın pozulan nizamını yalnız birgə əməli fəaliyyət dəyişə bilər.

Şair Xalıq Yusifoğlunun “Qara daşlar göyərməz” şeirində oxuyuruq:

Bir insanın baharı ki qış ola,

Atdığı daş öz başına tuş ola.

Müsibəti bu dünyada faş ola,

Göz yaşıyla qara daşlar göyərməz.

Şair haqqında söhbət gedən məsələyə daha konkret münasibət bildirərək göz yaşları tökməklə mövcud vəziyyəti dəyişmək mümkün olmadığını qələmə alır.

Şair Şahməmməd Dağlaroğlu bu məsələyə tam fərqli bucaqdan baxır:

Tutaq ki, oxşadıq, göyərdi bu daş,

Qara daş göyərsə, nə olacaq ki?

Göydən tac yağışı yağsa da, qardaş,

Başımıza düşən daşdı bizimki…

Göründüyü kimi, hər bir şair irəli sürülən problrmin həllinə öz bədii baxış prizmasından yanaşır. Bəzi qələm sahibləri dünyanın qara daşlarının göyərə bilməyəcəyi qənaətinə gəlirsə, digələri isə nikbin əhvala köklənib əksinə olaraq qara daşların nə vaxtsa göyərəcəyi ümidi ilə oxucunu baş-başa buraxır.

Bəzi tədqiqatçılar Musa Yaqubun “Bu dünyanın qara daşı göyərməz” şeirini Şairin bəxti gətirən şeiri adlandırmaqla onun istedad və bacarığını bəxtlə, təsadüflərlə bağlayaraq yaradıcılığına kölgə salmağa çalışırlar.

Musa yalnız təbiət  şairi deyil, təbiət şairi olduğu qədər də filosof şairidir.

Azərbaycan Yazıçılar Birliyinin Oğuz bölməsi 2017-ci ildə  yaradılmaqla üç rayonu İsmayıllı, Qəbələ və Oğuz rayonlarını əhatə edir. Birliyin sədri şair, publisist Vüsal Oğuzdur. Birliyin sədri 2021-ci ildə “Dağ çiçəkləri” ədəbi məclisinin 70 qələm sahibinin son dövrdə qələmə aldıqları şeirlərindən ibarət “İsmayıllı almanaxı” kitabını tərtib və nəşr etmişdir.

Deyilənə görə, Çində qeyri-adi bir gül yetişdirilir. Bu gül xırda ləçəkləri ilə örtülmüş bir çələngi xatırladır. Onun qeyri-adiliyi bir də ondadır ki, bu gülün hər bir xırda ləçəyi bir rəng çaları verir və hər bir ləçəyin özünəməxsus ətri, qoxusu ilə seçilir.

Bu gül çələnginin “Dağ çiçəkləri” ədəbi məclisi üzvlərinin ərsəyə gətirdikləri şeirləri, ədəbi yazıları ilə yaxın oxşarlığı vardır. Bu yazıların da hər birinin öz gözəlliyi, öz dəyəri vardır. Odur ki, məclis üzvlərinə və rayonumuzun çoxsaylı qələm əhlinə yaradıclığında bahar ətri, bahar təravəti arzulayıram.

Heydər Xəlilov,

Sumağallı kəndi

Bir yanıt yazın