Səni daim xatırlayar nəsillər
Ömür boyu tikdin, qurdun, yaratdın
Səni daim xatırlayar nəsillər.
Əl çatmayan göydələnlər ucaltdın,
Şahid durur buna illər, fəsillər.
Qartal kimi, zirvələrdə dayandın,
Unudarmı bu zirvələr, bu dağlar.
Sən xalq üçün xalqdan qabaq oyandın,
İstisini səndən aldı ocaqlar.
Ötər illər, qərinələr, əsrlər…
Getməz adın yaddaşlardan, yadlardan.
Səni daim xatırlayar nəsillər,
Ömrün keçib alovlardan, odlardan!
Mövlud Teymur
Mən kövrəlirəm
Bir az bu dünyanı məzəmmət edib,
Dalıram özümə, mən kövrəlirəm!
Yanar ocağımda isinmir əlim,
Qaralan közümə mən kövrəlirəm!
Gecələr oyağam səhərə qədər,
Tablaşıb hicrana, dözüb birtəhər,
Ürəyimdən qopan şirin nəğmələr,
Alışan sözümə mən kövrəlirəm!
Heç yerdə, heç yanda yoxdur qərarım,
Yetişib payızım, ötüb baharım,
Bu haqsız dünyada keçib güzarım,
Qoyduğum izimə mən kövrəlirəm.
Xoşbəxtəm söyləmək deyildir asan,
Kimə bel bağlayıb, harda durasan?
Dərdimi boynumdan mənəmsə asan,
Baş qoyub dizimə, mən kövrəlirəm!
Bu yanda həyat var, o yanda ölüm,
Bükübdür boynunu çiçəyim, gülüm,
Köksümün solunda qalıbdır əlim,
Üç arşın bezimə mən kövrəlirəm!
Murad Məhərrəm
Qaldı
Mən sənə “sevirəm” deyə bilmədim,
Düşüb dodaqlarım kilidə qaldı.
Qəlbimdə şam kimi yanan həsrətin,
Ömrümü əridə-əridə qaldı.
Baş qoya bilmədim bir an balınca,
Keçirdin qaşınla məni qılınca.
Şirin xəyalınla çəkib dalınca,
Kölgə tək sürüdə-sürüdə qaldı.
…İçdim göz yaşlarım təbimi vurdu,
Cılız bədənim də ruhuma dardı.
Hıçqıra bilsəydim, kimsə duyardı –
Heyif ki, kiridə-kiridə qaldı!..
Cəbrayıl Hüseyn
Bir ürək döyünür…
Bir ürək döyünür köksümdə mənim,
O məni yaşadır, sən ürəyimi.
Qəlbimin könlümlə söhbəti tutur,
Güldür göynətməsin, qəm ürəyimi.
Üzmə ürəyimi, özünsən orda,
Qəlbim mənə məxsus, ürəyim sənə.
Çıxarıb qəlbimi ata bilərəm,
Bir ürək rəsmini göndərsən mənə.
Qəlbimi köksümə sıxıb, yatıram,
Ürəyim sənlədir, yatırmı o da?
Könlüm, tək, cismimin keşikçisidir,
Qoru ürəyimi, düşməsin oda!
Rüstəm Məbudoğlu
Deyərək
Yaşayaq ömrümüzü hər nə ki var, can deyərək,
Etməyək zay onu qeybətlərə dastan deyərək.
Yaradan gör nə nizamla yaradıb kainatı,
Məxluqat əşrəfini yaratdı insan deyərək.
Balıq ümmanda gərək, bülbülə ver gülzarı,
Aslanı ormana ver, düzlərə ceyran deyərək.
Cahilin ömrü puç oldu, gənci-gövhər yarada,
Dahilər verdi, fəqət, qiyməti dövran deyərək.
Validə sevgisini qaytara bilməz bir kəs,
Şəmi-övladə yanar ömrünü qurban deyərək.
Mənə ustad kim olub, mən ki əruz bilməzdim,
Vahidin nəzmi gəlir usta qəzəlxan deyərək.
Tərlanam, yox imanı qürbətə cənnət deyənin,
Sarılmışam Vətənə Azərbaycan deyərək.
Tərlan Saleh
Bax
Demirlər ayaq üstə qalma, otur, dərdi de,
Kədər üçün sayılan, dərdçün olan yerə bax.
Atalar demiş: – “Üstə gəlməyir ki, üç ola”,
Artmayan, çoxalmayan ikiyə bax, birə bax.
Gəlib dərdi deyəcək mən dilsizə, mən lala,
Başa düşüb halını, dözməyəcəm məlala.
Az zaman kəsiyində salasıdır nə hala,
Naşı əlinə düşən naxışa bax, zərə bax.
Qarışdırma fərəhlə – sevinc ayrı, qəm ayrı,
Çoxa tay tutma azı, çox ayrıdı, kəm ayrı.
Dərd-bəla baxımından o ayrıdı, mən ayrı,
Onu onu kimi gör, mənə mənə görə bax.
Tülü tülkülüyündə olur daim peşədə,
Hardan alarsa dəvət, gələndi görüşə də.
Elə-belə yerdə yox, meşə kimi meşədə,
Çaqqal yolu gözləyən pələngə bax, şirə bax.
Diz çökdürür önündə, döndərir yumaqlara,
Ləkə salmış olurlar gözlərdəki ağlara.
Neynəyirsən görəsən, baxasan qorxaqlara,
İgid kimi igidə, nər kimi də nərə bax.
Tamam Qaraca (Nur Tağlabiyanlı)
İlk sevgi
Vüsala çatsaydı ilkin sevgimiz,
Gənclikdən xatirə qalardımı heç?!
Dalıb xəyallara pünhan-gizlicə,
Gözümüz boşalıb-dolardımı heç?!
İlahi sevgiydi-deyildi saxta,
Etmədi şikayət qədərə, baxta,
Belə olmasaydı bu ahıl vaxtda,
Ürəkdə alışıb yanardımı heç?!
Yanıb gizlin-gizlin o atəşlərə,
Bakirə bir sevgi yaşadır hərə,
Nəşə verməsəydi, bəs əbəs yerə,
Pərvanə odlara qonardımı heç?!
Fizuli Zərnavalı
Düşüncələr…
Fikir, xəyal sonsuzdur,
Arzu, əməl möcüzə.
Günəş böyük ulduzdur,
Qida verir gündüzə.
Tanrı verən hökmdür,
Təsəvvür et bir anlıq.
Hər şey məhvə məhkumdur,
Dünya olsa qaranlıq.
Gördüyümüz nə varsa,
Onlar ilə xoş dolan.
Hörmətə layiq olmaz,
Bu dünyada boş qalan.
Qəhrəman Eloğlu
Atama hədiyyə
Atam doğulduğu gün
Dünyaya gəlmişəm mən.
Özümü atam üçün
Hədiyyə bilmişəm mən.
Bir təzə-tər qönçəyəm,
Balasıyam atamın.
Bənövşədən incəyəm,
Laləsiyəm atamın.
Beş qardaşın bacısı,
Gözünün nuruyam.
Yox dilimin acısı,
Sudan da saf, duruyam.
Anam çəkir nazımı,
Sanki hələ körpəyəm.
Gələ, çəkə nazımı,
Kaş bir də “Ata!” deyəm.
Nəzifə Təhməzqızı
Düşüncələr
Dünyadan köçənləri
Bir an unutmaq olmur,
Xatirələr dindirir
qəlbini gecə-gündüz.
O dayanıb, gedirsən,
Gedirsən, çatmaq olmur,
Əl eləyir, gəl, deyir,
Yol gözləyən, gülən üz…
Nizami Göyçəli
Məni utandırma
Hər kəlmənin ölçüsü var,
Dilim, məni utandırma.
Guruldama, könül qırar,
Zilim, məni utandırma.
Göllənə bil dama-dama,
İnsanlığın qoyma dama.
Əyriləri alqışlama,
Əlim, məni utandırma.
Pis günləri seç ömürdən,
Dəstələyib biç ömürdən.
Halalləqla keç ömürdən,
İlim, məni utandırma.
Sevgisindən düşüb dara,
Ruhum küskün, qəlbim yara.
Borcum qalıb balalara,
Ölüm, məni utandırma!
Xatın
Gözəlliyə gözünlə bax
Gizlən buludun gözündə,
İstəsən ağla, istəsən gül.
Gəz, dolan göyün üzündə,
Dumanı qov, çəni də sil.
Hərdənbir günəş olub çıx,
Nura boyansın bu dünya.
Hərdənbir ildırımtək çax,
Küləklə gizlənpaç oyna.
Yazı, qışı bilinməsin,
Gözəlliyə gözünlə bax.
Gözlərindən silinməsin,
Bir xatirə könlünə tax.
Mehriban İbrahimova
Qaldı
Urvatı tükəndi dəyirmanların,
Ümidi axırda dənimə qaldı.
Kəpəyi mən yedim, ununu harın
O da düşdü elə günümə qaldı.
Gücdən mətahı yox bu gücsüzlüyün
Əlində əsirdir ikiüzlüyün,
Tutub ətəyindən getdim düzlüyün,
Döndü imanıma, dinimə, qaldı.
Şirin arzu idi- ol! – düzəlmədi,
Tişə götürməyə pul düzəlmədi
Bu diş-dırnaq ilə yol düzəlmədi,
Daş-kəsək tökülüb önümə, qaldı.
Yolu dolanbacdı zirvə aşmağın,
Dirəndim, ayaqdan çıxdı başmağım.
Mənim qeyrilərlə ayaqlaşmağım,
Zalım mələk bilən yönümə qaldı.
Bağlandı hesabım, bitdi tənliyim
Topladım kədəri, çıxdım şənliyi.
Çoxunun pul, şöhrət oldu mənliyi,
Mənim də gümanım “mən”imə qaldı.
Şahlar Hacıyev
Qalıb
Hər sınıq daşında bir xatirə var,
Bu evin qapısı qonaqsız qalıb.
Dağılıb-tökülüb, olub tarimar,
Sönüb odu-közü ocaqsız qalıb.
Nə gəlib-gedəni, nə baxanı var,
Nə açıb-örtəni, nə çıxanı var.
Ağlayıb, gözündən yaş axanı var,
Günəşsiz, işıqsız, çıraqsız qalıb.
Nailə Yırğançaylı
Bir az sevgi göndər
Bənövşətək gizli küsmə,
Sazaq kimi yolu kəsmə.
Unutmağa gəl tələsmə,
Mənə bir az sevgi göndər.
Hər ağacın öz yarpağı,
Ürəyimin eşq ortağı.
Qonaqsızdır qırx otağı,
Mənə bir az sevgi göndər.
Dağ-dərədə çənə dönmə,
Şəbnəm olub gülə enmə.
Yağış kimi hey çilənmə,
Mənə bir az sevgi göndər.
Çiçəklər açıb çəhrayı,
Vüsalımın sevinc payı.
Ömrümün Günəşi, Ayı,
Mənə bir az sevgi göndər.
Yaşıl çəmən bəstəsindən,
Nərgiz, lalə dəstəsindən.
Şəlalələr nəğməsindən,
Mənə bir az sevgi göndər.
Surə Ziyadqızı
Qoru
Ürəyim açılır elim güləndə,
Allahım bu eli bəladan qoru.
Eldə bu misalı deyib babalar:
Çörək bişmiş olsun, sularsa duru.
Bir insan görməsin heç vaxt dərdi-qəm,
Yanaqlar islanıb heç olmasın nəm.
İnsanlar o qədər xoşbəxt olsun ki,
Gözəllikdən yazsın hər zaman qələm.
Nə gözəl, sakitcə keçə hər günün,
Sevdiyin hər kəsə tez yetə ünün.
Bircə yol darıxıb sıxılmayasan,
Hər an güclü ola həyatda önün.
İnsanlar bir-birin tez düşə başa,
Gözəlliyə edə gözlər tamaşa.
Dünyamız o qədər gözəl olsun ki,
Kasıbla varlılar girsin yarışa.
Allahım, dünyanı salamat elə,
Hər yetən yaşasın şən, gülə-gülə.
Bir ürək qırılıb fəryad etməsin,
Bir ocaq alışıb dönməsin külə.
Xuraman Baxış
Yerin cənnət olsun
44 günlük Vətən müharibəsinin dünyasını dəyişmiş qazisi Haşım üçün
Alnıaçıq çıxdın çox imtahandan,
Vətən əziz oldu sənə canından.
Yaralı can ilə köçdün dünyadan
Amma anılırsan, yaddasan hər an.
Soyuq məzarına düşür göz yaşım,
Yerin cənnət olsun, Haşım, ay Haşım.
Keçdi səngərlərdə gənclik illərin,
Çəkdin qayğısını yurdun, ellərin.
Sən də qırx dörd günün bir qəhrəmanı-
Mərdliyin, hünərin dillər dastanı.
Hamı dedi sənə dostum, qardaşım,
Yerin cənnət olsun, Haşım, ay Haşım.
Baban hərbçi idi, o yolu seçdin,
Rütbələr qazanı, irəli keçdin.
Güllələr yağdırdın düşmən başına,
Ölüm yaraşmırdı cavan yaşına.
Varsa mərd oğullar, yoxdur təlaşım,
Yerin cənnət olsun, Haşım, ay Haşım.
Həyatın dəyişməz qanunları var,
Şəhid, qazi qəbri – əbədi bahar.
Şərəfli ad qalır, ömür, gün gedir,
Hamı qürur duyur, dualar edir.
Ölməzlik qazanmış bir vətəndaşım –
Yerin cənnət olsun, Haşım, ay Haşım.
Şərqiyyə Balacanlı

