Qəbələ
Zirvəsi buludlu dağlar səndədi.
Ətirli, meyvəli bağlar səndədi.
Deyirəm, nə gözəl çağlar səndədi.
Ay bizim Qəbələ, bizim Qəbələ.
Qozların qaldırsın göyə boyunu,
Şonqar bulağının içək suyunu,
Hər gənc övladının görək toyunu,
Mən də o toylarda süzüm Qəbələ.
Tahirli Şərifin yaxın həmdəmi,
Nəğməkar oğlumdur, Hacıyev Təmi.
Hələ tökməmişdən güllər şəbnəmi,
Səhərlər dəstəylə üzüm, Qəbələ.
Sapı özümüzdən olan balta
Meşəyə dedilər yeni xəbər var,
Səni qırmaq üçün gəlir adamlar.
Meşə inanmadı deyilən sözə,
Düşündü biz çoxuq, güc çatmaz bizə.
Dedilər insandı, əlində bir şey,
Özü poladdandır, kəsir, tökür hey,
Adısa baltadır, sapı da bizdən.
Bax indi inandım deyilənə mən.
Söylədi meşə, indi şübhəm yox,
Sapı bizdəndirsə qorxuludur çox.
Tahir Şəriflidən
Qəbələyə gedirəm
Uşaqlar üçün
Bar bəhrəli payız gəlib,
Qəbələyə gedirəm mən.
Sərin günlər çox tez gəlib,
Əl çalıram sevincimdən
Qəbələyə gedirəm mən.
Armud əyib budağını,
Alma silib yanağını,
Bağ gözləyir qonağını,
Gərək dərəm meyvələrdən.
Qəbələyə gedirəm mən.
Zəng eyləyir nənəm mənə,
Çağırıbdır dönə dönə
Atam ilə bugün yenə,
Sözə əməl edirəm mən
Qəbələyə gedirəm mən.
Şakir Xəyal
Haqq ədalətlə birgə çəkilir adın
Allah adam, qələm dostum Şakir Xəyalın 89 yaşına
89 ildə çox vaxt öz qayğılarını unutdun,
Xalqın dərdini unutmadın,
Şərəfsizləri söz gülləsinə tutdun,
Çox vaxt yekə başların harın nəsihəti səni bezdirdi yordu.
Məhəbbət sözünün kölgəliyində
Hicranın özü də şirin əzab oldu.
Zəmanə səni çox bərkə boşa saldı,
Paxıllığını çəkənlərin paxıllığı özünə qaldı,
Can atsa da korlaya bilmədi.
Səni nə hakimiyyət nə də pul,
Təkcə qələmindən çıxan yazılarına oldun qul
Çünki sən allahın ağlamağını da görmüsən, gülməyini də.
Kirpiyində dincələn göz yaını silməyini də.
Geniş ürəkli insan
Xeyriyyəçi Faiq Hüseyn oğlu İbrahimova
Ürəyi genişdir, dəniz tək qədər,
Xalqına həmişə köməklik edər.
Olduqca sadədir onun xilqəti
Eldə çox ucadır, ad san hörməti.
Savab əməlləri minlər ilədir.
Işləri qurtarmaz saysan birbəbir,
Xızır İlyas kimi yetişir dada.
Çalışır bir kimsə getməsin bada,
Nəcib əməllərin sayıram hərdən
Neçə yıxılanı qaldırıb yerdən
Neçə neçə gözdən silibdir yaşı
Odur ki, dağ qədər ucadır başı.
Kasıba fağıra uzanıb əli
Bunun üçün qəlblərdə vardır heykəli.
Doğma Qəbələnin bu vətəndaşı
Sap-sağlam yaşasın yüz əlli yaşı!
Fərman Əziz
Evin yaraşığı
Evin yaraşığı, evin bəzəyi.
Qadındır, qadınsız ev nəyə bənzər.
Ocağı yansa da o ev isinməz.
Qadın hərarəti olmasa əgər.
Qadınla bərabər yaranıb həyat,
Qadındır dünyanın əşrəfi məncə
Analıq qadının tacıdır, əlbət.
Anasız körpələr möhtac sevincə
Əmirxan Burzuyev
Heç
Pula səcdə edən kəslər,
Pula səcdə düşürmü heç?
Ay qibləsi, haqqı tərslər,
Odsuz yemək bişirmi heç?
Öz həddini kim ki aşar,
Düz yolunu bir gün çaşar,
Tuluq olsun yaxud da şar,
Üfürməsən şişərmi heç?
Demə Cəlil haqdan doyub,
Dərd qəlbimi elə oyub…
Ağlı olan eli qoyub,
Yaddan arxa seçərmi heç?
Cəlil Xeyirbəy
Yadında saxla
Ey insan dayan!
Düşün anbaan!
Eşit hər zaman!
Yaşamaqda səs küyü,
Eyş-işrəti yox,
Mənanı qan.
Yaşamaq keçən zaman deyil.
Yaşamaq mənalı ömürdür,
Ömrü zamanla yox,
Əməklə ölç.
Halal zəhmət yaşamaq deməkdir.
Zəhmətsiz keçən ömür,
Ömür deyil.
Küçə qadını ilə tanış olmaq kimidir.
Haram mal toplamaq,
Küçə qadını ilə evlənmək kimidir.
O əvvəl-axır sənə xəyanət edəcəkdir.
Bunu yadında saxla, yaşa!
Sədiyar Səfərəliyev
